Fəzail İbrahimli: “30 il sonra Şuşanın azad olunması Azərbaycan xalqının qeyrətini özünə qaytardı”

“Şuşanın işğalı Azərbaycan müstəqillik  tarixində qanlı tarix olaraq öz əksini tapıb. Şuşa Azərbaycan xalqının təkcə mədəniyyət beşiyi yox, qeyrət beşiyidir”.

Müstəqil.Az bildirir ki, bu sözləri Modern.az-a 8 may Şuşanın işğal tarixinin necə qeyd edilməli olduğu haqqında danışan Milli Məclisin vitse-spikeri, Vətəndaş Həmrəyliyi Partoyası sədrinin birinci müavini Fəzail İbrahimli deyib. Deputat xatırladıb ki, Azərbaycanın tarixi taleyində kifayət qədər faciəli günlər var:

“Əslində təqvimimizə diqqət yetirsək, yanvar ayının 20-dən başlayaraq, noyabr ayının 20-ə qədər aylarımızın hər birində bir faciə var. Bunlardan biri də Şuşanın işğalı günüdür. Əzəmətli Şuşa qalası qeyrət qalası kimi yada salınır. Təbii ki, onun işğalı heç bir azərbaycanlılar üçün məqbul sayılmırdı. Amma 30 il sonra Şuşanın geri alınması Azərbaycan xalqının qeyrətini özünə qaytardı .

Himnimizin sözlərində belə bir ifadə var: qan tökməyə hazırıq, can verməyə qadiriz. Həmişə himnimizi oxuyanda üzü qara oxuyurduq. Amma indi qalib millət olaraq, himnimizi baş ucalığı ilə oxuya bilərik. Zaman göstərdi ki, doğru vaxta, qalib sərkərdəyə ehtiyacımız varmış.  Təbii ki, qan qardaşımız Türkiyəni də unutmaq olmaz.  Düzdür, axır sözü Azərbaycan əsgəri dedi, ancaq siyasi masada Türkiyə həmişə can qardaşına dəstək oldu. Bəyan etdi ki, Azərbaycana toxunmaq olmaz”.

Fəzail İbrahimlinin fikrincə, tariximizin və taleyimizin ən hörmətli, ən şərəfli qələbəsi Qarabağ qələbəsidir:

“Şuşa alınan kimi erməni əlini saxladı, çünki alınmaz qala kimi düşünülürdü. Zəfər paradında da bir daha bəyan etdik ki, Azərbaycan hər zaman müstəqil və azad yaşayan ölkədir. İndi qalib dövlət, qalib sərkərdəyik. Buna görə, işğal tarixini də şəhidlərimizi anaraq, qələbə əhval-ruhiyyəsi ilə qeyd etməliyik. Tariximizi, xalqımızın başına gətirilənləri unutmamalıyıq”.

Müstəqil.Az

Share:

Author: Müstəqil AZ