Xəzərdə suyun səviyyəsi 2100-cü ilə qədər 9-18 metr enəcək

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq tədqiqatın nəticələri “Nature Communications Earth & Environment” jurnalında dərc olunub.

“Dünyanın bir çox ölkəsi dəniz səviyyəsinin yüksəlməsindən narahat olsa da, Xəzər bölgəsində yaşayan yüz milyondan çox insan tam əks problemlə – dəniz suyu səviyyəsinin sürətlə aşağı düşməsi ilə üzləşir. Hər il suyun səviyyəsi getdikcə azalır. Ötən əsrin 90-cı illərdən bəri onun səviyyəsi hər il bir neçə santimetr azalır”, – məqalədə deyilir.

Qeyd olunur ki, Gissen və Bremen Universitetlərindən olan almaniyalı alimlər Utrext Universitetinin Yer elmləri departamentinin niderlandlı geoloqu Frank Vesselinq ilə birlikdə 21-ci əsrin sonlarına qədər Xəzər dənizinin səviyyəsinin dəyişməsinin proqnozlaşdırıcı modelini qurublar.

Onların hesablamalarına görə, azalma yaxın onilliklərdə sürətlənəcək və 2100-cü ilə qədər dəniz səviyyəsi 9-18 metr enəcək və dəniz hövzəsinin sahəsi isə 23-34 faiz azalacaq.

Müəlliflər suyun səviyyəsinin azalması ilə daha da kəskinləşə biləcək problemləri müəyyənləşdiriblər: bu, köçəri quşlar, beluqalar və balalarını Xəzər dənizinin şimalındakı buzun üstündə böyüdən endemik Xəzər suitisi ilə unikal ekosistemə təsir edəcək. Hövzənin daha az sulu olan şimal hissəsinin quruması suiti populyasiyasının yox olmasına səbəb olacaq.

Alimlər bu problemin həllini koordinasiya etmək üçün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının himayəsi altında yox olmaqda olan göllər üzrə beynəlxalq işçi qrupu yaratmağa çağırırlar.

Müstəqil.Az

Share: