Qələbə bayramında payı olanlar

Həyat gözləmədiyin yerdə ağlına gəlməyən hadisələri başına gətirə biləndir. Bir də var İlahi qismət, tale yazısı. İnsan dünyaya ağlaya-ağlaya gəlir, bəlkə elə sonunu əvvəl başdan görüb bildiyidəndir bu!?.. Elə bizim bilmədiyimiz ilk zərbəni də həmin vaxt alır-doğma evi olan ana bətnindən ona tanış olmayan dünyaya atılanda… Bundan sonra gəlir həyatın özündən aldığı zərbələr, indi döz, dözə bilrsənsə…

Musayev Bayram Mehman oğlu, əvvəlcə anasının yoxluğu ilə imtahan edilən şəhid…20 martda Qasımbəyli kəndində danyaya gəlmişdi, 2001-ci ildə. Uşaqkən daddığı acı bütün ömrünə bəs olardı, əlbəttə atasının ikinci həyat yoldaşı Təravət xanım onu yeddi yaşından qayğı, sevgi və məhəbbətlə əhatə etməsəydi…

Orta məktəbi H.Ənnağıyev adına kənd tam orta məktəbində oxuyub, sonra da həqiqi hərbi xidmətin vaxtı çatıb və Bayram 2019-cu ilin iyin ayında xidmətə yollanıb. Hərbi xidmət dövrü Ağdam şəhərindəki “N” saylı hərbi hissədə keçib… Elə müharibə başlayanda da hərbi hissədən birbaş cəbhəyə gediblər. Cəbrayıl uğrunda döyüşlərdə fəal iştirak edən Bayram 7 oktyabarda elə həmin ağır döyüşlərin birində də şəhidlik haqqını qazanıb…

Yaxına, uzağa mərmilər düşür,

Ölüm bu meydanda marığa durub.

Güllə yağış kimi tökürüb yerə,

Neçə cavan ömrü yarıda qoyur…

Mən şəhidin adını tutub evinə gedəndə atası Mehman işdə idi, elə telefonla əlaqə saxladıq, oğlundan danışdı, onun itkisinə yandı, amma “Vətən sağ olsun..” dedi, vətən bizim hamımızdan irəlidir, ona canımız qurban…

Təravət xanım deyir ki:

-Yeddi yaşından mən böyütmüşən Bayramı, çox mehriban uşaq idi, böyük ürəyi vardı, məni anası kimi qəbul edə bilmişdi. Hörmətimi saxlayır, bir fikri olanda bölüşürdü. Böyüklər kimi düşünür, sərbəst düzgün qərar verməyi bacarırdı. Son dəfə müharibə başlamazdan qabaq danışmışdıq…

Musayev Bayram Mehman oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. O, Yuxarı Axtaçı kənd qəbristanlığında dəfn olunub, subay idi, üç bacısı vardı, toyunda oynamaq onlara qismət olmasa da, şəhid bacısı kimi şərəfli bir adı  daşımaq qismət oldu onlara… Bir qardaşı isə hələ uşaqdır, böyüyəndə o da fəxr edəcək Bayramla… Qısa bir ömür yaşadı Bayram, amma ad qoyub getdi, qələbəni bizə yaşadan Azərbaycan Ordusunun digər şəhid əsgərləri kimi…

Şahnaz Şahin

 

 

 

 

 

 

 

 

Share: