Lənkəranlı keçmiş müəllimə “mal” alverinə başladı, taksi sürücüsünü də bu işə qoşdu

Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Lənkəran rayon sakinləri – 36 yaşlı Ruslan Əliyevin və 40 yaşlı Salehə Əsədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org-un xəbərinə görə, İran vətəndaşı “Rəhim” adlı şəxslə cinayət əlaqəsinə girən R.Əliyev və S.Əsədova ötən il yanvarın 25-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu ərazisində saxlanılıblar. Saxlanılan zaman onların üzərindən 1 kiloqram heroin və 500 ədəd metodon psixotrop həb aşkarlanaraq götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə cinayət işi başlanılıb.

Təqsirləndirilən Ruslan Əliyev ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu, həmyerlisi Salehə Əsədovanı ara-sıra Bakıdan Lənkərana aparıb-gətirdiyini, sonuncunun ona İranda yaşayan “Rəhim” adlı tanışının Azərbaycana heroin keçirərək satdığını deyib və onlarla birgə işləməyi təklif edib: “Maddi imkanım yaxşı olmadığından razılaşdım. Belə razılığa gəldik ki, “Rəhim” “mal”ı göndərəndə birgə gedib götürək. Həmin iranlı malı ya Biləsuvar, ya da Masallı ərazisində gizlədirdi. Malı kimin vasitəsilə keçirdiyini bilmirəm. Salehə mənim nömrəmi iranlıya vermişdi, lazım olanda mənimlə vatsapla əlaqə saxlayırdı”.

 

R.Əliyevin ifadəsindən belə məlum olub ki, həbs olunan günədək göstərilən şəkildə işləyiblər. Salehə ilə birgə rayonlara gedib “mal”ı iranlının dediyi yerdən götürüb, onun özünün dediyi adamlara da satıblar.

Həbs olunmazdan bir neçə saat əvvəl iranlı Ruslana zəng vurub deyib ki, Biləsuvar rayonunda 1 kiloqram heroin və 500 ədəd metodan olacaq, oraya gedib “malı” götürmək, Salehəyə çatdırmaq lazımdır: “Salehə deyirdi ki, həmin “mal”a görə 12 min 500 manat veriləcək. O puldan 200 manatı mənə çatacaqdı. Salehənin payına nə qədər düşəcəyini bilmirdim. Qalan pul da başqa bir taksi sürücüsü vasitəsi ilə “Rəhim”ə göndəriləcəkdi. Biləsuvara gedib “malı” götürdüm. Zəng vurub Salehəyə dedim ki, Salyan postunu keçmişəm, “mal”ı gətirirəm. Salehənin yaşadığı evin qarşısına gəldim ki, əmanəti özünə çatdırım”.

Axşam saatlarında əlində narkotik bağlaması olan R.Əliyev həmyerlisinin qapısını döyüb “mal”ı ona vermək istədiyi zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyiblər: “Əvvəllər heroin, son vaxtlar isə ancaq “şüşə” qəbul edirəm. Üzərimə baxış keçiriləndə “şüşə” də və bir qram heroin aşkarlandı. O bir qramı iranlının göndərdiyi heroin torbasının içindən özüm üçün götürmüşdüm”.

Təqsirləndirilən Salehə Əsədova ifadəsində “Rəhim” adlı şəxsi İrana gəzməyə getdiyi vaxtlardan tanıdıdığını, onun ailəsi üzvləri ilə səmimi münasibət qurduğunu, ara-sıra İrana ya həkimə, ya da bazarlığa gedib-gələndə sonuncunun ailəsi ilə birgə yaşadığı evdə qonaq qaldığını göstərib. Söhbət əsnasında “Rəhim” ona uzun zamandan bəri İrandan Azərbaycana heroin və psixotrop maddələr göndərdiyini, bu yolla pul qazandığını deyib: “Harada işlədiyimi soruşduqda əvvəllər müəllimə işlədiyimi dedim. “Rəhim” də dedi ki, mən də əvvəl müəllim işləmişəm, sonra özüm çıxmışam işdən. Birgə işləməyi təklif etdi. Əvvəlcə razılaşmadım”.

Maddi sıxıntı içərisində olduğunu deyən S.Əsədova sonradan iranlının təklifi ilə razılaşıb: “Həyat yoldaşımdan ayrılmışdım, işsiz idim, kirayə pulunu, övladımın təhsil haqqını belə ödəyə bilmirdim. Ona görə də məcbur olub razılaşdım. Bu işin təhlükəli olduğunu dedikdə “Rəhim” “vatsapla danışarıq, problem olmaz” dedi. Mən də bu barədə taksi sürücüsü Ruslana danışdım. Onunla münasibətlərimiz çox yaxındır, iranlı ilə işləməyi Ruslana da təklif etdim, razılaşdı. Bu üsulla bir müddət işlədik, hərə öz payına düşən pulu götürdükdən sonra qalan məbləğ “Rəhim”ə göndərilirdi”.

Saxlanıldığı gün barədə anoloji ifadə verən S.Əsədova heroinin satışından əldə olunacaq pulun 200 manatının Ruslana, 700 manatının isə ona çatacağını deyib: “Həmin gün bir neçə dəfə Ruslanla telefonla danışdım. Dedi ki, “mal”ı Biləsuvardan götürmüşəm, yoldayam, Bakıya çatıram. Ruslan qapını döyüb içəri girmək istəyəndə mülki geyimli şəxslər bizə yaxınlaşdılar”.

Narkokuryerlərin işi üzrə proses davam edir.

Müstəqil.Az

Share: