Şuşada yandırılan tonqal ermənilərin canını, ruhunu yandırdı…

Prezidentin Şuşadan xalqa etdiyi müraciət də, məşhur Cıdır düzündə Novruz tonqalının yandırılması da böyük tarixi hadisədir. Bəli, biz bu iki mühüm hadisəyə böyük anlamda Zaman və Məkan kontekstindən yanaşmalıyıq.

Dövlət başçısının Şuşadan xalqa etdiyi bu müraciəti onun əvvəlki müraciətlərinin, xüsusən də 44 günlük müharibə dönəmində xalqa etdiyi müraciətlərin məntiqi davamı və yekunu idi. Bu müraciət həm mənfur işğalçı qonşumuzun – Ermənistanın hərbi-siyasi rəhbərliyinə, revanşist müxalifətinə, həm də Ermənistanı müdafiə edən beynəlxalq güclərə açıq və net ismarıclarla diqqəti cəlb edir.
İlham Əliyev sözügedən müraciətində Şuşanın tarixən hansı xalqa, hansı ölkəyə məxsusluğu məsələsinə yenə də tarixin öz məntiqindən və həqiqətlərindən çıxış edərək növbəti dəfə aydınlıq gətirdi:
“Əgər bu, erməni şəhəri idisə, niyə ermənilər gəlib burada yaşamadılar? Əgər erməni şəhəridirsə, niyə belə bərbad günə qoyublar? Niyə talayıblar Şuşanı, niyə 28 il ərzində bərpa etməyiblər? Çünki ermənilərin tarixi yoxdur burada. Şuşa bizim qədim şəhərimizdir. Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub”.
Azərbaycan Prezidentinin bu cür dəmir məntiqinin, təkzibolunmaz müddəasının qarşılığında erməni tərəfinin ortaya çıxara biləcəyi, qarşıya qoyacağı birdənə də olsun tutarlı əks-arqumenti, mübahisəolunmaz faktı yoxdur. Necə deyərlər, erməni məntiqi Azərbaycan liderinin məntiqinin qarşısında acizdir.
Dövlət başçımız öz müraciətində indiyə qədər düşmən ölkənin KİV-ləri və təbliğat maşını tərəfindən mifləşdirilən, şişirdilən “erməni xeyriyyəçiliyi”nin, erməni yardım fondlarının və xeyriyyə marafonlarının, kampaniyalarının nə işğal dönəmində, nədəki İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı xilas edə bilmədiyini xüsusi olaraq vurğuladı:
“Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib. Bəli, evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bir neçə eybəcər bina tikilib. Faktiki olaraq burada heç bir tikinti aparılmamışdır. Ancaq sovet vaxtından qalan o “xruşşovkalarda” məskunlaşmış 2 minə yaxın erməni yaşayırdı, onların da böyük hissəsi hərbçilər idi, onların ailələri idi. Bəs, hanı bunların xeyriyyəçiləri? Deyirdilər ki, xeyriyyəçilər bunu etdilər, onu etdilər, ora pul verdilər, bura pul verdilər. Hər il marafonlar keçirirdilər, on milyonlarla dollar pul yığırdılar. İndi bilinir ki, o pullar keçmiş rəhbərliyin cibinə gedirdi. Mən azad edilmiş torpaqlara dəfələrlə gəlmişəm. Burada olan səfalət bəlkə də dünyanın heç bir yerində yoxdur. Bəs, nə ediblər onlar? Hamısı yalan idi, saxta idi, tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Onların şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərir, saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonra müzakirələr gedir və olmayan şeyləri reallıq kimi qələmə verirdilər”.
Azərbaycan Prezidenti Şuşa müraciətində bu fikirləri səsləndirməklə gecə-gündüz “feyk xəbər” üyüdən, dünya ictimaiyyətini cürbəcür dezinformasiyalarla aldatmağa çalışan məkrli erməni təbliğat maşınını da ifşa etmiş oldu. Ermənilərin tarixi necə saxtalaşdırmaq işində usta olduqlarını qeyd etməklə, Azərbaycan Prezidenti həm də dünya tarixçilərinə SOS siqnalı verdi. Bu siqnalın kökündə “tarixi həqiqətləri erməni saxtakarlardan qoruyun!” çağırışı dayanır.
Yeri gəlmişkən, ABŞ-ın nüfuzlu “Washington Post” qəzetinin Azərbaycan Prezidentinin Novruz bayramını 2020-ci ilin noyabr ayında erməni işğalından azad olunmuş, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində qeyd etdiyi haqqında məqalə dərc etməsi və həmin məqalədə İlham Əliyevin bu il Novruz bayramını məhz Şuşada təntənəli tonqal yandırmasını ayrıca vurğulaması da ermənilərə vurulan ağır psixoloji zərbədir. Göründüyü kimi dünya KİV-lərinin erməni arzularının, erməni xülyalarının iflasa uğramasını qabarıq şəkildə vurğulaması həm də Şuşanın Azərbaycana məxsusluğunun təsdiqidir. Dünya mediasının bu hadisəyə xüsusi diqqət göstərməsi əlbəttə ki, erməni siyasi elitasını və erməni cəmiyyətinin revanşist-millətçi-daşnak kəsimini qıcıqlandırmaya bilməz.
Prezidentin 28 illik aradan, ayrılıqdan, həsrətdən sonra ilk Novruz Bayramını məhz Şuşada qeyd etməsinin, tarixi Cıdır düzündə tonqal qalamasının həm də rəmzi mənası, mənəvi-psixoloji izahları, çalarları, yozumları var. Türk dünyasının, müsəlman aləminin mədəni mərkəzlərindən biri sayılan Şuşada bayram tonqalının alovlanması dünya mediasının diqqətini çəkdiyi qədər, şovinist və terrorçu erməni toplumunun da cızdağını çıxarır. İşğalçılar bu tonqalın alovunun yandırıcı istisini bilavasitə öz canlarında hiss etdilər. Bu tonqal onları həm məyus etdi, həm də dərin narahatlıq hissi keçirmələrinə səbəb oldu. Başqa sözlə desək, bu tonqal ermənilərin canını, ruhunu yandırdı və onların yeni işğalçılıq planlarının üzərindən birdəfəlik xət çəkdi. Cıdır düzündə qalanan tonqal “Böyük Ermənistan” nağılını da yandırıb külə döndərdi. Bu hadisə erməni miflərinə, uydurmalarına son nöqtəni qoydu. Erməni tarixinin miflər dövrü bitdi. Artıq bundan sonra saxtakar qonşularımız tarixi saxtalaşdıra bilməyəcəklər. Odur ki, indi Ermənistan cəmiyyəti 44 günlük müharibənin nəticələri ilə barışmalı və öz tarixinin yeni səhifəsini açmalıdır. Artıq hər bir erməni başa düşməlidir ki, “Artsax” mifi həmişəlik bitdi. Bundan sonra Şuşada həmişə azərbaycanlı ruhu hakim olacaq, Cıdır düzündə Novruz tonqalı alovlanacaq!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: