İnsanlığın ölçüsü ilə qurulan yaşam

Ürəyinizdə Günəş olsun!

Asif Atanın Mütləqə İnam Ocağının gələnəksəl işlərindən biri – Bitiqlərin (İnam kitablarının) çap olunması davam edir. Bir-birinin ardınca Asif Atanın iki Bitiyi – “Qutsal Quruculuq”, “Anlam İnsaniliyi” işıq üzü gördü. Genel olaraq, Asif Atanın “Onluğu” Türk xalqından başlayan Yeni Bəşər İnamının özül dəyərlərini, fəlsəfəsini özündə daşıyır.Ona görə də Dünyabaxışın bu Bitiqlərini təkcə Yurdumuzun oxucularına deyil, bütövlükdə İnsanlığa sunuruq.

Bitiqlər gələn həftədən M.F.Axundov adına “Milli Kitab Evi”nə bağışlanacaqdır.

Sayğılı oxucular, indi sizə Ocağın Yükümlüsü Soylu Atalının Bitiqlərə yazdığı “Ön Söz”ü sunuruq.

1-ci, “Qutsal Quruculuq”a yazılan “Ön Söz”

 

İnsanlığın ölçüsü ilə qurulan yaşam

 

İnamın Bitiqlərinə “Ön Söz” gərəkdirmi, deyilmi – bilmirəm. Ancaq yazırıq, sunuruq. Qutsal Onluğun bu altıncı Bitiyi “Qutsal Quruculuq” adlanır. “Yol. Ata Sözü”, “Sədaqət”, “Ruhani Hökmlər” əsərlərini, eləcə də “Yeddi Müqəddəs Kəlam”ı özündə birləşdirir. Bu Bitiqlərdə həm genel ruhaniyyatın fəlsəfəsi açılır, həm də Asif Atanın özünün yaratdığı, başladığı Mütləqə İnamın fəlsəfəsi. Asif Atanın fəlsəfəsi yeni, həm də fərqli fəlsəfədir. Gələnəksəl fəlsəfələrlə ortaq nöqtələri çox deyil. Bütün başqa fəlsəfi yönlərdən daha çox Hürufilərin İnsançılıq öyrətilərinə (təlimlərinə) yaxındır. Yeri gəlmişkən, bir sıra yazarlar, düşünərlər Asif Atanın öyrətisini Hürufi­lərin öyrətisi ilə eyniləşdirirlər, bəzən də onun davamı kimi götürür­lər. Deyil! Yaxınlıq var, ancaq nə Hürufiliyin eyni deyil, nə də davamı. Genel anlamda Mütləqə İnamı Tanrıçılığın da, Xürrəmiliyin də, Hürufuliyin də davamı saymaq olar. Yəni Milli Ruhun yaşadıl­ması açısından. Ancaq Milli Ruhun yaşadılması Asif Ata öyrətisində yeni ideyalarla yenilənərək baş verir. Yenilənmə – ideyaların, tələb­lə­rin yenilənməsi deməkdir. Yenilənmə olmayan yerdə intibah yox­dur. Yəni yüzillər öncə mövcud olmuş ən qabaqcıl baxışı belə, oldu­ğu kimi təkrarlamaq özünü doğrultmaz. Hər çağda ruhun daha gəliş­miş tələbləri olur. Bu baxımdan yanaşanda Qədimliyi təkrar eləmək yox, Qədimlikdən güc almaq gərəkdir. Asif Ata da Qədim­likdən güc alaraq yeni İntibah Yolu başlayıb. Bir sözlə, onun 6 ideyasını (“Mütləqə İnam”, “Kamil İnsan”, “Ruhani Cəmiyyət”, “Müstəqil Vətən”, “Özümlü Şərq”, “Ləyaqətli Bəşər”) öyrənməklə də bu fəlsəfənin fərqini bütün dolğunluğu ilə anlamaq mümkündür. Belə götürəndə bu yazıda biz Asif Atanın başqa baxışlardan fərqini deyil, kitabın anlatmaq istədiklərinə üz tutmaq istəyirik. Ona görə sadəcə fərqli olan ideyaların adını çəkməklə yetərlənəcəyik. Məsə­lən, “Mütləqə İnam”, “Ruhani Cəmiyyət”, “Müstəqil Vətən”, “Özüm­lü Şərq” başqa dünyagörüşlərdə, o sıradan Hürufilikdə yoxdur.

İndi isə kitabın anlatdıqlarını öyrənməyə şalışaq. Başqa dünyagörüşlərdə olduğu kimi, Asif Atada da ideyalar sistemindən başqa, bu ideyaları öyrədən, gerçəkləşdirən öyrəti (təlim) vardır. Öyrəti – ideyaların məktəbə çevrilməsidir. İdeya verən onun gerçək­ləş­dirilmə, yaşadılma yolunu, üsulunu da öyrədir. Ruhsal yaşamaq, ruhsal mübarizə aparmaq – gələnəksəl fiziki-bioloji, sosial qaydalarla alınmaz. Burada ideyanın yaradıcısına münasibət də ideyaya münasi­bət qədər önəmlidir. İdeyanın yaradıcısına adi baxmaq, adi yanaş­maq, yəni ona hamının biri kimi münasibət sərgiləmək ideyanın etki­sini ortadan qaldıra bilər. Ona görə Asif Ata bu kitabında davam­çıları üçün Yola, Amala, özünə münasibət qaydaları bəlirləmişdir. Dinlərdə insan Allahla, ya da Allahın cəzası sayılan cəhənnəmlə qorxudularaq peyğəmbərə, onun yoluna sayğılı münasibət tələb olunur. Asif Atada isə Atalığın ləyaqəti, böyüklüyü öyrədilərək müna­sibət formalaşdırılır. Kamil insana münasibət – böyüklüyə, ləyaqətə, mənəviyyata sayğı, sevgi, səcdə deməkdir. Bu davranışları həyata keçirmək, içəridən dəyişilmək tələb edir. Böyüklük qarşısında lovğalıq, təkəbbür, paxıllıq, qısqanclıq sındırılmalı, onun yerinə böyüklüyü anlayan, doğruldan mənəvi güc yaradılmalıdır. İnsana münasibətin dəyişilməsi – böyüklüyə münasibətin ucalığından başla­yır. İnsanın özünü başqasında tapması özünüdərk prosesinə gətirib çıxarır. Başqasındakı gözəllikləri kəşf etmək, başqasını sevmək – özündəki balacalıqları tanıyıb ortadan qaldırmaqla olar. Bu cür qurulma Asif Atanın “Ruhani Cəmiyyət” ideyasının özül sürəc­lə­rindəndir.

Bu Bitiyin birinci kitabı “Yol. Ata Sözü”dür. Bu kitabda insana iç şərlə, eləcə də toplumsal şərlə döyüş yolu, üsulu öyrədilir. Burada belə bir deyim var: “Vətənçilik Ocaqçının ən böyük düşmənidir”. Çünkü Vətənsizlik – şəxsiyyətin yaranmamasıdır. Şəxsiyyət yetişmə­yən­də dəyər də yaranmır. Dəyəri olmayan Vətəni qorumaq, sevdir­mək çox çətindir. İnsan vətəni o vaxt sevməyə başlayır ki, orada ana laylasının, ana dilinin, ana mehrinin şəxsiyyətlər böyütməsini anla­ma­ğa başlayır. Bunun üçün ölçü gərəkdir. Dəyər ölçüsü ana nəfəsini övlad qüdsiyyətinə çevirir. Belə bir hal vətəni dəyərə çevirə bilir. Vətən dəyərə çevriləndə onun torpağında yatan ölünün də urvatı olur. İnsanın qurtuluşunu Batıda, Doğuda, başqa yerlərdə axtar­maq vətənsizlikdir. Siyasətçilər sözdə xalq deyirlər, ancaq işdə qıraqdakı güclərdən yardım umurlar, onlara küsənirlər. Çünkü vətən övladının ruhunu böyütmək əzabına qatlaşmırlar. Siyasətçinin məqsədi özüdür, ancaq xalq üçün çalışan görünür. Bu elə vətənsizlikdir.

İdraka heç nə verməyəni alim adlandırırlar. Həqiqətə heç nə verməyəni mömün sayırlar. Vətənə heç nə verməyəni başa çəkirlər. Şüur pozulub, əxlaq geriləyib – yalan başa çıxıb. Dolanışıq xatirinə ömürlərdə yalan Allahdan (Mütləq olandan) üstün tutulur. Yalan vədlər, yalan adlar, yalan andlar, yalan dostluq – toplumsal ortamın ölçüsünə çevrilib. Məğrur yaltaqlar, qoçaq yalançılar, cəsur oğrular dünyasında sanki hamı bir-birini qoruyur, birləşirlər – milli adlar düzəldirlər, yeni milli qeyrət uydururlar. Ödüllər, rütbələr  qazanırlar, şöhrətlənirlər. Yaxşı dolanırlar, milli görünürlər. Doğru yoxa çıxır, oğru başa. Həqiqət yoxa çıxır, yalan başa. Ədalət yoxa çıxır, eybəcərlik həyatı bürüyür. Vətənsizlik fəlakəti yaşanır toplumda.

Kitab insan şəxsiyyətinin daha bir düşməninin “Yalan” olduğunu vurğulayır. “Yalan”– ömürdə boşluq yaradır, uçuruma çevrilir. İçində yalan gəzdirənlərə bel bağlamaq uçuruma düşməkdir. Yalanla nəfəs alanın dilində doğru belə bütöv deyil, yarımçıqdır, ziddiy­yət­li­dir.  Yarımçıq doğru ilə həqiqəti dərk eləmək olumsuzdur. Şəxsiy­yəti bütövləşməyənin yarımdoğrusunda qısqanclıq, paxıllıq, məkr, xəyanət, mənəmlik gizlənir. Bu cür antiinsani keyfiyyətlər yarım­doğrunun arxasında gizlənərək Xeyiri ləkələməyə, həqiqəti kölgələ­məyə çalışır. Özünü var göstərir, toplumsal həyata pozuntular gətirir. Yarımdoğrular şəxsiyyətin qarşısında əngələ çevrilirlər. Şəxsiyyəti görməli, anlamalı olan sadə insanlar yarımdoğruları çox vaxt aşa bil­mir­lər, onların yarımdoğru, yarımoyun sözlərində ilişib qala bilirlər. Buna görədir ki, toplumsal (ictimai) həyatda tərəqqi, intibah gecikə bilir. Bir sözlə, yalan həmişə xeyir libasında göründüyü üçün çaşdıra bilir. Asif Ata bu durumu ortadan qaldırmaq üçün hər bir müna­sibətin Mütləqilik səviyyəsinə üz tutur. İnsanlığı da buna çağırır.

Yalan bireysəl münasibətlərdə inkişaf elədikcə toplumsal həyatda daha geniş fəlakətlərə çevrilir. Yalanın qaynağını insanda axtarmır­lar, quruluşda, gedişdə, zamanda axtarırlar. Ona görə yalan ortadan qalxmır, bir yalan başqa yalanla əvəz olunur, yaşayır, davam edir…

Bugünün yalanı dünənin yalanından fərqli görünür. İndi yeni texnologiyalar var, həyat guya durmadan qabağa gedir. Çağdaş yalan insana münasibəti gizləməyə çalışır. Guya bu gün insana münasibət dünənki münasibətdən üstündür. Bu gün insanın dərisini soymurlar, tonqalda yandırmırlar, ölüm hökmü də ortadan qaldırılıb. Üzdəki dəyişikliklər çağdaş yalanlarla pərdələnir, yeni qəbahətlər dalğası yeriyir həyatın üzərinə. Toplumsal eybəcərliklərin genişlənməsində uluslararası siyasal qurumların rolu daha böyükdür. Pulçuluğu yaşam ölçüsünə çevirənlərin yaratdığı tərəqqi yalanı İnsanlığa zərbələr vurmaqla qabağa gedir. Bütün dünyada bu yalançı tərəqqiyə qoşul­maq istəyənlərin yarışı gedir. Mənəviyyat dünyasına arxa çevirib maddiyyat dünyasızlığına doğru sürünənlər üçün yarımhəqiqətdən, yarımədalətdən, yarımazadlıqdan yüksəkdə duran ölçü mövcud deyildir. Belələri Vətənin taleyini asanlıqla yadlığa tapşırırlar.

Deyirlər Avropada hər şey yaxşıdır, Azərbaycanda pisdir. Ancaq heç kim özündən soruşmur: bəs yaxşılar pisin onlarla qonşu olma­sına, genel olaraq, həyatda eybəcərliyin yaşamasına necə dözürlər?! Necə yaxşıdırlar ki, pisliyin arxasında dururlar, insanların əzabla yaşamasına göz yumurlar. Deyirik, əgər bir ölkədə insana qiymət yoxdursa, dünya pisdir. Qonşunda meyit qoxusundan xəstəliklər törə­yirsə, sənin evində necə sağlam həyat ola bilər?! Bir ölkədəki gerilik bütün dünyanın geriliyi deməkdir. Mənəvi xəsarətin bəşər övla­dına dəxli yoxdursa, onda onun dünyada yaşamağının anlamı yoxdur…

“Yol” kitabında toplumsal şərlə döyüşməyin başqa bir çaları kimi Asif Ata “İnamsızlıq” anlayışının adını çəkir. Dində Allaha inanan dünyaya inanmır. Dünya onun gözündə mənasızlaşır. Əslində Dünya Allahın (yəni Mütləq olanın) görsənişidir. Dünya özündə Mütləq olanı gəzdirir. Dündə Dünya Allahı özündə gəzdirmir, Allahın oyuncağı kimi bilinir. Allahın axirət dünyası var, bu dünyanı özünə oyuncaq kimi yaradıb. Buradan bir sual ortaya çıxır: Əgər bu dünya oyuncaqdırsa, onda dünyada yaşayan insan kimdir, oyuncağın sakini nə deməkdir?! Belə bir oyuncaq dünyada kamil olmaq nə deməkdir?! Bu məntiqsizlikdən yerə-göyə sığmayan inamsızlıq törəyir. Asif Ata bu inamsızlıqla döyüşməyi Ocaqçının İnsani borcu sayır. Asif Ataya görə Dünya, İnsan mənaca əzəlidir, əbədidir. Bunları oyuncaq saymaq, fani elan eləmək günahdır.

Asif Ata Allah anlamına, yəni Mütləqə əsillik keyfiyyəti verdi. Bu keyfiyyətlərə üz tutanda insan da özümləşir, millət də. İnsan­lararası, millətlərarası münasibətlərdə doğruluq, doğmalıq bər­qə­rar olur. Dindəki kimi Allah insanı istismar eləmir, müqəddəsliyə yüksəlir. Dövlət insanı istismar eləmir, çünkü Allah anlamı ilə (yəni Mütləqlə) insan arasında birlik yaranır. Dövlət bu birliyin gücünü əyə bilmir, zor yenilir, müqəddəslik bərpa olunur.

İnsanı qurmaq bəşəri qurmaqdır. İnsan qurulanda birgəyaşayış nizam tapır. Birgəyaşayışın nizamından xalq yaranır, sürüçülük aradan qalxır.

İnsanilik sonsuz olaraq yenilənir. Doğuluş, yaranış nizamı ilə başa gəlir yenilənmə. Yenilənmədə hər bir insan özünəxaslıq qazanır – atalığında, analığında, qardaşlığında, bacılığında, dostluğunda heç kimi təkrar eləmir. Bu yenilənmə heç vaxt başa çatmır, dayanmır, yəni əbədidir. Əslində bu, yeni nikbinlik ölçüsüdür, İnamsızlığın aradan qalxmasıdır.

Kitabda Ocaqçının qarşısında qoyulan tələblərdən biri də “Ataya münasibət” başlığı altında vurğulanıbdır. Üzdən baxanda bu tələb Asif Atanın özünə qarşı məcburi münasibət yaratması kimi görünə bilər. Əslində isə məsələ çox fərqlidir. İnsanlarda adi münasibətlərə, başqa sözlə, münasibətləri adiləşdirməyə alışqanlıq yaranıb. Bəzən yanımızda bizim kimi yeyən, bizim kimi gəzən, bizim kimi yatan bir dahinin, bir şəxsiyyətin böyük dəyişikliklər yaradacaq qüdrətini görmürük, dərk eləmirik. Onunla adi davranırıq, adi danışırıq. Ona görə də o bizi böyüdə, həqiqətləri anlada bilmir, adilik mane olur. Ancaq böyük şəxsiyyət bizi öz qüdrətinə, insani  quruculuğuna ortaq eləmək üçün özünə qarşı münasibət bənzərsizliyi yaratmalı olur. Bu tələbi anlayan kəs içindən böyüyür, özünü dəyişir, milli-insani quruculuq yoluna düşür. Anlamayan isə şəxsiyyəti özünəvurğun­luqda, mənəmlikdə suçlayır. Asif Ataya münasibət də bu açıdan düşünülməli, dərk olunmalıdır. Dünyanı dəyişmək qüdrətinə yetən bir insanla davranmağın ölçüsü, söz yox, hamıya yanaşma kimi başa düşülməməlidir. Ona görə deyirik: Asif Atanın, adını eşitmək, bilmək, hədəflərinin əlamətləri ilə tanış olmaq azdır, Onun ruhunu tanımaq gərəkdir. Bizə görə bugünün gedişini dəyişməyin anlamı Asif Atanın ruhsal varlığında yaşayır. Onu  topluma öyrətməsək, dəyişiklik baş tutmaz. Biz dəyişikliyə varmağın anlamını aydınlat­maq üçün Asif Atanı tutuşdurmalarla sunuruq. Bu da yeniliyin tələblərindən doğan bir üsuldur. Mövcud olanla Yeniliyin fərqini başqa cür göstərmək də mümkün deyil. Dini, fəlsəfi öyrətilərdə insan əsil mahiyyətindən uzaqlaşdırılır. Bu nədə özünü göstərirsə, biz dəfələrlə aydınlıq gətirmişik. Asif Atanın öyrətisi isə insana əsil mahiyyətini göstərməklə, öyrətməklə yeni həyat ölçüsü bəlirləyir. Bu zaman O, öz ardıcıllarının qarşısında mübarizə tələbi qoyur: insanın özünüdərk sürəsinə başlaması üçün dini, fəlsəfi yalanları danmalı, rədd etməli. İnsan mənəviyyatının gözəlliklərini göstərməyən öyrəti­lərin yaşaması fəlakətdir. Fəlakəti qoruyanlara sayğı göstərmək mənəvi zəlilliyi urvatlı göstərməkdir. Ocaq mənəviyyata axıb dolan qəbahətlərin qarşısına keçərək həyata ülviyyət gətirməyi müqəddəs borcu sayır.

Kitabda “Xalq” başlığı altında belə bir deyim var: “Xalq – İnsanların sadəcə cəmi deyil, Birliyidir”. Xalqın Birliyi – etiqad, əxlaq, idrak, dil birliyi deməkdir. Bu açıdan yanaşanda Asif Atanın fəlsəfəsi demokratiyanı antixalq bir ideoloji sayır. Çünkü demokratiya bir xalqın içində min dənə yanaşı (paralel) etiqad tanıyır. Min dənə idrak tanıyır – bir-birindən yer-göy qədər fərqli, bir-birini danan. Xalq Birliyi Vətən birliyidir. Vətəni onun şəxsiy­yətləri, dəyərləri urvatlandırır. Məsələn, Azərbaycan üçün Xalq Birliyi nə müsəlmanlıqda, nə demokratiyada özünü doğrultmur. Müsəl­manın xalqı yoxdur, ümməti var, şəxsiyyətləri də qıraqdan gəlir. Demokratiya şəxsiyyət tanımır – böyüklə balacanı (böyüklüklə balacalığı da demək olar) eyni ölçüdə görür, göstərir. Bu açıdan Asif Atanın “Ruhani Cəmiyyət”, başqa adla “Xəlqi Birlik” ideyası mövcud baxışları qəbul etmir, onlardan yüksəkdə durur…

Bitiyin ikinci əsəri “Sədaqət” adlanır. Burada Ocağın biçim quralları, Ocaqçının mübarizə üsulu, Ocaqçının andına, mübarizə istəyinə uyğun böyüməsi, hərəkətə keçməsi bəlirləmir. Ocaqçının Özüylədöyüş yolu, Ataya, Amala, ideallara inanmaq, bağlanmaq kəlam-kəlam öyrədilir. Bir sözlə, Mütləqə İnam Ocağını yaşatmağın, onun ideyalarını gerçəkləşdirməyin gərəkliyi idraki prinsiplərlə təsdiq olunur.

Bitiyin “Ruhani Hökmlər” əsərini də Ocaq quruculuğunun başlıca üsulu, əməli adlandırmaq olar. Ocağa gələn çox şeylərdən imtina edir. İmtinasız Kamilləşməyə yetmək olumsuzdur. Kef adamı, maddiyyat adamı, özünü düşünən Ocaqda var ola bilməz. Ruhani Hərəkatın başlıca şərti imtinadır. Asif Ata öz Ocaqçılarını öyrədir, böyüdür, quruculuğa yönəldir. Hər kəs cəmiyyətdə onun qaydaları ilə yaşayır. Ancaq cəmiyyəti dəyişmək istəyən onun qaydaları ilə yaşaya bilməz. Ocağa gələn köhnə vərdişlərdən daşınmalı, ömrünün yönü dəyişməlidir. Bunun üçün qarşıda özünə inam, özünü dəyişmə, kamilləşmə tələbi durur. Bu tələblərə yüksələ bilməyən, yaşaya bilməyən Ocaqdan uzaqlaşdırılır. Ocağın insanlaşdırma qüdrəti – onu eşidənlərdə yaşayıb gerçəkləşir. Ocağın bu cür içsəl nizamı Asif Atanın Ruhani Hökmləri ilə qorunur.

Bitiqdə yer almış “Yeddi Kəlam”da Mütləqə İnam Ocağının yaşam nizamını, Hərəkatın gerçəkləşmə biçimini öyrədir.

Beləliklə, Asif Atanın 6-cı Bitiyinin – Qutsal Quruculuğun  məzmunu ilə bağlı qısaca bir tanışlıq bilgisi sərgilədik. Bütövlükdə isə Bitiyi oxucunun ixtiyarına veririk. Hər birimiz bu Bitiyi öyrənsək, öyrəndiklərimizi öyrətsək, İnsanlığa qulluq göstərmiş olarıq.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

Soylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

 

Share: