Bizim qazilər-Əkbər QOŞALI yazdı

Üç örnək

Bizim Vətən,

bizim Vətən Müharibəsi,

bizim zəfər,

bizim qazilər, bizim uğurlar… – Bizim deyə bilmək necə də xoşdur, necə gözəldir!

Bizim qazilərin ən çox vurğulanmalı yönü nədir sizcə? – Məncə, bu onların comərdliyidir, dövlətə inamıdır, dövlətçiliyə candan-könüldən bağlılığı və təmənnasızlığıdır. Qazilərimizin xarakteridir onları fərqli qılan: müharibəyə bayrama, toya gedirmiş kimi gedənlərin mülki həyatdakı dav-ranışlarında da bu comərdlik, paşa könüllük özünü hər dəm göstərir. Mən bunu hələ I Qarabağ müharibəsi dövründən, öz doğmalarımdan bilirəm. Məsələn, düşmənə günlərlə matəm elan etdirən, başına üç dəfə ermənilər tərəfindən pul qoyulan, bir keçmiş vəzifəli generalın şiniməsi üzündən 16 il eyni rütbədə qalan, 90-cı illərdə təqdimatı verilsə də, təltif üçün son təqdimata adı düşməyən, ev növbəsinə götürülməyən – necə məsələdə haqqı gecikən qazi doğmamın dik duruşunu, qürurunu xatırlayıram. Xatırlayıram ki, “bəlkə bir maraqlanasan, müraciət edəsən, yada salasan…” dedikcə, “narahat olmayın, layiqiksə, veriləcək, geci-tezi var” eşitdik illər uzunu. Bir gün səbrim tükəndi, dedim, “a sağolmuş, artıq sənin öyrəncilərin, yetirmələrin səndən qabaqdadır, daha nooldu?” – dedi, “ürəyini sıxma, az da səbr et”. Sonra ədalətin təntənəsi ard-arda gəldi: haqq etdiyi rütbə də verildi, təltifə də rəsmən təqdim olundu, təltif gerçəkləşdi; ardınca, Silahlı Qüvvələr Veteranı statusu və medalını da aldı. İndi “bəs ev həncəri oldu?” demirəm – cavabını, səbrini və ümidini bilirəm. Bilirəm ki, qazilərdəki ümid ümiddən ötə inamdır və inam imandan qaynaqlanır. Bu inamın əsası Vətəni sevməkdir – bəli, “Vətəni sevmək imandandır”.
Digər qazi doğmam tək oğlunu da hərbçi olaraq yetişdirincə, gördüm, doğrudan-doğruya, qazilik rütbə, çindən ötə hadisədir. – Ruha, qana, iliyə işləyən sevgini, vurğunluğu pozmaq, sıradan çıxarmaq qayət mümkünsüzdür. Bizim qazilər bizim ləyaqət örnəklərdir!
İş yoldaşım olan bir qazi atası deyir, bir uzaq tanış, necəsə mənim nömrəmi tapdı, vacib görüş istədi, dedim “buyur, xeyir ola?” – mız-mız edə-edə dedi “bəs oğlumun hərbi xidmətə getməmə…” – deyir, sözünün ardını gətirməsinə ehtiyac olmadı, “mənim öz oğlum öncəbhədədir” dedim, söhbət bitdi…
Qızıl ləyaqət
Qazilər döyüşdə də, mülki həyatda da öz ləyaqətləri ilə seçilər. Adicə çay süfrəsində oturarsan, görərsən, bir yolunu bulub, çay pulunu veriblər; arabadadılarsa, dayanacaqdakıların yanından düz keçməzlər – “filan yerədək gedirəm, kim yoldaşlıq etmək istər?” deyərlər; məişət mübahisəsində bir üst dərəcədə düşünməyə, anlaşma yolunu daha tez tapmağa meyillidir qazilər; ustadılarsa, işin ən keyfiyyətlisini, ən münasib qiymətlisini onlardan görərsən… Ürəkləri böyükdür çünki! Çünki ölümün üstünə gedə bilənlər, olumun, xeyrə yozumun, yaxşı yolun… üstünü örtməzlər. Bacarıqlıdırlar, öyrənəndilər, öyrədəndirlər, xeyirxahdırlar bizim qazilər. Bizim qazilərin başına dönüm.
Nə Vyetnam, nə Amerika. Qarabağ və Azərbaycan!
Müharibələr, postmüharibə dövrləri haqqında danışarkən, “Vyetnam sindromu”ndan bəhs edil-diyini çox eşitmişik – məlumunuz. Məlumunuz, biz nə Vyetnamda döyüşməmişik, nə də, dövlətçiliyi cavan Amerika Birləşmiş Ştatları deyilik, bizim qazilər də elə məhz bizim qazilərdir! Bizim qazilər bizim Qarabağda döyüşüb. Bizim qazilər könüllü, könlünün, ruhunun gücü ilə döyüşüb. Qədim dövlətçilik şüuru bizim qazilərin yaddaşında suxurlaşıb, xarakterə işləyib. Dövlət bizdə müqəddəsdir. Və bizim qazilər də, biz də bilirik ki, “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür” (H.Əliyev). – Gəl gör ki “hüququndan keçən əsgər”lər dövlətin, Vətənin nə etdiyini soruşmur, özü nə edə bilər – özünü sorğulayır. Evi tikilsin bizim qazilərin. Bizim qazilər kimdir? – “Bu torpağın sahibləri qayıdıb. Əlində silah! Əlində bayraq! Ürəyində Vətən sevgisi”! – Bax, dövlət başçısının əziz Şuşada dediyi bu tarixi sözlərin ünvanlandığı əzizlərdir qazilər!
Heç təsadüfi deyil ki əziz qazilərin problemlərini, şəhid ailələrinin problemləri ilə bərabər ən təxirəsalınmaz vəzifələr sırasında görən, göstərən, tapşıran dövlət başçımız YAŞAT Fondunu yaratdı, hər icra hakimiyyətində birər məxsusi şöbələr yaradılmasına göstəriş verdi, müvafiq layihələr üçün dövlət vəsaitləri ayırdı. Qazilər təltif olundu, yeni təltif olunacaqlar. Qazilərin ev-eşikləri yoxsa – olacaq, varsa – içi avadanlıqlarla donatılacaq. Qazilərin səhhətində problem varsa – ölkəmizin şəfa ocaqlarında müalicə olunacaq; öz ölkəmizdə mümkün olmasa, başqa ölkələrə müalicəyə göndəriləcəklər. – Bu, müharibə bitər-bitməzdən belədir, belə də davam edir, edəcək. Ta ki ən son qazinin məmnuniyyəti təmin olunanadək!
Eşq, iş, aş!
Eşq – Bizim vəfalı qazilərin örnək eşqi Vətənədir, xalqadır, sevgililərinədir. Başatan olsun!
İş – YAŞAT Fondu, digər əlaqədar dövlət orqanlarımız, özəl sektor, sahibkarlıq subyektlərimiz işəgötürmədə, işqurmada məhz qazilərə öncüllük tanıyır, qazi, şəhid ailələrinə üstünlük verir. Üzləri ağ, başları uca olsun!
Aş – bizim qazilərin süfrəsi halaldır, çörəkləri kəsiləsi, çayları içiləsidir. Halal olsun!
Eşq varsa, iş var;
eşq və iş varsa, aş var;
eşq, iş və aş varsa hüzur var, ağız şirinliyi var, çiçəklənmə var…
Bugünlərdə İTV-də YAŞAT Fondu xətti ilə özünə iş quran qazilər haqqında süjetlərə baxdım. Qürurlandım, sevindim, kövrəldim. Bizim qazilər – bizim ürəklər, bizim ümidlər, bizim qürur!
Bəli, Vətən Müharibəsi iştirakçılarımızın (qazilərimizin) cəmiyyətə reinteqrasiya məsələsinin düşünülmüş, məqsədəyönlü və belə demək mümkünsə, ən mütərəqqi və elmi yanaşmalarla həyata keçirilməsini görmək çox xoşdur.
Ümumiyyətlə müstəqil Azərbaycanda müharibə iştirakçıları və şəhid ailələri ilə bağlı dövlət siyasətindən, əldə edilmiş sonuclardan danışası olsaq, yəqin bir məqalə deyil, bir kitab yazmalı olarıq.
Respublikamızda müharibə iştirakçıları və şəhid ailələrinə dövlət dəstəyi, onlara qayğı, problemlərinin çözümü yönünüdə görülən işlərin, o işlərin meyvələrinin, bəhərinin, praktik sonuclarının müvafiq institutlarca araşdırıldığına inanıram. İnanıram ki, alimlərimiz belə bir həqiqətə ortaq olar: dövlət-xalq birliyi yalnız müharibədə deyil, postmüharibə dövründə də öz gücündədir. Bizim qazilər özlərini Vətənə borclu bildikləri kimi, Vətən övladları da məhz onların açdığı iş yerlərinə üz tutmağı, məhz onların müəssisələrindən alış-veriş etməyi, məsələn, məhz onların çilingər xidmətindən yararlanmağı… üstün tutur. Bunu özlərinə borc bilirlər. – Yəni ali səviyyədən ən adi məişət səviyyəsinədək bizim qazilər, bizim xalq, bizim dövlət eyni alqoritmdə düşünr, davranır, irəliləyir.
Qaynar həyat
Ona görə də, Azərbaycanda həyat qaynayır. Qarabağ işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçid dövrünü yaşayır; o torpaqları azad edən oğullarsa YAŞAT Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə sosial müdafiəyə cəlb edilir; evlə, avtomobillə təmin olunur, müalicə alır; ƏƏSMN, FHN, Səhiyyə, TƏBİB qazilərə zəruri psixoloji reabilitasiyanı həyata keçirir. Qazilər işə götürülür, işə bərpa olunur, iş açır. Ən müsbət emosiya ilə deyirəm: Azərbaycan işi problemə çevirənlərin deyil, problem işə çevirənlərin ölkəsidir. Bilmirəm, fərqindəsizmi, qazini hansısa qapıda gözlətmək, qaziyə hansısa bürokratik əngəl yaratmaq, nə bilim, qazini dinləməmək, eşitməmək, qazinin problemini çözməmək – heç kimə lazım deyil, heç kim bu cəsarətdə bulunmur – çünki bulunduğu halda, bu, cəsarət deyil, öz nüfuzunu itirmək, ictimai fikirdə linc olmaq vəd edir. Ən əsası, dövlətin ali zirvəsi qazilərə diqqətin yüksək örnəyini yaratmışkən, hansı məmur, hansı ağılısız qaziyə sayğısılıq edər? Çox şükür, ağıldan öncə və sonra da ruh var – qaziyə sayğsılıq etməkçün gərək ruhsuz olasan. Bizim vətəncanlılığımızı, dövləti müqəddəs bilməyimizi dünya 44 gün işində yaxşı gördü, bildi. Görüldü, bilindi ki, düşməni qovmaqçün canının son heyini, evinin son tikəsini sunanların ölkəsidir Azərbaycan. Azərbaycandan nanəciblər, naxələflər çıxa bilməz, çıxsa da, önə çıxmaz, hətta sıpıxıb bir cür önə çıxsa belə, onun pisliyi özünəcədir.
Yazımın sonunda sizləri ötən ilin son ayının ilk gününə aparmaq istəyirəm. – Müzəffər Ali Baş Komandanın Laçının işğaldan azad olunması münasibəti ilə Xalqa Müraciətinə:
“Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli”! – Bu, bizim xalqın, bizim qazilərin xarakter pasportudur!
Hər şey çox daha yaxşı olacaq!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Share:

Author: Müstəqil AZ