Firidun bəy KÖÇƏRLİ- böyük vətənpərvər ziyalı

Bu gün Şuşa mədəniyyətimizin paytaxtı, Xarıbülbül zəfər simvolumuzdur. Mədəni və ədəbi tariximizdə xüsusi xidmətləri olan Firidun bəy Köçərli ilə bağlı yazı hazırlayarkən bunları fərəhlə düşündüm. Axı Firudin bəy də, bu sənət beşiyində – Şuşada  doğulub, boya-başa çatıb. Deyirlər, insanın doğulduğu yerin havası, suyu da ona müəyyən mənada təsir edir. Xüsusilə sənət adamına.

 

Bəlkə buna görə Firidun bəy də, Şuşanın dağları kimi Vətənə bağlı, bulaqları kimi saf ürəkli olub, özünü xalqının yolunda fəda eləyib. F.b.Köçərli ədəbiyyatımızın tarixini yazıb. Onun “Balalara hədiyyə” kitabı da çox dəyərlidir. Ona qədər uşaqlar üçün belə bir toplu olmayıb. Firidun bəy təəssübkeş bir vətəndaş, ziyalı kimi ermənilərin mənəvi dəyərlərimizi yağmalamasına dözə bilməyib. Odur ki, xalqın yaddaşından süzülüb gələn folklor, ədəbiyyat nümunələrini onun özünə qaytarb, gələcəyinə ötürmək kimi müqəddəs bir missiyanı həyata keçirib. Bu böyük vətənpərvərlikdi. 1912-ci ildə qələmə alınan “Balalara hədiyyə” kitabını vərəqləyirəm. Burada nələr yoxdu; nağıllar, şeirlər, laylalar, bayatılar, məsəllər, yanıltmaclar, düzgülər və.s.  Başlayaq tapmacadan. Deyir

Bizdə bir kişi var,

Xor-xor yatışı var.

Mənasını qoy balalar özləri tapsınlar. Sonra məsəllərə keçirəm.

Deyir, “Toyuq yumutasına görə qaqqıldar”, “Toyuq istər qaz yerişini yerisin, öz yerişini də yanılar”.

Maraqlıdır ki, müəllif ev heyvanlarının adını çəkdikcə diğərlərinin də  adlarını sadalayır. Beləliklə də, uşaqlar həm də məlumatlanır. Onu da nəzərə almaq lazımdır ki, o dövrün uşaqları üçün bunlar gərəkli məlumatlar olub…  Məsəllər xoşuma gəlir. Deyir, “Keçi can hayında, qəssab piy qayğısında”.

Bu da “Çoban” şeiridir ki, Firudun bəy demişkən, oxuduqca böyüklərin də ürəyi açılır, adam sanki uşaqlaşır…

 

Göydəki göy buludlar

Yorğanıdır çobanın

Yastı-yastı təpələr

Yastığıdır çobanın.

Yumru-yumru qayalar

Yumruğudur çobanın,

Əlindəki dəyənək

Qalxanıdır çobanın…

 

Sonra yenə məsəl gəlir

“Çobanın meyli olsa təkədən pendir turar”.

Çobandan, çöldən danışınca bu dəfə də, çöl heyvanlarının adlarını sadalayır müəllif.

Hə, deyir,  “halva-halva deməklə ağız şirin olmaz”. Odur ki, əziyyətə qatlaşıb bu yanıltmacları da öyrədin balalarınıza. Qoy səlis danışmağı öyrənsinlər

Bazarda nə ucuz?

-Mis ucuz, küncüt ucuz, duz ucuz.

 

Layla dedim ucadan,

Ünüm çıxdı bacadan

Səni Tanrı saxlasın

Çiçəkdən, qızılcadan.

 

Balam layla, a layla,

Gülüm layla, a layla.

Layladan sonra bayatıya keçirəm, özü də bu bayatını çox sevirəm. Amma düzü onu bu formada oxumamışdım:

Mən aşiqəm balasın

Laçın verməz balasın.

Mən balamı istərəm

Balam istər balasın.

 

“Qızlar nəğməsi”ni oxuduqca bülbül avazlı, Şuşa nəfəsli xalq artisti Bülbülün ifasını xatırladım.

  

Əlimi bıçaq kəsibdi,

Dəstə bıçaq kəsibdi.

Yağ gətirin yağlıyaq,

Bal gətirin ballıyaq,

Dəsmal verin bağlıyaq.

Dəsmal dəvə boynunda,

Dəvə Şirvan yolunda

Şirvan yolu lil bağlar,

Dəstə-dəstə gül bağlar…

 

İndi də oyun vaxtıdı

 

“Vur nağara, çıx qırağa”

(oyun sözləri)

 

İynə-iynə,

Ucu düymə,

Bal ballıca,

Ballı keçi,

Şam ağacı,

Şatır keçi.

Qozağacı qotır keçi…

 

İlin fəsilləri, ayların, günlərin adları, bişmişlər, içəcəklər və s. haqqında da müəllif yeri gəldikcə uşaqlara məlumat verir.

“Şəngülüm, Şüngülüm, Məngülüm”, bu gün “Tıq-tıq xanım” adıyla izlədiyimiz “Pıspısaxanım və Siçan bəy”  kimi çox sevdiyimiz maraqlı nağıllar da var bu kitabda.

Bəs bizə bu cür ədəbi əmanətləri hədiyyə edən, zəhmətkeş alim, istedadlı pedaqoq və böyük vətənpərvər ziyalı Firidun bəy Köçərlini tanıyırıqmı? Beləliklə, gəlin onunla tanış olaq. F.b.Köçərli Əhmədağa oğlu 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872-76-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində təhsil alıb. Sonra 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olub. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gəlir. Firudin bəy və onun ailəsi bu fürsəti dəyərləndirir. Beləliklə gənc Firidun təhsil almaq üçün Qoriyə aparılır. 1879-85-ci illər ərzində Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alır. Müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə isti münasibətlər qurur.

1885-ci ildə seminariyanı bitirib İrəvan gimnaziyasına təyinat alır. 1885-1890-cı illərdə İrəvanda çalışdığı müddətdə gimnaziyada Ana dili və  Hüsnxətt fənlərini tədris edir, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşıyır. Pedoqoji sahədə müvəffəqiyyətlərinə görə dəfələrlə mükafatlandırılır. 1893-94 illərdə yenidən İrəvan gimnaziyasında çalışır. 1895-ci ildə İrəvan şəhərini tərk edir. Həmin ildə Qori Müəllimlər Seminariyasının “Tatar şöbəsi”nin Azərbaycan dili və şəriət müəllimi təyin edilir. 1918-ci ilə qədər Qoridə pedoqoji fəaliyyətini davam etdirir.

1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı, sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunur. 1916-17-ci illərdə Seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərir, təkliflər irəli sürür, siyasi proseslərə qoşularaq “Musavat” partiyasına üzv olur.

1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və diğər “Musavat” funksionerlərini “xalqa xəyanətdə”, “milli nifaq törətməkdə”, “torpaq və mülk zəbt etməkdə”, “General-qubernator Ə.Xoyskinin etibarlı şəxsləri olmaqda” ittiham etdilər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən Firidun bəy həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi və xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır.

F.b.Köçərli adına Uşaq Kitabxanasının müdiri, Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova onun  haqqında elə danışdı ki, sanki dünən gördüyü canlı bir insan haqqında danışır. Bu ondan irəli gəlir ki, Şəhla xanım F.b.Köçərlinin irsini araşdırarkən onun bir ədəbiyyatşünas alim, gözəl pedaqoq, qayğıkeş ziyalı olaraq mədəniyyətinə, alicənablığına heyran olub. Ş.Qəmbərova bildirdi ki, F.b.Köçərli ədəbiyyatşünaslıq  tariximizdə elə bir müstəsna yer tutur ki, onun adını daşıyan kitabxana daha geniş məkanda fəaliyyət göstərməli, böyük ədəbi irsi təbliğ olunmalı və adına ayrıca mükafat təsis edilməlidir. Yadımdadır, bu fikri Şəhla xanım Yazıçılar Birliyində keçirilən bir tədbirdə də söyləmişdi. “F.b.Köçərli ilk dəfə Azərbaycan ədəbiyyatını sistemləşdirib, uşaq ədəbiyyatımıza çox qiymətli hədiyyə edib. Ədəbiyyat tarixi, həm də kitabxanaşünaslıq elminə böyük töhfələr verib. O, əsl ziyalı, gözəl pedaqoq olub. “Balalara hədiyyə” indiyədək 4 dəfə çap edilib”.

F.b.Köçərli haqqında məlumatlar əldə etdikcə Şəhla xanımın nədən onu bu qədər öyərək, çox sevdiyini anladım. Anladım ki, o, bir müəllim kimi nümunə, tənqidşi kimi qərəzsiz, folklorşünas kimi təəssübkeş, əsl ziyalı kimi işıqlı, xalqının, onun balalarının qayğısını çəkən və bu günün özündə də, bizə örnək olan böyük ürək sahibi, görkəmli şəxsiyyət olub. Onun dürüstlüyü, mədəniyyəti ətrafına nüfuz edərək ona böyük hörmət qazandırıb. Belə ki, uşaqlarını oxutmaq istəməyən valideynlər onunla söhbətdən sonra özləri övladlarını məktəbə gətirirmişlər. Firidun bəy 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanım Köçərli ilə ailə qurur, lakin onların övladı olmur. Buna baxmayaraq xanımı ona dost, sirdaş olur həmişə. Firidun bəy müəllimlik peşəsinin ən müqəddəs bir iş olduğunu söyləyib, onun fikrincə pis şagird yoxdur, gərək onu anlamağa çalışasan. Bu gözəl pedaqoq üçün müəllimlik təkcə dərs deməkdən ibarət olmayıb, onun qəlbi həmişə şagirdlərinin yanında olub. Firidun bəy açıq sözlü, açıq fikirli, millətinin tərəqqisi naminə çalışan bir ziyalı olub. Odur ki, xalqa bir faydası toxunmayan, boş sözlərdən ibarət olan əsərləri cəsarətlə tənqid edib. Təsəvvür edin ki, Nəriman Nərimanov kimi siyasi xadimin əsərini heç nədən çəkinmədən tənqid edib. N.Nərimanov özü bu haqda belə yazıb: – “Mənim “Nadanlıq” əsərimi Firidun bəy tənqid etməsəydi “Nadir şah” kimi bir əsər meydana gəlməzdi”. Amma bu o mənaya gəlməsin ki, Firidun bəy qələm əhlini ancaq tənqid etməklə məşğul imiş. Əsla, o, dövrünün yazıçı və şairlərini  böyük sevgiylə gözəl ədəbi nümunələr yaratmağa həvəsləndirirmiş. Buna misal olaraq, unudulmaz şairimiz Abbas Səhhətin ona şeirlə yazdığı bir həqiqəti xatırlamaq yerinə düşür:

Birimiz mərsiyəgunluqda böyük şair idi,

Birimiz sağərə mail, birimiz cananə.

Birimiz həcvdə Yəğma kimi çox mahir idi,

Laübali keçinirdi günümüz rindanə.

O pərişan yuxudan sən bizi bidar etdin,

Doğru, düz yolda çalışmaqlığa vadar etdin.

Firidun bəy  N.Gəncəvidən tutmuş M.Ə.Sabirə kimi şair və yazıçılarımız haqqında ilk dəfə olaraq sistemli bir şəkildə “Azərbaycan Türklərinin Ədəbiyyatı” adlı bir kitab, antalogiya yazıb. Sonradan həmin kitab bir az əlavələr edilərək “Azərbaycan Ədəbiyyatı” adı ilə nəşr etdirilib. Onun “Balalara hədiyyə”kitabı bu günədək dəfələrlə çap edilib. Bu toplu dövrünün  uşaqları üçün nadir bir tapıntı, qiymətli bir nəşr rolunu oynayıb. Düşünürəm, elə bu gün də bu toplu çox dəyərlidir, sabah daha da qiymətini artıracaq. Nədən ki, burada rast gəldiyin şifahi xalq ədəbiyyatının gözəlliyinə, zəngin və təbii ahənginə, şirin-şəkər söz düzümünə başqa toplularda rast gəlmirsən. Buradakı “Çoban” şeiri kimi nümunələr oxuyana ilham verir, tapmacalar, yanıltmaclar, məsəllər nağıllar nəinki uşaqların böyüklərin də könlünü açır, onları çox mətləbdən hali edir…

Fəqət bu ensiklopedik biliyə malik olan, Ana dilimizin keşiyində dayanan istedadlı bir alim, böyük vətənpərvər ziyalı erməni fitvasının, repressiyanın qurbanı olub. Onun qiymətli irsinin çox hissəsi məhv edilib və bu gün məzarının da harada olduğu bizlərə məlum deyil. Amma deyir, işığın məzarı olmur, deyilmi?

Mina Rəşid

 

Share: