Nə yazım? -Təranə ARİFQIZI yazdı

“Elə bil bu aralar yazmırsan axı. Saytda gözlərim hey imzanı axtarır”.

Gülümsünürəm: – Nə yazım? O anda da Sabirin məşhur şeirinin misralarını xatırlayıram:

Şairəm, çünki vəzifəm budur, əşar yazım,
Gördüyüm nikü bədi eyləyim izhar, yazım.

Düşünürəm ki, mütləq nəsə yazmaq lazımdır. Əgər oxucu səni oxumaq istəyirsə, yazmamağa haqqın yoxdu. Lap işin işinə qarışsa da, xəstəlik əhədini kəssə də, yazmağa imkan verməsələr də, yazmalısan. Gündüz gün işığı azlıq eləsə, gecə ay işığında, ulduz işartısında, lap elə telefon işığında yazmalısan. Səni düşündürən, səndən keçən, sənin işinə qarışan, yolunu kəsən hər şeydən yaza bilərsən. Çox zaman qəbul etməsələr belə, yazmaq yazanın, jurnalistin borcudur.

Kompüterin arxasına keçirəm. Gözəl bir başlıq yazıb dayanıram. Məsələn: “Dəmir yumruğun Polad həlqəsi”… Elə bunun altından iki hissəli bir roman yazmaq olar. İkinci hissənin də adı “Generalın övladları” olar. O övladlar ki, onu qanını yerdə qoymadılar. Başlayıram yazmağa:

“Hələ böyük zəfərin başlandığı ilk günə yetmiş yeddi gün qalırdı. İyul ayının yandırıcı istisində General, cəzalı əsgərini meydançada on dövrə qaçırtmaqla bilmədən onu sabahın ağır döyüşünə hazırlayırdı. Qarşıdakı dörd gündə  isə həyatının ən qürurverici, yaddaqalan və yaddaşlarda qalan günlərini yaşayacağını hələ bilmirdi. Növbətçi əsgərin addım səslərindən başqa bütün kazarmada səssizlik hökm sürürdü. Əsgər son dövrəni vurub dayandı. Generala hərbi təzim edib, getmək istədi. Generalıın amiranə səsi eşidildi:

– Əsgər, dayan!

Dayandı və sərrast addımla geri çevrilib onun gözlərinə baxdı. Generalın gülümsər çöhrəsi, zəhmli qara gözləri ilə həmahəng idi. Sanki xeyirxahlıq mələyi həqiqət pərdəsinə bürünüb onun simasından boylanırdı.

– Elə bil bayaq futbola baxmaq istəyirdin. Gəl gedək mənim otağıma, bir yerdə baxaq. İtalyanlar ingilislərlə oynayır deyəsən, hə?

Əsgər onun bu sözləri rəsmiyyəti aradan qaldırmaq üçün dediyini bilsə də, cavab verməyə çəkindi.

– Çəkinmə, gəl görüm… – General, ata qayğısı ilə qolunu əsgərin boynuna salıb, kazarmanın içərilərinə doğru apardı…

Generalın bu hərəkəti rusların “slujba slujboy, a drujba drujboy” məsəlini xatırlatsa da, onun özünəməxsus xarakteri heç bir şeylə müqayisə edilməzdi…”

Fikrimdə Generalın bütün həyatını canlandırıram. Amma hardasa lentlər qırılır. Qırılsa da, bu, bir insan həyatının bütövlüyüdü, müqəddəsliyidi, əbədiliyidi. Ağır döyüşlər, düşməni yerinə oturtmaq əzmi, Generalın polad iradəsi relsdə gedən qatar kimi beynimdə dolanır. Özümü azğın düşmənlə savaşda hiss edirəm. Topların, minamiyotlarin, avtomatların  qulaqbatırıcı səsləri içimdə dərin bir sükut yaradır. Düşmənin əsas hədəflərini nişan alan PUA-lar göydə qartal kimi süzərək düz obyektin mərkəzinə sancılır. İçimdəki sükutun içində bir  insan addımlayır. O, hər yerdə görünür. Mərkəzdən tapşırıq alır. Komandir kimi zabit və əsgərlərə döyüş tapşırığı verir. Öndə müharibənin içində ildırım kmi irəli şığıyır. Əsgərlərini qələbəyə ruhlandırır. Yaralı əsgəri döyüş meydanından çıxarır, yarasını sarıyır. Gün batmağa doğru getsə də, arabir güllə səsi eşidilir. Quru torpağın, daş kimi daşın üstündə əsgər paylarını yeyən döyüşçülərin arasında dolanır. Onların yanında oturur. Evlərindən, ailələrindən danışır. Onlarla kədərlənir, onlarla sevinir. Bütün əsgərlər onu izləyir, sözünə qulaq kəsilir. Ona müqəddəs insan kimi rəğbətlə, məhəbbətlə baxırlar…”

Deyəsən, yazmağa köklənirəm. Bu an adımın çağrıldığını eşidirəm:

– Siz verilişi montaj etdinizmi?

Fikirli nəzərlərlə baş redaktorun üzünə baxıram. Ağlımla dilim eyni sözü demir:

– Etmişəm… Bəli, montaj etmişəm, hazırdı.

