“Gücünü şişirdərək cəmiyyətə təqdim edir, nüfuzu çox aşağıdır…”

Ötən gün Ermənistan parlamentinin buraxılıb və iyunun 20-da yeni parlament seçkisinin keçiriləcəyi elan edilib. Bu seçkilərdə əsas mübarizənin Nikol Paşinyanla keçmiş prezident Robert Köçəryan arasında gedəcəyi təxmin edilir. Köçəryan artıq seçki kampaniyasına başlayıb və mayın 9-da Yerevanda ilk mitinq keçirib. Hakimiyyətə yaxın mənbələr bu mitinqdə təxminən 9 min, Köçəryana yaxın mənbələr isə 40-50 min nəfərin iştirak etdiyini deyirlər.

Bəs, bu seçkidə Koçaryanın şansı nə qədərdir? Onun hakimiyyətə qayıtmaq üçün revanş imkanları varmı?

 

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Giraqosyan hesab edir ki, Koçaryan öz gücünü şişirdərək cəmiyyətə təqdim edir. Onun fikrincə, Koçaryanın Ermənistan cəmiyyətində nüfuzu olduqca aşağıdır: “Eks-prezident Koçaryan heç vaxt azad və ədalətli seçkilərin qalibi olmayıb. Qarşıdan gələn seçkinin isə ədalətli keçiriləcəyi ehtimalları Koçaryanın qalib gəlmək şansını daha da azaldır. Ümumiyyətlə, insanlar, cəmiyyət siyasi arenadakı hər kəsdən beziblər. Amma Paşinyan və onun komandasını cəmiyyətin 30 faizə qədəri dəstəkləyir. Bu elə də çox deyil, amma müxalifəti dəstəkləyənlərdən daha çoxdur. Müxalifətin həqiqi dəstəkcisi demək olar ki, yoxdur.

Riçard Giraqosyan deyir ki, 44 günlük Qarabağ müharibəsindən sonra Ermənistanın daxili siyasətində gərginlik var. O hesab edir ki, cəmiyyətdə Paşinyan hakimiyyəti ilə bağlı fikirlər haçalanıb. Amma o hətta belə bir durumda da Koçaryanın hakimiyyətə qayıdacağını real hesab etmir. Politoloq deyir ki, onun nüfuzu çox aşağıdır, korrupsiyada ittiham olunur, barəsində cinayət işi açılıb.

Ermənistandakı başqa bir siyasətçi Aleksandr İskandaryan deyir ki, cəmiyyətdə fərqli fikirlərin olması, fərqli siyasətçiləri dəstəkləməsi normal haldır. Onun fikrincə, bütün bunlar Koçaryanın şansının olmadığı anlamanı vermir: “Onun parlamentə düşmək şansı haqda indi fikir bildirmək tezdir. Rəsmi olaraq, seçki kampaniyası hələ heç başlamayıb. Amma Koçaryanışansını elə yüksək qiymətləndirmirəm, amma az da qiymətləndirmirəm. Ermənistanda  cəmiyyət fərqli siyasətçiləri dəstəkləyirlər. Hər şeyi seçkilər həll edəcək. Xüsusilə, müharibədən sonra Ermənistan cəmiyyəti iflic hala düşüb. Mən əminəm ki, Koçaryan səslərin böyük hissəsini qazanacaq. Amma qalib gələ biləcəkmi, bax mən bu haqda dəqiq bir söz deyə bilmərəm.

Qeyd edək ki,  Robert Koçaryan seçkiyə “Daşnaksutyun” partiyası və “Dirçələn Ermənistan” hərəkatı ilə vahid blokda gedəcək.

Antimüharibə fəalı Georgi Vanyan bildirir ki, Robert Koçaryanın Daşnaksutyunla birləşməsində təəccüblü heç nə görmür. Vanyan hesab edir ki, Koçaryan Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi istiqamətində işləyəcəyinə işarələr edir: “Koçaryan baş nazir kimi Ermənistanı inamlı bir şəkildə daşnak idealları istiqamətində aparardı. Bu isə nökərlərin, qoçuların, küt və özündən razı millətçilərin xidmət etdiyi oliqarxların hakimiyyəti deməkdir.

Koçaryanın seçki şansları məsələsinə toxunarkən Vanyan bildirir ki, əslində Ermənistan cəmiyyəti indi heç kimi dəstəkləmir: “Cəmiyyət həmişə olduğu kimi pislə ən pis arasında seçim edəcək. Seçicilərin Nikol Paşinyana çoxlu sualları var. O bir sıra səbəblərə görə vətəndaşların etibarını itirib. Amma bütün keçmiş hakimiyyət nümayəndələrinə inamsızlıq bundan da çoxdur. Adamlar Nikol Paşinyana sadəcə olaraq ona görə səs verəcəklər ki, keçmiş iqtidardakılara nə qədər nifrət etdiklərini göstərsinlər.

Vanyanın fikrincə, qələbəsinə heç Koçaryanın özü də inanmır: “Unutmaq olmaz ki, Ermənistan məhdud suverenliyə malik ölkədir. İstər keçmiş olsun, istərsə də indiki, belə demək mümkündürsə liderlər suiyasətdə qalıb-qalmamaq, seçkiyə gedib-getməmək məsələsini özləri həll etmirlər. Xüsusilə də indi, onlar bicliyi, kələyi yalnız daxili səhnədə edə bilərlər.

Sülh fəalının fikrincə Ermənistanda indi heç normal seçki şəraiti, seçki prosesi də yoxdur:“Adamlar yorulublar, usanıblar. Mən bu seçkinin nəticəsini heç təhlil etmək, proqnoz vermək də istəmirəm. Bir çoxları kimi bunların mənim üçün də fərqi yoxdur. Baş nazir vəzifəsinə namizədlərin arasında xalqın etimadını yaradacaq bir nəfər də yoxdur.

Müstəqil.Az

 

Share: