Arutyunyanın həyasızlığı: 42 min kv.km-dan 25-ə düşdük

Ermənistan Strateji Araşdırmalar Mərkəzinin direktoru Tiqran Arutyunyan Baş nazir Nikol Paşinyan və komandasının hakimiyyətinin “dəhşətli nəticələrini” açıqlamaqla, əslində, erməni cəmiyyətindəki düşüncəni ortaya qoyub.

Müstəqil.Az xəbər verir ki, o, bu barədə öz Feysbuk səhifəsində yazıb.

Ekspert həyasızcasına iddia edib ki, ötən müddət ərzində Ermənistan ərazisi guya 42 min kv. km-dan 25 min kv. km-ya endirilib.

Qeyd edək ki, Ermənistanın ərazisi 29 min kv.km-dır. 42 min kv.km haradan yaranıb və niyə indi 25 min kv.km-ya düşüb? Bu sual özü Arutyunyanın işğalçılıq siyasətinin əsiri olması və Azərbaycanın işğal edilən ərazilərinə həyasız iddiasını əks etdirir.

O qeyd edib ki, Ermənistan ordusu məğlub, dağılmış və döyüş qabiliyyəti olmayan orduya çevrilib:

“Müharibədə təxminən 5 min adam ölüb, 10 min nəfər yaralanıb, təxminən 2 min itkin düşüb, 300 əsgər isə əsir düşüb.

Ölkə iqtisadi çöküş yaşayır, investisiyalar sıfır həddindədir, xarici borc 8 milyard dollara çatıb, ÜDM 7,5 faiz azalıb. Yoxsulluq artıb, alıcılıq qabiliyyəti və gəlir azalıb. Ən böyük qızıl yatağı (Kəlbəcər qızıl yatağı nəzərdə tutulur – red.), enerji ehtiyatlarının 15 faizi, kənd təsərrüfatına yararlı torpaqların təxminən 10 faizi itirilib”.

Azərbaycanın 27 il işğalda saxlanılan torpaqlarının azad edilməsini Arutyunyan “itki” sayır. Erməni ekspertin bu açıqlaması təsdiqləyir ki, Ermənistan işğaldakı əraziləri könüllü olaraq heç vaxt qaytarmağa hazırlaşmayıb və işğalda saxladığı ərazini artıq “öz ərazisi” sayırmış.

Arutyunyan hesab edir ki, hakimiyyət pandemiyaya qarşı mübarizədə iflasa uğrayıb, virusun yayılma sürəti və ölüm sayı baxımından Ermənistan dünyada ən pis göstəricilərdən birinə sahibdir (3 minə yaxın ölüm qeydə alınıb – red.):

“Təhsil sistemi, polis, Milli Təhlükəsizlik Xidməti, məhkəmə sistemi dağıdılıb. Parlament anlaşılmaz xarakterlərlə doludur, qanunvericilik təşəbbüsləri olduqca aşağı səviyyədədir”.

Erməni ekspert düşünür ki, ölkəsi beynəlxalq arenada subyektivliyini itirib və beynəlxalq münasibətlərin siyasi xəritəsindən yoxa çıxıb. Yaxşı və neytral əlaqələrin olduğu müttəfiq ölkələr itirilib.

Müstəqil.Az

Share:

Author: Müstəqil AZ