Qapı örtülür. Gözlərimi yumub gedənləri geri qaytarmağa çalışıram. Beynimin yaddaş tərəfini qurdalayıram. Son vaxtlar yaman unutqan olmuşam. “Gedənlər geri qayıtmaz” ifadəsini qəbul etmirəm. Onlar nə zamansa qayıdır. Bir az geci-tezi var. Kiminsə üz cizgilərində, kiminsə səsində, kiminsə xarakterində qayıdır. Yazı da belədir. Gəlməyini deməz. Birdən gələr. Gözlədiyin, amma nə zaman təşrif buyuracağını bilmədiyin qəfil qonaq kimi. Bir də görürsən qara bir qələmin ucundan gözlərinin içinə baxır. “Məni tanıyırsanmı?” – sualı ilə. Mən gülümsünürəm. Çünki hərəkətləri tanışdı. Gözlərimin önündə, əlimdə-ovcumda böyümüş birini əlbəttə tanıyıram. Və canı-könüldən onunla söhbətə başlayıram. Təzə tanıyanda nə qədər təcrübəsiz idisə, indi özünə güvənlə, əzmlə qarşıma çıxıb, mən buyam – deyirdi. Və onunla söhbətimiz cox səmimi olur. Tərəddüdsüz ona qulaq asıram. Məni öz dünyasına qonaq aparır.. Mən məndən çıxıram…

Əgər zəncirin bir həlqəsi qırılarsa, onu əvvəlki halına qaytarmaq çox çətindi. Amma qırılan həlqə zənciri çəkib qırmaq istəyənin başına dəyir. Özü də böyük zərbə ilə. Hələ o həlqə poladdan olarsa, ondan həqiqətən qorxulur. Çünki polad sınar, amma əyilməz.

“Onlar Generalın olduğu yerin koordinatlarını haradan bilmişdilər? Niyə General özünü qorumağı unutmuşdu, ya da ki, onu qorumamışdılar? Sonra öz dediyimi özüm təkzib eləyirəm: – Bəli, General idi, şair, rəssam, bəstəkar deyildi. Əsasən böyük savaşlarda uzaqgörən başçı xalqa lazımlı, dəyərli insanları – sənətkarları mühafizə edir, onların döyüşə getməsinə izn vermirdi. Amma özü öndə gedirdi. Biz Şah İsmayıl dövrünü yaşayan, onu haqq, nahaq tərəfi ilə qəbul edən müsəlmanlarıq. Tarix çox qəliz məsələdi. Burdan bir haşiyə çıxım: oxucum məni başa düşməkdə çətinlik çəkər deyə bir fikrə aydınlıq gətirmək istəyirəm. Yazdıqlarım şəxsi fikrimdi. Çaldıran döyüşündə Şah İsmayıl məğlub oldu və ondan sonra heç bir döyüşdə iştirak etmədi. Yəni Səfəvilər dövləti süquta uğradı. Əslində, o döyüşdə biz bizi məğlub etmişdik. Bəylər paşalara məğlub olmuşdu. Bu yerdə məşhur bir kəlamı xatırlamamaq mümkün deyil – “Türkün türkdən başqa dostu yoxdu”. Amma vaxtılə türkün türkdən güclü düşməni də olmayıb. Osmanlı İmperiyası Səfəvi İmperiyasına qalib gəlib. Kaş ki, dost olsaydılar…

Şah İsmayılla bağlı oxuduğum əsərlər çox olub. Həmişə də dövlət başçısı kimi, həm də gözəl şair kimi onunla qürur duymuşam. Ağqoyunlu, qaraqoyunlu, göytürk soz birləşmələrini fikrimdə qəbul etməmişəm. Bu nədi, bir milləti iki yerə, on yerə, yüz yerə bölmək üçün bu adları uydurublar. Gərək varmıydı yəni? Bu adlardakı rəngləri qarışdırıb dünyanın ən gözəl rəngini almaq, ən güclü dövlətini yaratmaq olardı. Necə də sadəlövhəm, deyilmi? Vallah, bu siyasət mənlik deyil. Şair gərək şeiri, aktyor rolu, rəssam rəng deposu, müğənni mahnısi ilə, jurnalist də düzü düz, əyrini əyri yazmaqla məşğul olsun. Yol çəkən yolunu çəksin, ev tikən evini tiksin, ev yıxanın da öz işi var, təbii ki. Nə isə. Siyasətlə qoy siyasətçilər məşğul olsun.

Söz sözü gətirdi, mən də qələmin könlünə dəymədim. Sonunda yazan odur, mən deyiləm.  Ürəyim diktə elədi amma. Məmməd Araz vaxtilə belə yazmışdı:

Çox oldu ürəyinin diktəsinə baxmadın,
İlğımlar qova-qova yulğunlar qucaqladın,
Sən ağlından qəlbinə gedən yolu bağladın…

Heç vaxt ağlınızdan qəlbinizə gedən yolu bağlamayın. Yoxsa dünyanın ən gözəl və ən çirkin planetində yaşamağa haqqınız olmaz

 

Share: