Ay işığına dönən əsgər

Dünyanın təməlində vardır dağıntılar, çəkişmələr, üsyanlar… Dünyani sevgiylə, məhəbbətlə idarə etməyin asan və rahat bir yolu olduğu halda, bir-birinə yad ya da doğma olan insanlar arasında, sonra da ölkələr səviyyəsində savaş yoluna üstünlük verilmişdir.

Azərbaycan dövlətinin istəmədən qatıldığı müharibələr də haqsızlığın, yersiz eqoizmin doğurduğu fəlakətlərdəndir… Otuz ilə yaxın işğal altında olan torpaqlarımızı düşməndən azad etməkdən ötrü xalqımız, ordumuz  bir dəmir yumruq altında birləşdi və tarixi qələbəsini çaldı!…

Müharibə həm də tarixin digər üzünü meydana çıxardı, göstərdi ki, necə oğullar böyüyüb çıxıb meydana Azərbaycanda, hər biri də igid, vətənpərvər, qəhrəman… Belə oğullardan idi Elnur Aydın oğlu Tağıyev… O, 10 iyun 1997-ci ildə Sumqayıt şəhərində doğulub böyümüşdü,  sonradan yığışıb bu kənddə köçmüşdülər, elə orta məktəbin son siniflərini də T.Nurullayev adına Xəlfəli kənd tam orta məktəbdə oxuyub bitirmişdi. Hərbi xidmətə çağırılmış və 2015-çi ildə həvəslə Milli Orduda xidmətə yollanmışdı, əsgərliyini Naxçıvanda kəşfiyyatçı kimi çəkmiş, bu zaman özünün yalnız yüksək bacarıq və qabiliyyətlərini göstərmişdi. İdmanın güləş növü iə məşğul olan əsgər yarışlarda  birinci yerə çıxmışdı. Onun peşəkar hərbçi olmaq üçün potensial imkanlarını görən türk zabitlər altı aylıq təlimlərə qatılmasına şərait yaratmış və həmin təlimlərdə yüksək nəticə göstərdiyinə görə Fəxri Fərmanla təltif edilmişdi. 2016-cı ilin dekabr ayında hərbi xidmətdən qayıdan Elnur Tağıyev tikintilərdə fəhlə kimi işə başlayaraq ailəsinə maddi dəstək olmuşdur. Amma general Polad Həşimovun şəhid olması onun da qanını coşdurmuş, ürəyini düşmənə intiqam hissi ilə doldurmuşdu…

..Bir Ay işığına bürünər yolum,

Tanrıdan güc alar, bükülməz qolum.

Yaraşmaz döyüşdən uzaqda qalım,

Məni hifz eləyər etdiyin dua,

Arxamca bir ovuc su qəp, ay ana….

Daim cəbəhəyə getməyə, qisas almağa fürsət axtaran gənc müharibə başlayarkən arzusuna çatır. 29 sentyabr 2020-ci ildə döyüşlərə qatılan əsgərin yolu Füzuli, Cəbrayıl, Qubadlıdan keçir. Əfsuslar olsun ki, 25 oktyabr 2020-ci il tarixində bu şərəfli döyüş yolu qırılır Elnurun, həmin gün o, Qubadlı uğrunda gedən ağır döyüşlərin birində Vətənə borcunu canı ilə ödəməli olur…

Bu döyüş zamanı onunla birgə düşmən mühasirəsinə düşən bir qrup əsgəri xilas etmək üçün bütün bacarığını işə salan və onları ağlı və cəsarəti ilə mühasirədən çıxarmağı bacaran Elnur, özü  şəhidlik mərtəbəsinə qalxır…

Ölümündən sonra Elnur Tağıyev “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Üç bacının bir qardaşı idi Elnur, atası Aydın deyir ki:

-Vətən sağ olsun! Elnur mənim qolumun qüvvəti, köməyim və tək oğlum idi. İndi isə bütün Azərbaycan xalqının balasıdır. Onunla fəxr edirik! Anası Səkinə xanım oğlundan aramla söz açır, deyir o, əvvəldən fərasətli, vətənpərvər, istiqanlı, mehriban idi. Heç vaxt haqsızlığı bağışlamazdı, bağışlamadı da… Bacısı Vüsalənin isə yaddaşında Elnur qəlbi eşqlə dolu gənc kimi qalıb:

-Elnurla həm də dost idik, sirrini mənimlə bölüşərdi, gözaltısı vardı deyəsən, amma demirdi, bu il evlənmək fikrində idi.. Hərbi komissarlıqdan çağırış vərəqəsi gələndə qardaşım Şamaxıda işləyirdi. Eşidən kimi çıxıb gəldi və sabahı gün müharibəyə yollandı…Vətən sağ olsun!..

… İşdir yolunuz Xəlfəli kəndinə düşsə vaxt tapıb mütləq kənd məzarlığına da baş çəkin. Orda bir şəhid qarşılayacaq sizi, bu Elnur Aydın oğlu Tağıyevdir, özü də tək yox, şəhid yoldaşları ilə birgə…

Şahnaz Şahin

 

 

 

 

 

 

Share: