Nazirlik Arif Quliyevin dəfn yerini ailəsinə həvalə etdi

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında vəfat edən Xalq artisti Arif Quliyev son mənzilə yola salınır.

“Qafqazinfo”nun vida mərasimində olan əməkdaşının məlumatına görə, mərhum sənətçinin bu saata qədər harada dəfn ediləcəyi ilə bağlı hələ də rəsmi açıqlama yoxdur.

Belə ki, A. Quliyevin bacısı daxil olmaqla ailə üzvləri Mədəniyyət Nazirliyinin Xalq artistinə qarşı bu biganəliyindən şikayət edərək cənazənin 3 saatdır mərhumun evinin həyətində qaldığını və bu səbəbdən dəfn edilmədiyini bildiriblər.

***

Mədəniyyət Nazirliyi Xalq artisti Arif Quliyevin vəfatı ilə bağlı açıqlama yayıb. Bildirilib ki, nazirlik mərhum sənətçinin vəfatından kədərləndiyini bildirir, ailəsi və yaxınlarına başsağlığı verir.

“Mədəniyyət Nazirliyi xalq artistinin dəfni ilə bağlı məsələlərə dəstək göstərir və bildirir ki, dəfnin yeri və vaxtı mərhumun ailəsi tərəfindən müəyyən ediləcək.
Allah rəhmət eləsin!”, – deyə açıqlamada qeyd olunub.

***

Xalq artistinin qızı Günel Quliyeva atasının Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunacağını açıqlayıb.

 

Share: