Birləşmiş Ştatların Azərbaycana silah satmağa başlaması…

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı konfrans rəsmi Bakının bir sıra önəmli ismarıclarının səsləndirilməsi baxımından uğurlu platforma idi. Prezident İlham Əliyevin sözügedən konfransdakı çıxışında səsləndirilən mesajlar öz çoxşaxəliliyi ilə diqqət çəkir. Bu çıxışda ABŞ-a və Minsk Qrupuna da, Avropa İttifaqına da, Rusiyaya da, Gürcüstana da, İsrailə də, İrana da, miskin Ermənistana da mesajlar və sətiraltı xəbərdarlıqları görmək olur.

Dövlət başçımızın çıxışında ABŞ-a iki mühüm mesaj ünvanlanmışdı. O, ilk növbədə rəsmi Bakının Ermənistan-Azərbaycan münasibətlərinin normalllaşdırılmasında ABŞ-ın oynaya biləcəyi rolu qabartdı və Azərbaycanın bu istiqamətdə ABŞ-la əməkdaşlığa hazır olduğunu vurğuladı: “ABŞ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüm zamanı onlardan yeni təkliflər gözlədiyimi bildirmişdim. Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin insanlarının yanaşı yaşaması üçün yeni təkliflər irəli sürülə bilər”. Göründüyü kimi bu mesaj ABŞ-la bərabər, həm də birbaşa ATƏT-in Minsk Qrupuna ünvanlanıb. Azərbaycan Prezidenti bununla rəsmi Bakının həmsədrlər tərəfindən adekvat davranış sərgilənəcəyinə ümid bəslədiyini vurğulamış oldu. Bu eyni zamanda rəsmi Bakının həmsədrlərlə əməkdaşlığın davam etdirilməsinə açıq olduğunu təsdiqləyir.
Dövlətimizin başçısı Azərbaycanın müdafiə sənayesi, silah satışı sahəsində də ABŞ-la əməkdaşlığa önəm verdiyini qeyd etdi. Prezidentin bu mövqeyi Bayden Administrasiyasının Azərbaycana silah satışını qadağan edən 907-ci düzəlişi bu il də dondurulmuş vəziyyətdə saxlamaq qərarına verilən müsbət reaksiya və ya cavab addımı kimi dəyərləndirilə bilər. ABŞ bizimlə müdafiə sənayesində əməkdaşlıq məsələsinə sıcaq yanaşarsa, bu ABŞ-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı sayılacaq. Birləşmiş Ştatların Azərbaycana silah satmağa başlaması dünyanın 1 nömrəli supergücünün İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etməsi və yeni reallıqla hesablaşması anlamına gələcək. Bu isə rəsmi Bakı üçün olduqca önəmlidir.
Azərbaycan Prezidentinin ABŞ-a, ATƏT-in Minsk Qrupuna və Avropa İttifaqına (Aİ) sözügedən ismarıcları ünvanlanması uğurlu taktika və çevik geosiyasi gediş kimi qiymətləndirilməlidir. Bu ismarıclar rəsmi Bakının bundan sonra da çoxvektorlu xarici siyasət yürüdəcəyini təsdiqləyir. Bu isə bölgədə və dünyada mövcud olan hazırkı mürəkkəb və dəyişkən situasiya üçün ən optimal “yol xəritəsi” sayıla bilər. Azərbaycanın ABŞ-ı postmüharibə və postmünaqişə mərhələsində Ermənistan-Azərbaycan münasibətlərin normallaşması üçün real vasitəçi olmağa və öz töhfəsini verməyə çağırması uzaqgörənliklə düşünülmüş çevik diplomatiya nümunəsidir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: