MHP Azərbaycan xalqını bayram münasibətiu ilə təbrik edib

Müstəqil.Az -a Milli Həmrəylik Partiyasının (MHP) mətbuat xidmətinin verdiyi məlumata görə, partiyanın sədri Əlisahib Hüseynov xalqımızı Novruz Bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Sizi xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və həyatınızda, işlərinizdə uğurlar arzulayıram.
Xalqımız uzaq keçmişlədən başlayaraq müasir günlərimizədək Novruz ənənələrini yaşadıb, qoruyub saxlayıb. Hətta tariximizin və taleyimizin ən keşməkeşli anlarında belə, bizim xalqımızın Novruz bayramını unutmaması və insanlarımızın bu bayramı hər zaman böyük coşqu ilə, yeni əhval-ruhiyyə ilə, qurmaq-yaratmaq eşqi ilə qeyd etməsi öz milli-mənəvi dəyərlərimizə sadiqliyimizin və böyük ehtiramın göstəricisidir. Xalqımızın keçmişini unutdurmaq üçün sovet rejimi dövründə, rəsmi səviyyədə keçirilməsi illər boyu qadağan olunmuş Novruz bayramını bu xalq böyük bir sevgi ilə qorudu, yaşatdı.
Bu il də Novruzun gəlişi milli ruhumuzun oyanışı ilə üst-üstə düşür. Xalqımız bu il Novruz bayramını bir başqa ovqatda qeyd edir. Bu ilki Novruz Qarabağlı Novruzdur, Zəfər Novruzudur. Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, doğrudan da tariximizdə qızıl hərflərlə yazılacaq hadisədir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonra xalqa müraciətində “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik” ismarıcını verməsi həm də 44 günlük müharibədə dəmir yumruğumuzu başlarına endirməklə ağır məğlubiyyətə uğratdığımız işğalçı Ermənistan dövlətinə və revanşist ermənilərə ünvanlanmış mesajdır. Dövlət başçımızın bu sözləri Şuşanın, Qarabağın əsl sahibinin kimliyinin təsdiqidir. 28 illik həsrətdən sonra Şuşada Novruz tonqalının qalanması işğalçı düşmənlərimizə vurulan ağır psixoloji zərbədir.
Odur ki, mən fürsətdən istifadə edib bu gün “hər kəsin Qarabağlı Novruzu, Qələbə dolu Novruzu mübarək olsun” deyirəm. Şanlı Ordumuzun işğaldan azad etdiyi torpaqlarımızın yeni günü – Ərgənəkonu, Novruzu mübarək olsun! Allah bu torpaqların azadlığı uğrunda vuruşan cəsur övladlarımızı, qazilərimizi qorusun. Əziz şəhidlərimizin ruhları şad olsun. Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəmanlarımızın doğmalarına – şəhid analarına, şəhid övladlarına səbr diləyirəm. Sağlamlığını itirmiş əsgər və zabitlərimizə Allahdan güc-qüvvət diləyirəm.
Bu il biz qubadlılar, zəngilanlılar, cəbrayıllılar, ağdamlılar, füzulililər, kəlbəcərlilər, laçınlılar, xocavəndlilər, şuşalılar üçün həm də ona görə əlamətdardır ki, Vətən müharibəsindəki böyük Qələbəmizin nəticəsində bu il bizim də 30 illik əzab dolu məcburi köçkün həyatımıza son qoyuldu. Odur ki, bu ilki Novruz necə deyərlər kədər və sevincdən yoğrulmuş bir Novruzdur. Amma sevinc hissimiz daha böyükdür və inşAllah insanlarımızın tezliklə öz ata-baba yurduna dönəcəyi günü böyük bir səbrsizliklə gözləyirik. Dövlətimizin Qarabağımızı dünyanın ən müasir, ən inkişaf etmiş və abad məkanlarından birinə çevirəcəyinə də əminik. İnşAllah Qarabağa qayıdımız sözün hər mənasında möhtəşəm olacaq. Biz dövlət və millət olaraq Böyük Qayıdışa birlikdə imza atacayıq!
Əziz soydaşlar, hörmətli dünya azərbaycanlıları!
Bu gün böyük bir sevinc hissilə qeyd etdiyimiz Novruz Bayramı birliyin, milli həmrəyliyin təcəssümüdür. Bu bayram harda olmasından, hansı ölkədə yaşamasından asılı olmayaraq millətimizin bütün fərdlərini bir yumruq kimi, bir ailə kimi bir araya gətirir. Bu, həqiqətən də möhtəşəm bir xüsusiyyətdir və məhz bu xüsusiyyətinə görə Novruz bayramı hər birimiz üçün əvəzedilməz bir bayramdır. Gəlin bu bayramın gətirdiyi birlik və bərabərlik əhval-ruhiyyəmizi daim yaşadaq, 44 günlük müharibə dönəmində bütün dünyaya nümayiş etdirdiyimiz Milli Həmrəylik əzmimizi bundan sonra da qoruyub saxlayaq, Bütöv Azərbaycan olaq!
Bayramınız bir daha mübarək olsun, əziz azərbaycanlılar!
Hörmətlə,
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri”
Müstəqil.Az
Share: