Sülhməramlıların xəritə oyunu: Rusiya bunu unutmasın!

Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi qəbuledilməzdir. Heç kəsə belə bir ixtiyar verilməyib. Rusiya sülhməramlılarının regionda bir missiyası var, o da müəyyən müddət ərzində sülhü təmin etmək. Heç kəs unutmamalıdır ki, bu torpaqlarda tək söz sahibi Azərbaycandır.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi haqda danışarkən deyib.

O bildirib ki, sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli Bəyanatla tənzimlənir:

“Buna görə də Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır. Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır. Hazırda həssas bir siyasi dövrdən keçirik. Bunu ilk növbədə rəsmi Moskva anlamalıdır. Ediləcək ən adi səhv yanlış anlaşma və tərəflərdən birinin ciddi etirazına, hətta regionda hərbi toqquşmaların yenidən başlamasına gətirib çıxara bilər. Digər tərəfdən, Azərbaycan hökuməti heç kəsə ixtiyar veməyib ki, öz qanuni torpaqlarında kimsə uydurma xəritə çəksin, reallığı əks etdirməyən xəbərlər yaysın.

İstənilən halda rəsmi Kreml anlamalıdır ki, Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir.

Rusiyada müəyyən qüvvələr Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda təkrarlamağa cəhd göstərməməlidirlər. Çünki bu, mümkün deyil. Azərbaycan nə Gürcüstandır, nə Ukrayna, nə Moldova, nə də Belarus”.

Politoloqun sözlərinə görə, etimad etdiyimiz qüvvələr bu məsələdə xüsusilə ehtiyatlı olmalıdır:

“Digər tərəfdən, heç kəs unutmasın ki, regionda Rusiya tək deyil. Biz bunu Qələbə paradında bir daha gördük”.

Turan RZAYEV

Share: