Polkovnik-Leytenantı Anar Kərimovun vəfatının il dönümünə…

 

365 gün.
Necə ağır oldu, necə çətin oldu bu 365 gün bizim üçün. Sənsiz geçən 365 gün. Ağ kağızda yazdığım bu qara 3 sadə rəqəm, sənsizlik içində, öz sadəliyini tamam itirmişdi. Sanki rəqəmlər də bizdən üz döndərdi. Bizə qarşı qəddar, amansız oldu.
Bizi heç gülməyə, sevinməyə qoymadı. Bir tərəfdən də zaman bizi sıxdı. Sən bizi tərk edəndən elə bil ki, dünyanın bütün saatları üsyana qalxdı insanlara qarşı. Belimiz büküldü, dizlərimizdə taqət deyilən o hal qalmadı.
Sənsizlik, sənsizlik bizi çökdürdü, qanadımızı qırdı, Anar. Üzümüzü hansı yana çevirsək sən ordasan. Cismən yox, xəyalımızın sultanı olaraq ordasan. Adicə, evin hansı yanına baxsaq sənin orada necə gəzdiyin, necə həmən yerdə dayanıb söhbət etdiyin, güldüyün və o mənalı baxışlarınla səssiz bizə baxdığını görürük. O baxışlarda nələr var, nələr..? Sevdiklərinə qarşı məhəbbət dolu baxışlar, dostlara qarşı sədaqət dolu baxışlar. Hər kəsi ovudacaq baxışlarını deyirəm, əziz qardaşım! Onları unutmaq olmur. Sanki baxışlarınla danışır, bizimlə həmsöhbət olursan. Ah, Anar, ah…
Sənsiz keçən 365 gün. Necə ağrılı, dözülməz ağrılı oldu. Hələ də olacaq. Neçə neçə 365 günlər bizi incidəcək, sıxacaq, boğacaq… çünki sənsiz keçir zaman. Çünki bu sadaladığım 365 gün də bizim kimi sənsiz qalıb. O da sənə həsrət çəkir, o da xivfətindədir. Dözülməz ağrıdır… dözə bilmirik. Hər dəfə məzarına gəldiyimizdə, balaca Akifin səni – Ata, ata, gəl gedək- deməyi içimizi param-parça edir. Dözülməz ağrıdır, dözə bilmirik. Ah, daha nə qədər 365 günlər bizi dözülməz ağrılara məhkum edəcək… onu bir Allah bilir.
Əziz, Anar!
Bu gün sənin vəfatının 1 ili tamam oldu. Məzarının önündəyik. Sənsizliklə üz-bəüz dayanmışıq. Acımız böyük…
Ölüm son demək deyil. Düzdür, lakin sən bu fanilikdə öz həqiqətlərini götürüb haq dünyana köçdün. Bizi bu fani dünyada yalnız qoydun.
Bilirəm, yerin yaxşıdır. Cənnətdəsən.
Ruhun hər zaman sevinsin, istəyirəm. Murafım tək budur.
Yalnız biz, bundan sonra sənsiz daha neçə neçə 365 gün görəcəyik.
Allahın rəhmətində ol, hər zaman.
Zöhrə Kərimova
Müstəqil.Az

 

Share: