Ulu Öndərin sadiq silahdaşı

İyunun 15-də Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Heydər Əliyevin qayıdışı yolunda fəal mübarizə aparmış dəyərli ziyalılardan biri professor Murtuz Ələsgərov olmuşdur.

Görkəmli alim, dövlət xadimi və böyük ziyalı Murtuz Ələsgərovun adı müasir Azərbaycan tarixinə parlaq hərflərlə yazılmışdır. O, hüquq elmləri doktoru, professor, Azərbaycanın əməkdar hüquqşünası kimi yüksək titullara gərgin zəhməti sayəsində nail olmuşdu.

1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq Fakültəsinə daxil olan Murtuz Ələsgərov onu 1950-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. SSRİ Elmlər Akademiyası Dövlət və Hüquq İnstitutunda “İranın işlərinə müdaxilə beynəlxalq hüququn aşkar şəkildə pozulmasıdır” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək 1953-cü ildə hüquq elmləri namizədi elmi dərəcəsi almışdır.

1954-cü ildə Murtuz Ələsgərov fəaliyyətini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Dövlət hüququ kafedrasında baş müəllim kimi davam etdirdi. 1956-cı ildə dosent vəzifəsinə təyin edildi, bir il sonra Beynəlxalq Hüquq kafedrasının müdiri seçildi. Murtuz Ələsgərov bu vəzifədə səkkiz il çalışdı. 1965-ci ildə isə ömrünün sonuna qədər uğurla çalışdığı Dövlət hüququ kafedrasının  müdiri seçildi. 1968-ci ildə Azərbaycan Dövlət Universitetində “SSRİ-nin Asiya və Afrikanın gənc müstəqil dövlətləri ilə beynəlxalq hüquq sahəsində əlaqələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edən Murtuz Ələsgərov hüquq elmləri doktoru elmi dərəcəsini aldı. O, bu sahədə ilk azərbaycanlı beynəlxalq hüquq professoru oldu. Hüquq elmləri doktoru, professor Murtuz Ələsgərov universitetlər üçün “Siyasi nəzəriyyələr tarixi” dərsliyinin həmmüəllifidir və 1965-ci ildə Moskvada nəşr olunmuş və 1971-ci ildə yenidən çap olunmuş “Azərbaycanda siyasi nəzəriyyələr” bölməsinin müəllifidir. “SSRİ-də milli dövlət quruluşu” (Moskva, 1982) adlı monoqrafiyaya daxil olan Azərbaycanın milli dövlət quruluşu hissəsinin  müəllifi də Murtuz müəllimdir. Eyni zamanda, o, 1970-ci ildən Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin elmi-məsləhət şuralarının üzvü olmuşdur.

Professor Murtuz Ələsgərov beynəlxalq və konstitusiya hüququ sahəsində nüfuzlu mütəxəssis kimi tanınmışdır. Onun  bütün elmi-pedaqoji fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlıdır.  Murtuz Ələsgərovun rəhbərliyi altında hüquq elmini inkişaf etdirmək üçün hazırlanmış onlarla kitab, elmi məqalə və monoqrafiya nəşr olunmuşdur. O, monoqrafiyalar, dərsliklər və dərs vəsaitləri daxil olmaqla 200-dən çox elmi əsərin müəllifidir. Professor M.Ələsgərov bütöv bir elmi məktəb yaradaraq minlərlə ixtisaslı hüquqşünasın yetişdirilməsinə böyük töhfə vermiş, böyük hüquqşünaslar ordusu tərbiyə etmişdir. Bir çox gənc alim onun rəhbərliyi altında elmi dərəcə almışdır. Murtuz müəllim yarım əsrdən artıq bir dövrü əhatə edən çoxşaxəli fəaliyyəti ilə Azərbaycan elminin və təhsilinin inkişafına layiqli töhfə vermişdir.

Murtuz Ələsgərov təbiətən dürüst, fədakar, ədalətli və cəsarətli insan idi, ədalət və qanunun müdafiəsində həmişə prinsipial mövqe nümayiş etdirirdi. Murtuz müəllim güclü dövlətə, cəmiyyətin rifahına, təhsilin inkişafına və  ədalətin təntənəsinə nail olmağı öz vəzifəsi kimi görürdü. O daim qanunçuluğun zəfər çalmasına səy göstərmiş və daşıdığı vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Onun həyat prinsiplərinin mənasını və təməlini qanunun keşiyində durmaq təşkil edirdi.

Murtuz Ələsgərov Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmləndirilməsi dövrünün tale yüklü hadisələrinin fəal iştirakçısı kimi həmişə respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə qətiyyət və əzmkarlıq nümayiş etdirərək həqiqi vətəndaş mövqeyi göstərmişdir. O, Yeni Azərbaycan Partiyası Sədrinin müavini olaraq genişmiqyaslı siyasi fəaliyyətlə məşğul olmuşdur.

Murtuz Ələsgərov 16 oktyabr 1996-cı ildə Milli Məclisin sədri seçilmiş və  2005-ci ilin dekabrına qədər müstəqil Azərbaycan Respublikasının qanunverici orqanına uğurla rəhbərlik etmişdir.

Murtuz Ələsgərovun ömür yolunun ən şanlı səhifələri Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtması uğrunda mübarizədə fəal iştirakı ilə bağlıdır. Murtuz müəllim alimə xas analitik düşüncəsi ilə dərk edirdi ki, Heydər Əliyev hakimiyyətə gəlmədən müstəqilliyinin möhkəmləndirilməsi ilə bağlı taleyüklü problemləri həll etmək mümkün olmayacaqdır.

O dövrdə respublikada milli-azadlıq hərəkatı genişlənirdı, istiqlal ideyaları ictimaiyyətin düşüncələrinə hakim kəsilmişdi, O vaxtkı adı ilə Azərbaycan Dövlət Universiteti bu mübarizənin mərkəzlərindən biri idi. Murtuz müəllim universitetin kafedra müdiri, elmlər doktoru kimi cəmiyyətdə böyük nüfuza malik idi. O, çoxlu  çıxışlar edir, qəzetlərdə məqalələr yazırdı.

1990-cı illərin əvvəllərində Ayaz Mütəllibovun, sonra Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Murtuz Ələsgərov Heydər Əliyevə dəstək mitinqlərinin əsas təşkilatçılarından və ən fəal iştirakçılarından biri idi. Heydər Əliyevə dəstək mitinqləri Bakı Dövlət Universitetinin qarşısında, daha sonra parlamentin qarşısındakı meydanda keçirilirdi. 1992-ci ildə Murtuz Ələsgərov tərəfdaşları ilə birlikdə prezidentliyə namizədlərin yaş məhdudiyyətinin (65 yaş) ləğvi uğrunda mübarizənin ön sıralarında idi. Bu müddəa 1990-cı ildə keçirilən prezident seçkiləri zamanı tətbiq olunmuşdu, Əliyev tərəfdarlarının bütün səylərinə baxmayaraq, bu hüquqa zidd, məhdudlaşdırıcı normanı ləğv etmədilər.

Murtuz Ələsgərov əliyevçi əqidədaşları ilə birlikdə hər hansı təhlükədən çəkinmədən bu tədbirləri təşkil edirdi. Qocaman professor Heydər Əliyevə dəstək mitinqlərində xüsusilə ürəkdən iştirak edir, bütün gücünü bu ülvi amalın gerçəkləşdirilməsinə yönəldirdi. Halbuki o dövrdə  əliyevçi ziyalıların  təhlükəsizliyinə heç bir təminat yox idi. Onların gücü Ulu Öndərə inamında və sevgisində idi.

1990-cı ilin payızında Heydər Əliyevin Azərbaycana gəlişindən dərhal sonra Murtuz Ələsgərov bir neçə əqidədaşı ilə onu Naxçıvanda ziyarət etmişdi. Heydər Əliyev artıq deputatlığa namizəd göstərilmişdi və Murtuz müəllimin də öz namizədliyini Naxçıvandan irəli sürməsində israr edirdi. Murtuz Ələsgərov muxtar respublikada qeydiyyatdan keçməyə çalışsa da, AXC üzvləri onun namizədliyi ətrafında çirkin hay-küyə başladılar. Buna görə də Murtuz müəllim namizədliyini Bakının Nərimanov rayonundan verdi. Sözsüz ki, uğurlu seçki kampaniyasına baxmayaraq, saxtakarlıq nəticəsində o vaxtkı rəhbərliyin namizədi “seçildi”.  Murtuz Ələsgərov 5 ildən sonra millət vəkili oldu.

Əliyevçi ziyalılar tez-tez Naxçıvana gedərək Heydər Əliyevin hakimiyyətə qayıtması,  ölkəni çətin vəziyyətdən çıxarması üçün səy göstərirdilər. AXC-nin hakimiyyətə gəlişindən sonra Heydər Əliyev tərəfdarlarının partiya yaratması fikri irəli sürüldü. Yeni Azərbaycan Partiyası yaradıldıqdan sonra onun təşkilatlanması  üçün gərgin işə başlandı. O günlərdə və aylarda Murtuz Ələsgərov həmkarları ilə birlikdə coşğun fəaliyyət göstərir, qəzetlərdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması fikrini dəstəkləyən müsahibələr verirdi. Və…  15 dekabr 1992-ci ildə   ona qarşı  əsl zorakılıq aktı törədildi. Ölkənin məşhur ziyalısı olan qocaman professor vəhşicəsinə hücuma məruz qaldı.  İsgəndər Həmidovun qoçuları Murtuz müəllimə ağır zərbələr endirdilər.Onun ayağı bir neçə yerdən qırıldı, altı ay gipsdə qaldı. Sadiq silahdaşına hücum xəbəri Heydər Əliyevə çox pis təsir etdi. Murtuz müəllim xəstəxanada olanda Ulu Öndər daim onun səhhəti ilə maraqlanırdı. 1993-cü ilin fevralında bir neçə günlüyə Bakıya gələn Heydər Əliyev dostunu ziyarət etdi.

Bir neçə aydan sonra, 1993-cü ilin məlum iyun hadisələri baş verdi. Qan töküldü,  ölkə vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşdı.  Xoşbəxtlikdən, xalqın iradəsi ilə geri dönən Heydər Əliyev Murtuz müəllimin əvvəlcədən düşündüyü kimi uçuruma gedən qatarı son anda saxlaya bildi.

Qeyd olunduğu kimi, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra Murtuz müəllim BDU-nun rektoru kimi məhsuldar fəaliyyət göstərdi. M.Ələsgərov BDU-nun rektoru kimi təhsilimizin flaqmanının inkişafında yeni səhifə açmışdır. Onun Bakı Dövlət Universitetində rektor olduğu illərdə bu ali təhsil ocağının tədris sistemində mühüm müsbət dəyişikliklərə başlandı. Rektor M.Ələsgərov universitetdə geniş islahatlar həyata keçirdi. Müəllimlərin əmək haqqlarını xeyli artırıldı. Ödənişli təhsil alan tələbələrdən əldə olunan vəsaitin xeyli hissəsi  əmək haqqlarına əlavələrə yönəldildi. Axşam şöbəsi tamamilə ləğv olundu. Bu müddət ərzində universitetin beynəlxalq nüfuzu artmış, elmi konfrans və simpozium işindəki elmi və pedaqoji kadrların keyfiyyəti artmış, xarici ölkələrin qabaqcıl təhsil müəssisələri ilə əlaqələr yeni səviyyəyə qaldırılmışdı.

İctimai xadim kimi Murtuz Ələsgərov demokratik hüquqi islahatların həyata keçirilməsində və qanun yaradıcılığı prosesində fəal iştirak etmişdir. O, birinci çağırış Milli Məclisin deputatı olaraq qanunvericilik fəaliyyətinin gücləndirilməsinə kömək etmiş və 16 oktyabr 1996-cı ildə Milli Məclisin sədri seçilmişdir.

1996-cı ildə parlamentin sədri vəzifəsinə namizəd müəyyənləşdirilərkən   Heydər Əliyev artıq  komandasının üzvlərindən kimin nəyə qadir olduğunu yaxşı bilirdi. Ulu Öndər YAP-ın çoxluq təşkil etdiyi Milli Məclisin sədri vəzifəsinə ən layiqli namizəd kimi məhz Murtuz Ələsgərovu görürdü. Murtuz müəllim əvvəlcə namizədliyinə tərəddüd etsə də, bu şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəldi. Müstəqil Azərbaycan dövlətinin qanunvericilik bazasının yaradılmasına   praktik olaraq yenidən başlandı.  2000-ci ildə bir daha parlamentin başçısı vəzifəsinə seçilən Murtuz Ələsgərov parlamentarizm ənənələrinin möhkəmləndirilməsinə, Azərbaycan dövlətinin təməlinin dayandığı hüquqi bazanın daha da gücləndirilməsinə layiqli  töhfə verdi. 1996-2005-ci illərdə Murtuz Ələsgərovun rəhbərliyi ilə parlament 2 mindən çox qanun və məcəllə qəbul etdi, əksər beynəlxalq konvensiyalara qoşuldu, parlamentlərarası əməkdaşlığı genişləndirdi.

O, Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində, bütövlüyünün təmin olunmasında, bütün ölkədə genişmiqyaslı islahatların həyata keçirilməsi üçün hüquqi zəmin yaradılmasında fəal rol oynadı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında, bir çox qanun və qanunvericilik aktlarının bilavasitə hazırlanması və qəbul edilməsi daxil olmaqla hüququn aliliyinin təmin edilməsində onun xidmətləri əvəzsizdir.

1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə Murtuz Ələsgərov “İstiqlal” ordeni ilə təltif edilmişdir.

Bu gün Azərbaycan güclü qanunvericilik bazasına və dinamik iqtisadiyyata malik güclü regional dövlətdir. Məhz Murtuz Ələsgərov kimi insanlar bu günümüzə çata bilməyimiz üçün əllərindən gələni etmişlər. Onlar bu gün uğrunda mübarizə aparmış, yorulmadan çalışmışlar və buna görə xalqımız onların xatirəsini dərin ehtiramla yad edir.

Nəsib Şükürov 

 Hüquq üzrə fəlsəfə doktoru

Bakı Dövldət Universitetinin dosenti

Konstitusiya hüququ üzrə ekspert.

 

 

 

 

 

 

 

 

Share:

Author: Müstəqil AZ