Gözlərinin yaş dolu gözlüklərində sıxılıb qalan köhnə əksimdi… – Süleyman Abdulla

“TİTANİK” YUXUSU.
Əllərim, ah, əllərim…
indi də donmaq istəyir dəniz sularında,
sümüklərinin şaqqıltısı
titrətmədədir səthini üfüqlərin.
Bilmir ki,
yeraltı təkan kimidir dalğaların əsməsi,
suların bağrı yarılanda əl sallamazlar fırtınaya.
Dənizdə zəlzələ
tərpənişindən olur mərcanların.
İnci aramaq istəyən batmalı təkinə
batmış gəmilərin sualtı naviqasiyası çökmüş.
Kapitan furajkasının
kokardasına düşən qar dənəsinə aldanma,
xilasetmədə istifadə olunmur xizəklərindən fiqurlu konkisürən qızların.
Qadın isti qucaq deməkdir,
boğulmaq istəyirsənsə atıl ənginliklərə.
Boynunun ardından küləklər əsirsə,
kürəyini ilğıma söykəmisən demək.
Çox da güvənmə ürəyinin döyüntüsünə,
susuzluğuna dözə bilməzsən ciyərinin…
Yanğı hər zaman ciyərlərdən başlar.
Okeanlar dolaşan akulalar var ki,
dişlərinin arasından keçməz çömçəquyruqlar.
Bulaq suyuna qarışanda bənizi qaçır dənizin,
şor sulardan şirinçay olmaz səhər yeməyində.
At ovcundakı inadı,- demişəm min dəfə,-
avar çıxmaz barmaqlarının falanqalarından.
Əslində, ləpələr yonqarıdır ümmanların,
ustası mükəmməl olduğundan
gah qabarır, gah çəkilir
Üzünə çırpdığın göynədər gözlərini.
Hər əl soyumaz bir əlcək qayıqdan
istər üçbarmaq olsun, istər katamaran…
Bir baxış qar ələməklə kursunu azmaz
gəmilər qoşa pəncəsində adamın…
Mayakın göz vurmasına aldanarsa küləklər,
riflər qıcayar dişlərini sahildəki sükuta.
Bütün qəzalar yanlışlıqlardan törəyər,
dor ağacları niyə asılsın ki, özündən?
Sən bilməzsən, üşümədiyini suların,
baxma sularda əllərinin buz kəsdiyinə.
Hər gövdəsində şampan sındırılana
“Titanik” xoşbəxtliyi qismət olmaz.
Batmaq da bir səadətdir özün olacağın yerdə.
Bir şturval var,
bir şturvalı fırladan…
bir də üzdürən var suları dağ edib.
İnciməli nə qalıb ki, dünyada
aysberqin görünməyən tərəfi də buz,
görünən tərəfi də…
Hərçənd ki,
dəniz suları donmur üşəntisində dalğaların,
sən nə günahın sahibisən ki,
buz doğrayanda barmaqlarını qat-qat?…
Göyərtədə növbə çəkməkdir çətini
matros üçün üzəndə üzü qərq olmağa…
Soyuqdur əhdini kəsən koordinatların
donmuş limanındakı burazlar…
Ah,əllərim…
Ah,əllərim!
***
AZADLIQ MƏHBUSU
Mən,
hətta öz əllərindən qurtulmuş adamam,
zalım, sən necə tutub saxlaya bilərsən
qollarının arasında xatirə şəkilimi?
Mən çərçivəyə sığmadığını sanmışdım
həbsxana divarlarının.
Hərçənd ki,
məndən dustaq olmaz,
könül xarabalıqlarından təkadamlıq kamera.
Profildən çəkilən fotomun
heç biri yaraşmaz edam kötüklərinə,
mürəkkəbini dəyişər sadə əl izlərim.
Yatab çağları çoxdan keçib ömrümün
daha hökm oxumağa yaramaz gözlərim.
Amma,
gənclik deyilən bir zamanlar da vardı
azadlığım uğrunda xərclənmiş…
…və birdəfəlik anlamalısan ki,
çoxdan sındırmışam qıfıllarını qəlbinin,
çoxdan uçurmuşam ürəyinin şah divarını,
lağım-lağımdır xəyallarının nüvəsi,
qırılmış arzularının tikanlı məftilləri,
kəsilmiş ümidinin dəmir barmaqlıqları…
Sən, hələ də elə bilirsən ki,
ilişib qalmışam kirpiklərinin şəbəkəsində
Gözlərinin yaş dolu gözlüklərində
sıxılıb qalan köhnə əksimdi,-
…deyirəm deməyinə, lakin,
çətin tanıyam özümü bozluğunda eynəyinin.
…cooox uzaqlarda bir zümzümə…
Gözdolusu aydınlığa bənzətmişdim mən səni,
Gecə qara, küçə qara, tale qara, qan qara.
Gözləməklə deyil, canım, unut olub-keçənləri,
Hər sinədən bir ah çıxar üzü ayrılıqlara.
SÜLEYMAN ABDULLA.
Share: