Nikol Paşinyan və onun komanda üzvləri isterik vəziyyətdə…

Ermənistan KİV-ləri və siyasətçiləri Zəngəzurda sərhədlə bağlı danışıqların başa çatdığını, Rusiya sülhməramlılarının rəhbəri, general R.Muradovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın razılığa gəldiyini bildirirlər. Qaragöl istiqamətində Azərbaycan və Ermənistan hər biri 4 post quracaq. Əlbəttə, bütün bunlar qeyri-rəsmi məlumatlardır. Lakin ümumən proseslərin gedişi onu göstərir ki, əgər Ermənistan tərəfindən hər hansı bir cığallıq və avantüra baş verməzsə, tərəflər arasında istənilən mübahisəli məsələ danışıqlar vasitəsilə yoluna qoyula bilər.

Sərhədlərin demarkasiyası məsələsinin Ermənistan tərəfindən bu qədər canfəşanlıqla və süni ajiotaj yaratmaqla şişirdilməsi və siyasiləşdirilməsinə həqiqətən də heç bir gərək yox idi. Bu yolverilməz haldır və bu kimi məsələlər əslində yalnız və yalnız danışıqlar yoluyla çözülməlidir. Bunun başqa alternativi yoxdur. Ermənistanın isə məsələni bir tərəfdən siyasiləşdirmək və beynəlmiləlləşdirmək yoluyla, digər tərəfdən isə E.Makronun irəli sürdüyü Fransanın hərbi yardım təklifinə ümid bəsləyərək, güc nümayişi yoluyla həll etməyə çalışması korazehinlik və hoqqabazlıqdır. Nikol Paşinyan və onun komanda üzvləri isterik vəziyyətdə Rusiya, Fransa, ABŞ liderlərinə, KTMT-nin rəhbərliyinə zəng açıb gözyaşı axıtmaqla, yalvarmaqla onsuz da heç nəyə nail ola bilmədi. Çünki Azərbaycan tərəfinin sərhədlərin delimitasiya və demarkasiyası məqsədilə gördüyü cari tədbirlərdə qeyri-qanuni heç nə yoxdur. Azərbaycan 10 noyabr razılaşmasının şərtlərindən çıxış edərək öz sərhədlərinin bərpası ilə məşğuldur. Bu bizim qanuni haqqımızdır. Azərbaycan bu prosesi bundan sonra da davam etdirəcək.
Prezident İlham Əliyev də son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib, onu məlumatlandırarkən tamamilə haqlı olaraq bildirib ki, hazırda sərhədlərin dəqiqləşdirilməsi prosesi gedir, lakin Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, çünki sərhəddə hər hansı bir hərbi toqquşma baş verməyib.
Ancaq əfsuslar olsun ki, ermənilər öz həmişəki əqrəb xislətlərindən əl çəkə bilmir. Onların bu cür açıq şəkildə dezinformasiya və iftira kampaniyası aparmaqda yeganə məqsədləri beynəlxalq ictimaiyyətdə Azərbaycan haqqında mümkün qədər mənfi rəy formalaşdırmaq, neqativ informasiya fonu yaratmaqdır. Ona görə də düşmən ölkənin mediası və rəsmi təbliğatı bizə qarşı çirkab püskürməkdən əl çəkmək istəmir. Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan da öz ənənəvi, miskin ampluasındadır. O, məlum sərhəd insidentindən özünün seçki kampaniyası üçün maksimum dərəcədə yararlanmağa çalışdı. Lakin həmişəki kimi daha da acınacaqlı duruma düşdü. İndi Paşinyana müxalif olan fürsətçi, revanşist qüvvələr də bu olaydan ona qarşı əks-təbliğat aparmaq gen-bol yararlanmağa çalışırlar. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan isə bir qədər də irəli gedərək, sözügedən sərhəd olayından sonra hətta erməni dövlətinin artıq mövcud olmadığını bildirib.
Göründüyü kimi ənənəvi erməni hiyləgərliyi həmişə olduğu kimi bu dəfə də düşmən ölkənin özünə problem yaratdı. Bu mənada Ermənistanın populyar “Hraparak” nəşrinin yazdığı bir fikir tam da yerinə düşür. Nəşr yazır ki, “Azərbaycan hər dəfə 3 kilometr irəliləsə, sonra 1 kilometr geri çəkilsə, Ermənistandan heç nə qalmayacaq”. Bu fikir əslində bütün ermənilərin dərs almalı, doğru-düzgün nəticə çıxarmalı olduğu ibrətamiz fikirdir. Texniki xarakterli demarkasiya məsələsini bu dərəcədə şişirdib Azərbaycana qarşı növbəti dəfə qarayaxma kampaniyasına start vermək sonda Ermənistanın özünə qarşı “bumeranq effekti” ilə nəticələndi. Bu həqiqətən də dərs alınacaq bir olaydır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: