İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham Əliyev “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2281 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Müstəqil.Az  sərəncamın mətnini təqdim edir:

“Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2281 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1192) ləğv edilsin.

***

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödənilsin:

1.1. dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində;

1.2. digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq maliyyələşməni təşkil etsin.

3. Aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsilə ödənilməsini təmin etsinlər.

Müstəqil.Az 

Share: