Dırnaqarası “feminist”lərimiz özləri bu ən adi həqiqəti dərk etməyənə qədər, onlar əsla başqalarına yardımçı ola bilməzlər…

8 Mart Beynəlxalq Qadınlar gününü “8 Marş” şousuna çevirən psevdo-feministlərimiz barəsində heç nə yazmaq istəmirdim.
Lakin üç gündür ki, bir çox insanlarımızın bu barədə danışmaları da bir faktdır, bir reallıqdır və bu reallığı gözardı etmək olmaz. Cəmiyyəti düşündürən, narahat edən məsələlərə biz siyasilər də münasibət bildirməliyik.
Zatən bu “feministlər” özləri də etiraf edirlər ki, onların əsas məqsədlərindən biri də bütün diqqətləri öz üzərlərinə çəkməkdir. Bəli, onlar belə bir şablon və tapdanmış məqsədin dalınca düşüblər. Müəyyən mənada onlar bu məqsədlərinə nail olublar. İndi necə deyərlər, hamı onlardan danışır. Ancaq heç kim onların haqqında yaxşı bir şeylər danışmır. Çünki ortada yaxşı bir əməlləri yoxdur. “8 Marş” aksiyası şoudur, əməl deyil. Bir dəstə qızın, qadının müxtəlif şüarlar qışqıraraq paytaxtın mərkəzində aksiya keçirməyə və polislərlə qəsdən toqquşmaya cəhd göstərməsi həqiqətən də ucuz şoudan və siyasi avantürizmdən başqa bir şey deyildi. Çünki onların əsas məqsədləri ölkəmizdə 8 Mart Beynəlxalq Qadınlar gününü qadınların bayramı statusundan çıxarıb, onu siyasiləşdirmək idi. Yəni əsas məqsəd iddia etdikləri kimi qadın hüquqlarını müdafiə etmək deyildi. Bu aksiyanın qadın hüquqlarının yaxından-uzaqdan heç bir əlaqəsi yox idi.
Aydın məsələdir ki, bu gün Azərbaycan qadınlarının siyasi müstəvidə heç bir problemi yoxdur. Bizim ölkəmizdə qadınların siyasi motivlərə görə öldürülməsi faktı da indiyə qədər qeydə alınmayıb. Eləcə də ölkəmizdə qadınların siyasi fəaliyyətlə məşğul olması, siyasi partiyalara üzv olması, seçkilərə qatılması, parlamentə üzv seçilməsi baxımından da heç bir problem yoxdur. Əgər bu ölkənin ikinci şəxsi – Birinci vitse-prezidenti qadındırsa, deməli, Azərbaycanda qadınların hər hansı siyasi məhdudiyyətlərə, diskriminasiyaya məruz qalmasından danışmağa əsla lüzum qalmır. Bu mənada, xaricdəki mərkəzlərdən tapşırıq alan bir ovuc psevdo-feministin “nəlbəkidə fırtına” yaratmağa, qaşınmayan yerdən qan çıxartmağa, 8 Mart bayramını məcrasından, kontekstindən çıxarıb zorla siyasiləşdirməyə çalışması öncədən planlaşdırılmış təxribatdır. Ancaq gördüyünüz kimi bu plan işləmədi, bu təxribat alınmadı, baş tutmadı. Onların siyasi şousu siyasi yalan kimi iflasa uğradı. Cəmiyyət küçələrə can atan “feminist”lərin bu riyakar planını, aksiyasını qınadı.
İkinci Qarabağ müharibəsi dövründə antimilli, düşük “humanist” mövqe sərgiləyərək gecə-gündüz erməni əsgərləri üçün ağlaşma quran, döyüşlər zamanı ölən erməni əsgərlərinin fotolarını sosial şəbəkələrdə profil fotosu kimi paylaşanlar, “Sülh!” deyib car çəkən pasifistlər, feministlər ruhən bizim cəmiyyətə yad olduqlarına görə, cəmiyyət də onları dəstəkləmir. 30 ildir çadırlarda, yataqxanalarda yaşayan soydaşlarımızın halına acımayan, məscidlərimizi, qəbirlərimizi, muzeylərimizin erməni vandalları tərəfindən dağıdılmasına göz yuman, Qarabağdakı ərazilərimizin az qala hər qarışının minalanması nəticəsində əsgərlərimizin və mülki vətəndaşlarımızın tez-tez minaya düşüb həlak olmasına səsssiz qalan bu xalq düşmənlərini – dırnaqarası “feminist”ləri, “pasifist”ləri, “humanist”ləri, “sülh göyərçinləri”ni cəmiyyətimiz nəyə görə dəstəkləməlidir ki? Axı onlar ruhən özlərini Azərbaycana yox, düşmənlərimizə doğma hesab edirlər. Erməni əsirliyindəki qadınlarımızın, Xocalı soyqırımının dəhşətlərini yaşamışın qadınlarımızın haqqını, hüququnu bircə dəfə də olsun müdafiə etməyən, buna görə beynəlxalq qurumlar qarşısında Ermənistanın cəzalandırılması tələbini irəli sürməyən “feministlər”, “humanistlər” srağa gün təşkil etmək istədikləri aksiya ilə əslində həm cəmiyyəti, həm də dövləti mənəvi-psixoloji terrora məruz qoymaq istəyirdilər. Lakin cəhdləri elə özlərinin psixoloji iflası ilə nəticələndi.
Zənnimcə, əlaqədar qurumlar bu “feminist” fəallar üçün gerçək feminizm və qadın hüquqları ilə əlaqədar geniş maarifləndirmə işi aparmalıdır. Feminizm küçə həyatı deyil. Feminizm əxlaqsızlıq deyil. Feminizm özbaşınalıq deyil. Feminizm bütün mənəvi dəyərləri ayaqlar altına atıb, bioloji bir varlığa, nihilist və anarxist ünsürə çevrilmək demək deyil. Bu adamlara başa salmaq lazımdır ki, qadın hüquqlarını müdafiə etmək üçün illah da ki, bu cür radikal, ifrat üsullara əl atmağa gərək yox. Qadın hüquqlarını uğurlu bir şəkildə müdafiə edə bilmək üçün başqa vasitələr, daha sivil yollar da var. Bunun yolu ilk növbədə sosial və hüquqi yardımdan keçir. Dırnaqarası “feminist”lərimiz özləri bu ən adi həqiqəti dərk etməyənə qədər, onlar əsla başqalarına yardımçı ola bilməzlər. Bu ki heç bir isbata ehtiyacı olmayan aksiomadır.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Müstəqil.Az
Share: