Əvvəl-axır dünya türkün olacaq

Pandemiya ilə əlaqədar olaraq martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq iştirakçıları salamladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edib.
Qazaxıstanın birinci Prezidenti- Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbriki bir azərbaycanlı kimi hamımızda qürur hissi oyatdı. Azərbaycanın haqlı qələbəsi bütün türk dilli xalqların sevincinə səbəb olduğu Nursultan Nazarbayevin çıxışında açıq-aşkar hiss olunurdu.
– Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır.
Nursultan Nazarbayev 2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasının fəxri sədri seçildiyini və bundan böyük şərəf duyduğunu bildirdi. Nursultan Nazarbayev budəfəki Zirvə toplantısının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişikləri, xüsusilə pandemiya ilə mübarizəni qeyd edərək “Türk dünyasının gələcəyi – 2040” adlı sənədin hazırlanmasını təklif etdi. O, Türküstan şəhərinin yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirdi. Qazaxıstanın ilk Prezidenti iqtisadi əlaqələrin əhəmiyyətinə toxunaraq dedi:
-Biz hamımız bu prosesləri həyacanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər-bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır.
Prezident Kasım-Jomart Tokayev çıxış üçün söz Türk Şurasının hazırki sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə çıxış edərək;
İlk növbədə, Zirvə görüşünün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə Nursultan Abışoviç Nazarbayevə təşəkkürümü bildirmək istəyirəm. Nursultan Abışoviç Nazarbayev Türk Şurasının fəxri sədri kimi çox fəal iş aparır və bu Sammitin keçirilməsi bunun bariz təsdiqidir.
Bugünkü Zirvə görüşü 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Zirvə görüşündən sonra ikinci Zirvə görüşüdür. Bir il əvvəl, keçən ilin aprel ayında Bakıda Azərbaycanın təşəbbüsü ilə COVID-19-a həsr edilmiş Zirvə görüşü keçirilmişdir və bu, özlüyündə bir göstəricidir. Göstərir ki, Zirvə görüşləri müntəzəm olaraq keçirilir və əlbəttə ki, üzv ölkələr arasındakı birliyə bunun çox böyük müsbət təsiri vardır.
Bu ilin sonunda Azərbaycan Türk Şurasındakı sədrliyini qardaş Türkiyəyə təhvil verəcək. Türkiyədə keçiriləcək rəsmi Zirvə görüşündə Azərbaycanın sədrliyi dövründə gördüyü işlərlə bağlı məlumat veriləcəkdir.
Bu gün isə fürsətdən istifadə edərək, II Qarabağ müharibəsi haqqında məlumat vermək istərdim. Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərini işğal altında saxlayırdı. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdir, bir milyondan çox azərbaycanlı öz doğma torpağından didərgin salınmışdır, qaçqın-köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənistan Azərbaycana qarşı soyqırımı törətmişdir. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülmüşdür. Onların arasında 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir-dedi.
Zirvə Görüşünə Qazaxıstanın birinci Prezidenti-elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistan prezidentləri ilə bərabər Macarıstanın Baş naziri də qatılmışdı.
Xəzər rayon təhsil işçiləri adından;
Həzərxan ƏBİLOV.
Share: