Humanizmə hamilə poeziya – Vaqif Osmanovun Allahşükür Ağa poeziyasına baxışı…

HUMANİZMƏ HAMİLƏ POEZİYA
Rus ədəbi tənqidinin korifeyi V.Q.Belinskinin bu fikirləri söz adamları üçün ustad tövsiyəsidir: “öz lövhələrinizin məzmununu sizi əhatə edən həyatdan götürün, onu bəzəməyin, təzədən düzəltməyin, əslində necədirsə, eləcə də əks etdirin, həm də ona canlı müasirlik gözü ilə baxın”.
Gənc şair, pedaqoq Allahşükür Ağanın şeirlərindəki gerçək həyat hadisələrinə yanaşma, fikirlərin bəzək-düzəksiz təsviri və çağdaş düşüncə tərzi ilə bərabər humanizm və mərhəmət bu gün həmişə axtardığımız mənəvi dəyərdir. Bəşərilik bu şeirlərin leytmotividir.
Yanından görmədən, yaxud görməməzliklə laqeyd keçdiyimiz ən adi bir ləpirin fəlsəfəsini hər kəs anlaya bilmir. Bunun üçün insanda üçüncü – bəsirət gözü, güclü müşahidə qabiliyyəti, fərqli baxış, sözü urvata mindirmək, zəngin təxəyyül mütləqdir. Bunlarsız həqiqi sözün adamı olmaq mümkün deyil. Şair necə nəfəs alır, necə yaşayır? Planetimizdə hamı eyni havanı udsa da eyni xislətli deyil. Şairlər də qeyri-adi insanlardır – sözüylə düşüncəsiylə sevgisiylə, ürəyi ilə. Zamanın rüzgarları onların söz heykəllləri qarşısında həmişə acizdir.
Allahşükür Ağa təkcə ürəyi, sözü, şam kimi yanıb şagirdlərinin qəlbini nurlandırması ilə yaşamır, qəribə səslənsə də, həm də ləpiriylə yaşayır:
Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram.
Demək yaşayıram.
Bu üç misranın alt qatındakı böyük hikmət ömür yolunun poetik yozumudur. “Ləpir”in sonrakı misralarında şairin ləpirinin xeyirxahlığı və sərçənin qədirbilənliyi sözü və fikri möhtəşəmləşdirir. Allahşükür Ağanın öz izi var:
Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində…
Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.
Başini yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
“Allah sabahımız üçün də
Bir ayaq saxla”.
Elə sevinirəm ki,
əyilib baxıram ayaqlarıma…
“Ləpir” adi poeziya nümunəsi deyil, xeyirxahlığa, mərhəmətə çağırışdır. 15 misrada nəhəng ədəbi əsər çəkisi var, milyon illərin insanlıq harayıdır – insanlaşın, adamlar!..
Allahşükür müəllimin poetik düsturu: “bir şeirdə orijinal deyim, yeni fikir, inqilab yoxdursa, o şeir ciddi ədəbiyyat hesab edilə bilməz”.
Bu ədəbi düsturdakıları o, hər şeirində dəqiq isbat edir. Yox, sizi riyaziyyata tərəf çəkmirəm, həqiqi poeziyanın sehrinə çağırıram. “İçində Günəş zərrəsi, milyon il əvvəlki yazı” gizlənən qar dənəciyini yarıb içində Günəş zərrəsini görən şair “qar teoremi”ni isbat etməyi bizə həvalə edir:
Bir dəfə mən bunu etdimsə də
Bacarmadım.
Çünki milyon il bundan qabaqkı əlifbanı bilmədiyimdən,
Hərfləri tanımadığımdan
Elə qar dənəciyini atdım yerə.
Atan kimi qar dənəciyindən çıxan
Bir sarı çiçəyin təşəkkürü
Sevda kimi açıldı ürəyimdə.
Allahşükür Ağanın şeirlərindəki humanizm mənəvi dünyamızın hətta bizə sadə görünən tərəflərini də işıqlandıra bilir. Ayın görüməyən tərəfindən xəbərsiz olsaq da, şair bizə xislətimizin görünməyən qatlarına varmağa kömək edir, sözünün xislərinə – humanizm, mərhəmət, bəşərilik duyğularına sadiqdir, bizim görə bilmədiyimizi bizə göstərir:
Balıqların üzməyi nizamıdır dünyanın.
Bu nizamı sədəf boyda tilovla uçurmağı,
Qurdla balıqları aldatmağı bacardınsa,
Sonra küçədə dilənən uşağa bir tikə çörək versən,
Quşa dən versən
Zülm – zülm ağlayaram mən.
Üç şey məni ağladar –
Göydə quşlar,
Çayda balıqlar,
Yerdə uşaqlar.
Onlar yeməyə aldanırlar…
Humanizmin daha bir poetik nümunəsi. Şairin dünyamızın bütün canlı və cansız varlıqlarının taleyinə acıyır. “Dağların döşündən əmə-əmə, çəmənlərin sinəsini yara-yara, dərənin dibinə yatıb utana-utana çay olan xırda çaylara yazığı gəlir”. Şeirdəki “bayraq” və “əsgər” “obrazları ilə şair poetik “inqilab” edir. Xırda çaylar mübarizədə qalib gələ bilməsə də, şairin sözü zəfər çalır. Zəfər çalan sözün komandanı Allahşükür Ağadı, yəni sözünün ağasıdı:
Balıq – balıq yol gedirlər,
əllərində bayraqları,
dalğa-dalğa əsgərləri –
yerə döyüb ayaqlarını
hirsli-hirsli yol gedirlər.
Yazığım gəlir xırda çaylara,
başlarını əyib
iri çaya qovuşur onlar.
Yeri, adı ola-ola,
Bayraqları ola-ola,
əsgərləri ola-ola
heç olurlar…
“Dalğa-dalğa əsgərlər, əllərində bayraqlar” orijinal deyimdir, yeni fikirdir. Bayraqlari, əsgərləri ola-ola, qayaları yara-yara həyat, yaşamaq uğrunda ölüm-dirim savaşı etsə də sonda heç olmaq faciədir – xırdaların faciəsi. Və ən dəhşətlisi unudulmaq faciəsi – “13-cü ay kimi, qanadlı sular kimi, qanadsız quşlar təki, ağacların əvvəlki əlləri kimi”, assimilyasiyaya məruz qalan xalqlar, müstəmləkə dövlətlər kimi…
Qırx illik peşə təcrübəsinə sahib hidrometeoroloq kimi etiraf edirəm ki, “küləklərin bütün gücünün suları, quşları, buludları göylərə qaldırmaq olduğunu dəqiq bilmirdim. Öyrənmək heç vaxt gec deyil. “Küləklər” şeirində külək çox vaxt “hirsli”dir, ancaq balıqlara qıymır. “Buludları göyə qaldırmaq küləyin qələbəsi” olsa da, Allahşükür müəllimin küləyi özü kimi humanistdir:
Batan gəmilərin son fitləri
Yaşayır suların üzərində.
Gəmilər o vaxt batdı ki,
Sular uçmaq halına gətirildi,
Bu da küləyin növbəti sevgisiydi.
Qaldırıb dənizin bir dalğasını
Altına girəndə
Qara tüstülü ağ gəmilərin
Ayaqları sürüşdü dənizin üzündən,
Yenə külək dənizi uçurmadı,
Balıqların xətrinə…
Gözəlliyi sözün palitrasının müxtəlif çalarları ilə daha da gözəlləşdirmək şair təxəyyülünün həssaslığdır. Hər an qarşısına çıxan adiliklərin və qeyri adiliklərin içərisindən gözəlliiyi zərgər dəqiqliyi ilə seçib ilahi sözə çevirmək hər kəsə nəsib olmur. Gözəlliyin gözüyə baxanda ağac da müqəddəs varlığa çevrilir:
Bəlkə bu ağac qadındı elə,
Öpmək olar yarpağından.
Bəlkə bu ağac ölümdü elə,
Asılmaq olar budağından.
Şair elə bir ağac obrazı yaradıb ki, bu ağacın budağından asılsan da ölməzsən…
Həyatın bir-birinə düşmən o qədər üzləri var ki – sevinc-kədər, inam-şübhə, doğru-yalan, sədaqət-xəyanət, adil-zalım, məsum-yıtıcı, olum-ölüm. Olum və ölüm haqqında yazmayan söz adamı tanımıram. Ramiz Rövşən yazır ki, bilsəydik dünyaya gəlməzdik, analar aldatdı bizi. Ramiz Rövşən sözüylə bizi inandıran şairdir. Bu böyüklükdür. Başqaları da yazmalıdır, bir şərtlə yazdıqlarına bizi inandırmalıdır. Olum da, ölüm də köhnə olsa da yazdığın fikir yeni deyilsə, yaşamayacaq. Əlimiz Tanrının ətəyində üzüləndə ölümü lənətləyirik. Elədiklərimizdən bizdən sonraya xoş duyğular, yaddaqalan xatirələr qalmayacaqsa kimdir günahkar? Əlbəttə, özümüz.
Allahşükür Ağa ölüm də bizi aldadıb deyəndə inandım. Şeirinin adı “Ölüm” olsa da orada həyat var, ölümsüz haray var – bəşər övladı, anamız bəşəriyyəti qoru. Aldatmayın “közərən mərmini oyuncaq bilib əlinə götürən uşaqları, ən zəhərli göbələyin şirinliyinə aldanan adamları” qoru:
Güllələr nəğmə kimi səslənir bəzən
Adamlar qaçırlar o nəğməni oxumağa
Adamları nəğməylə aldadırlar…
Biz qaçırıq ölümlərdən
Sən demə biz ona tərəf qaçırıqmış əslində…
Gör ölümü harda gizlədib bu qarı dünya? Onu ancaq əsl şairlərin həssas ürəyi və gözü görə bilər…
Allahşükür Ağanın öpüşü də şairanədir. O, bir el gözəlinin al yanağından öpmür. Şairin sevgisi də, xəyalı kim göylərdədir. Şeirlərini göy üzünə yazanların sevgisi Tanrının yanındadır. Allahşükür Ağa da “üzündən, gözündən öpdüyü sulardan, balıqlardan nigarandır – “məni unudublarmı görən?” Bəs niyə göylər?
Göldən-gölməçədən, o göy dənizdən
Qalxan buludlar
Dodaq daşıdılar göyün üzünə,
Sonra da göylərdən yağdı dodaqlar,
Göldə dodaqları ilanlar öpdü,
Həyatda sevgisiz qalanlar öpdü.
Amma bilmədilər dodaq mənimdi…
Şairin ürəyi yaz yağışı kimi kövrək, durna səsi kimi qərib, balasına yem daşıyan quşcığaz kimi mərhəmətli olmalıdır, elə öpüşü də:
Harda su gördümsə alnından öpdüm,
Ona görə də ağappaq yağışlar yağır
Ağ alınlara…
Allahşükür Ağanın torpaq sevgisinin ilahiliyinə heyrətləndim. Sözün qüdrəti və Vətən övladının torpaq sevgisinin böyüklüyü həmrəy olanda poeziya yaranır. Əsl poeziya!
Deyirlər torpaqlar azalıb
Qayıdıram torpağa…
Bir parça suyuydum,
Bir qalaq daşıydım,
Bir cəngə buluduydum,
Adam kimi qalxdım ayağa.
Buludlar,
Daşlar,
Sular azalıb,
Qayıdıram torpağa…
Şair sərçənin yaz yağışını içdiyi ləpirindən, sərçənin duasından qürurlanıb ayaqlarına baxıb sevinsə də, başqa bir poetik lövhədə ayaq izlərinin halından ürəyi göynəyir. Sonda da təsəlli tapır ki, həsrətlə sahibini gözləyən ayaq izlərini saralmış yarpaqlar qucaqlayıb ovundurur. Niyə?
Düşünürəm, yarpaqlar
Ayaq izlərimi niyə belə sevsin ki…
O saat barmağımı dişləyirəm,
Ayaq izlərim əslində, məndən tökülür,
Yarpaqlar da ağacdan…
Yarpaqlarla şairin izlərinin doğmalığının səbəbini tapdım. Şair də ağacdı. Şair-ağac ilin bütün fəsillərində yarpaqlıdır, çiçəklidir, meyvəlidir. Təxəyyülü yaşıl budaqlar, sözləri yarpaqlar, misraları al-əlvan tumurcuqlar və çiçəklərdi, şeirləri də dadlı meyvələr.
Mən elə poeziya nümunələrinə rast gəlmişəm ki, onlardakı məna yükünə, sözlərin estetik düzümünə, durna qatarı kimi nizamına xələl gətirərəm deyə subyektiv fikir söyləməkdən çəkinmişəm. Düzdür, belə şeirlər azdır, amma nə yaxşı ki, var. Allahşükür Ağanın “Durna səsi” də bu qəbildəndir:
Hər gecə yazdığım şeirlərə
Evimizin üstdən keçən durnaların səsi verğül kimi qoyulur.
Bu vergüldən sonra yarpaqlar tökülür,
Yağışlar yağır,
Küləklər əsir…
Heç vaxt durnaların səsindən nöqtələr yağmır.
Hər durna səsindən sonra gələr
Payız,
Toy,
Yağış,
Yarpaq,
Qar…
Pullar və çiçəklər. Müqayisəyə gəlməyən cansız və canlı varlıqlar. Çoxumuz bilirik ki, çoxlu pul bəladır. Jül Renar da bunu təsdiqləyib. Zaman irəli getdikcə dünyagörüş də təzələnir. Allahşükür Ağa daha mütərəqqi düşünür. O, pulları çiçəklərə “dəyişməyi” bacaran “valyutaçı”dır. Həm də sevgili. “On dəstə çiçəyə qadın paltosu” almaq istəyir. “Müəllimlərin maaşının yüz dəstə çiçək” olduğunu bilən kimi pul aşiqləri onu dollara çevirdilər yəqin.
Çörək bir çiçək,
İşıqpulu bir ləçək.
Pulları çiçəklərə çevirə bilsəydik,
Sevgi azalmazdı əsla.
Sevgisizlik dünyanı ağuşuna alıb sevginin nəfəsini kəsdiyi dövrdə gəlin heç olmsa pullarımızın bir hissəsini çiçəklərə çevirək. Elə olsaydı Arktika buzları ilə əhatələnmiş, yaxud səhralar kimi bomboş ürəklərdə bahar olardı…
Allahşükür Ağanın qar humanizmi. “Bir körpə qız kimi təmiz, gözoxşayan Ay, ulduz kimi qaranlıqda ağ işıq – qar” gərək yağmayaydı:
Yazıq deyildinmi?
Yazığın gələydi barı özünə
Indi üstündə bir maralın qanı sürüşür.
Qırmızı şərf kimi…
Şair istedadlı rəssam kimi bəyaz qarın üstündə sözlə ürəkgöynədən poetik lövhə yarada bilib…
Bir filoloq kimi Allahşükür müəllim ana dilimizin qrammatikasına “yenilik” gətirir. Bir hərb şeirində “İsmin 7-ci halı”nı “tapır”. Şeir hərbdən doymayanlara xatırladır ki, nizə də torpaqdı, güllə də, qırma düyməciklər də, dəmir də, insanlar da:
Zülmlə ayırdılar torpaqdan filizi…
Hələ ağlayır anası torpaq üçün dəmir.
Torpağı axtarır deyə özünü hər yerə çırpır..
Hər yerə dəyir…
Bəlkə insan bədəni də tanışdı ona,
Tanışdı yox, yoldaşdı ona.
Torpaqda bir yaşayırdılar,
Elə ki, ayrıldılar,
Hərəsi bir adda çağrıldılar.
Biz yaratdıq ayrılıqları,
Torpaqdan dəmir ayırdıq,
Can ayırdıq,
Indi həsrətlilər qovuşanda ölürük,
Dönürük ismin 7-ci halına…
Allahşükür Ağa şair olmaqdan öncə müəllimdir. Uşaqların bir məlul baxışı, yurddan ayrılığı, çadır şəhərciklərində dəmir vaqonların altındakı beşiklərdə böyüyənlərin taleyi onu kövrəldir. Xalid Hüseyni yazır ki, Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur. “Uşaq dükanı” şeirində də bir bəşəri hüzn gördüm, özümü Somalidə hiss etdim:
Uşaq dükanlarında paltarlar qışqırır,
Ayaqqabılar tappıldayır,
Papaqlar atılıb-düşür,
Köynəklərin qolları əl eləyir,
Səsləri qıfılları silkələyir:
“Buraxın bizi,
Hardasa üşüyür uşaqlar…
Bəşəri poeziya heç vaxt köhnəlmir, yaşadıqca gözəlləşir, yadda qalır, yaradanını da yaşadır. Allahşükür Ağanın şeirlərinin ruhu azaddır. Həyat təcrübəsi az olmasına baxmayaraq nurani insan kimi həyat hadisələrini görür, duyur, ürəyinin oduyla bişirib dünyaya gətirir.
Xalq yazıçısı Elçin bir ədəbi düşüncəsində yazır ki, bəzən əsər oxucunu zorlayır. Allahşükür Ağanın şeirləri isə oxucunu incə, lirik dillə dindirir, şəfqətlə yaralarımızı sağaldır, nəvazişlə könlümüzü alır. Onun şeirləri insanları sevir, poeziyasevərlər də o şeirləri həmişə sevəcək…
Allahşükür Ağa gəncdir, yaratmaq eşqlidir. Poeziyanın nahamar yoluna çıxıb. Hələ qarşıda eniş də var, yoxuş da, dərə də, təpə də. Zirvəyə yol asan deyil, mübariz olmalı, çarpışmalısan.
İnamım var ki, o, zirvədə olacaq…
VAQİF OSMANOV.
Yanvar 2021.
Müstəqil.Az
Share: