İran İslam Respublikasının iyrənc siyasəti

Zəngəzur dəhlizi ilə ilgili söz-söhbətlər, Qara göl ətrafında baş verən olaylar təkcə Fransanın, ABŞ-ın və Kanadanın deyil, ən yaxın qonşularımızdan biri sayılan İranın da iç üzünü açıb ortaya qoydu. Sərhədlərin demarkasiyası istiqamətində Azərbaycanın son günlərdə atdığı prinsipial addımlar necə deyərlər, xeyirxahlarımızı da, bədxahlarımızı da, bizi istəməyənləri də hərəkətə gətirib.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Moctəba Zonnurinin Azərbaycana qarşı qərəzli açıqlama verməsini də məhz bu kontekstdən dəyərləndirməliyik. Erməni KİV-nə açıqlama verən Zonnurinin Ermənistan sərhədinin toxunulmaz qalmalı olduğunu və regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini söyləməsi sıradan bir hadisə deyil.
İranlı deputatın az qala hədə tonuyla səsləndirdiyi fikirlərə gəlin birlikdə nəzər salaq: “İran İslam Respublikasının mövqeyi aydın və qətidir: biz regionda hər hansı ərazi dəyişikliyini qəbul etmir, bütün ölkələrin ərazi bütövlüyünün saxlanılmasından yanayıq. Həmçinin, sərhədlərimiz yaxınlığında hər hansı transregional qüvvəni də qəbul etmirik. Əgər Ermənistan ərazisinin bir hissəsini ələ keçirmək istəsələr və Ermənistanla olan sərhədlərimizdə yeni qonşu olarsa, bu bizim üçün qəbuledilməzdir. İranla Ermənistan arasında mövcud sərhəd tam saxlanılmalı və qorunmalıdır”.
Qonşu ölkənin parlamentarisi bu açıqlaması ilə əslində bütün siyasi-diplomatik normaları pozub və konkret ad çəkməsə də, region ölkələrinə (o cümlədən Azərbaycana) meydan oxuyub. Eyni zamanda cənab Zonnurinin yaddaşının qısalığı üzə çıxıb. Adam regionun 30 il bundan əvvəlki, Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsindən əvvəl mövcud olmuş siyasi coğrafiyasını bilmədən danışıb. İranlı molla-siyasətçilərin diqqətinə çatdırırıq ki, regionda hər hansı ərazi dəyişikliyindən söhbət getmir. Söhbət Azərbaycanın öz sərhədlərini bərpa etməsindən gedir. Qara göl də Azərbaycanın dünya birliyi tərəfindən müstəqil dövlət kimi tanınmasının ilk günlərindən bizim nəzarətimizdə olub.
Yeri gəlmişkən, həmin bu molla-deputatın təmsil etdiyi İran İslam Respublikası da ölkəmizin müstəqilliyini tanıyarkən, Qara göl Azərbaycanın ərazi subyektlərindən biri olub. Odur ki, mollalar ağızlarını açıb danışmağa başlamazdan əvvəl nə deyəcəklərini yaxşı-yaxşı ölçüb biçsinlər, məsuliyyətsiz açıqlamalar verməsinlər, “ikili standart”lardan çıxış etməsinlər. 30 il əvvəl regionda qanunsuz oilaraq ərazi dəyişikliyinə yol vermiş, sərhədlərimizin toxunulmazlığını pozaraq ərazilərimizi qəsb etmiş Ermənistana bir kəlmə də etirazını bildirməyən bu cür qərəzli qonşularımızın indi regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini bildirməyə mənəvi ixtiyarları yoxdur. Regionda güclü Azərbaycanın mövcudluğunu həzm edə bilməyənlərin təhdid dili ilə danışmaları absurddur.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: