MHP İdarə Heyətinin iclası keçirilib – FOTO

Milli Həmrəylik Partiyasının (MHP) İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. İclas öz işinə şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. İclasda partiyanın İdarə Heyətinin üzvləri ilə bərabər, partiya funksionerləri və qonaqlar da iştirak edib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə predmeti olub. Eləcə də, Kəlbəcərdə iki jurnalistimizin Ermənistanın mina terrorunun qurbanına çevrilərək şəhid olması və Rusiyanın Novosibirsk şəhərində gənc soydaşımızın polis tərəfindən qətlə yetirilməsi faktına münasibət bildirilib.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov öz çıxışında beynəlxalq təşkilatların Ermənistanın terror siyasətinə susmamalı olduqlarını və mina xəritələrinin Azərbaycana verilməsini tələb etmələrinin vacibliyini vurğulayıb.
İdarə Heyətinin üzvləri gündəlikdə duran məsələlərlə bağlı öz fikir və təkliflərini səsləndiriblər. Təşkilatı və cari məsələlər geniş müzakirə olunub. Partiya sədri Əlisahib Hüseynov, İdarə Heyətinin üzvü Əliyev Elşad Ərşad oğlunun öz ərizəsi ilə partiyanın İdarə Heyəti üzvlüyündən və partiya üzvlüyündən çıxması barədə məlumat verib.
Toplantıda partiyanın gələcək fəaliyyəti və yerlərdə təşkilatlanması üçün bir neçə mühüm təkliflər səsləndirilib. Həmçinin İanə fondunun yaradılması məsələsi müzakirə olunub. İrəli sürülən təkliflər İdarə Heyəti üzvləri tərəfindən müsbət qarşılanıb və bununla bağlı müzakirələrin növbəti iclasda davam etdirilməsi qərara alınıb.
İclasın sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə edilib, qərarlar qəbul olunub.
Müstəqil.Az
Share: