Azərbaycan xalçaları Xorvatiyada nümayiş olundu

Azərbaycanın Xorvatiyadakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Zaqreb şəhərinin mərkəzi Nikola Şubiç Zrinski meydanında “Azərbaycan xalçaları” adlı sərginin rəsmi açılışı olub.

Teleqraf.com xəbər verir ki, sərgidə Qarabağ, Şirvan, Quba, Gəncə, Qazax və digər Azərbaycan xalçaçılıq məktəblərinə məxsus xalçaların yüksək keyfiyyətli şəkilləri xüsusi işıqlandırma ilə yerli sakinlərin və qonaqların gəzinti üçün sevdikləri məkanda nümayiş edilib. Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov sərginin açılış mərasimindəki çıxışında qeyd edib ki, xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir parçasıdır və hazırkı sərgi iki həftə ərzində Zaqrebdə nümayiş olunacaq. Səfir bildirib ki, Azərbaycan qədim xalçaçılıq sənətinin yarandığı dünya mərkəzlərindən biri olmuş və xalçaçılıq Azərbaycan xalqının zəngin mənəvi dünyasını, dünyagörüşünü, dini inancını və həyat fəlsəfəsini əks etdirib. Müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar, Azərbaycan xalçaçılıq məktəbləri barədə qonaqlara məlumat verilib. Qeyd olunub ki, Azərbaycan xalçaları 2010-cu ilin noyabrında UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına salınmış və Azərbaycan el sənətkarlarının yaratdıqları xalça sənəti inciləri yüzilliklər boyu dünyanın bir çox muzeylərini, o cümlədən Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Sankt-Peterburqun Ermitaj, Parisin Luvrnu bəzəyib. Tədbirdə Xorvatiyanın sabiq Prezidenti S.Mesiç, Parlamentin üzvü V.Kaytazi, Xorvatiya Respublikasında akkreditə olunmuş diplomatik korpus, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 


Müstəqil.Az
Share: