İçindən qurd çıxdı –    Üzeyir Əlizadə yazdı

Çoxdan görüşmədiyim yazar dostlardan birini təsadüfən  məclislərin birində görəndə, salamsız-kəlamsız, ilk sorüşduğum söz bu oldu:

– Təxəllüsün qalırmı, istəyən var, satmırsan?

Elə bu sualı təzəcə vermişdim ki, ağlımda təxəllüs biznesinə girişmək qənaəti hasil oldu: özü də Uruset bazarına ixrac. Vaxt itirmədən həmin dosta təklif etdim ki, təxəllüsündən nə qədər sata bilərsə  satsın,  bir tır alıb Rusiyaya  göndərmək istəyirəm. Bəri başdan xəbərdar da elədim ki,  baha qiymət “oxuyub” siftəmi korlamasın. Fikirləşdim ki, Rusiya bazarlarında Azərbaycan mallarına tələbat olduğu kimi, urusetin sənət  mühitində , valideyinlərin öz övladlarına ad-soyad secimində, sevgililərin bayramlarında, ad günlərində bu məhsula da hədiyyə  qismində  tələbat ola bilər.  Masanın ətrafında oturan dostlardan biri bu biznesə onu da  qoşmağımı  xahiş edərək bildirdi ki, nə qədər təxəllüs lazimdirsa, maşınlara  yükləyib göndərə bilər. Dərhal  razılıq verdım və  xeyli maraqlı təkliflərlə çıxış edərək söz verdi ki, yaxın zamanlarda bır tır yükü hazırlayıb göndərəcək.  Elə oradaca qollarını çirməyib  təxəllüslü  bəxtəvər  tanışlarına zəng vurmağa başladı. Onlardan bırı satmadığını, amma saatı 20 manatdan icarəyə verə biləcəyini dedi. Digəri isə  təxəllüsünün  rominqə çıxışı olmadığı üçün “xaricdə  işləmir” bəhanəsiylə satmaqdan boyun qaçırdı.  Təzə şərikimin ilk  bazarlığı baş tutmasa da, məni inandırdı ki, ayda neçə tır təxəllüs  istəsəm,  göndərə biləcək.

Doğrudan da, bir neçə gündən sonra bir tır  təxəllüs  yükünü  hazırlayıb  göndərdi. Amma bu partiyadan ziyana düşdüm: bir səbəbi sənədlərdən çatışmayanı olduğu üçün  Rusiya  gömrüyünün  rüşvət  istəməyi   idisə , digər səbəbi təxəllüslərin keyfiyyətsiz olmasydı. Mən mal göndərən dostumuza çatışmayan sənədlərdən əqli mülkiyyət sertifikatının gələn partiyada qaydasında  olmasını  tapşırdım və bazarın tələbatını  bilmək üçün coxsaylı  təxəllüs çeşidlərinin vacibliyini  bildirdim.

Qısa müddətdən sonra gələn ikinci tır 6-7 adda təxəllüslə ağzına qədər doluydu.  Düzdür, bu təxəllüslərin bəzilərini bəyənməsəm də, o birilərinin gözunə qatıb, bir yerdən verdım getdi.

Beləliklə, bazarın tələbatını yavaş-yavaş öyrənməyə, həm də  alıcıların zövqünü formalaşdırmaq üçün hec bir titulu olmayan, nadir hallarda çap olunan, hec bir kitaba müəlliflik imzası atmayan yazarların yeni-yeni təxəllüslərini təbliğ eləməyə başladım. Taninmayan, məşhur olmayan təxəllüsləri buradan ucuz  alib orada baha  satmaqla coxlu pul qazanmaq  istəyirdim.

Təxəllüs ticarətinin də özünəməxsus  çətinlikləri  varmış.  Çox vaxt satılmayan təxəllüsləri  yer tutmasın deyə yaxşı təxəllüslərin üstündə hədiyyə verib  canımızı qurtarmağa calışırdıq.

Bazar qanunları oz sözünü  bu sahədə də deyır.  Məsələn, müştəri qıtlığı,  vaxtı kecmış, istifadəyə yararsız, qüsurlu, görünüşü yaxşı içi xarab, qurumuş, çürümüş  təxəllüslərin anbarda  yığılıb qalması adamı bezdirir.

Birdən görürsən ki, oturduğun yerdə hansısa müştəri  girdi içəri. Nə vaxtsa aldığı  təxəllüsü əlinə  alıb qaytarmağa  gətirib: “Bu nədir, satmısan, ayıb deyıl? Apardım  evə, içindən qurd çıxdı”. Nə qədər başa salmağa çalışırsan  ki, vallah-billah, bunun sortu belədir – elə tumurcuqlayan  kimi ağacdaca  qurdlanır, inanmır ki,  inanmır.

Başqa bıri isə aldığı təxəllüsü qoltuğuna vurub gətirir ki, evə çatmamış əridi. Ha izah edirsən ki, bunun tərkibi belədir, əriməyə meyillidir… nə faydası?!

Biri də  o boyda təxəllüsü çantasına basaraq  gətirib ki, oxucularımın  ağız dadına uygun  deyil, dəyiş bunu, başqasını ver.  Hirslənib ona da deyirsən ki, a yoldaş, sənin oxucun oxucudur, bizimki yox? Neçə illərdir bizim oxucular  bu imzani  yeyirlər, ölməyiblər ki? Apar yedizdir ,qorxma ölməzlər.

Ya da  qar  kimi ağ,   gözəl  bir rus  qadını – qara üzüm yesə, boğazında görünər – təxəllüsü qaytarıb deyir: “Sevgilim mənə hədiyyə alıb, amma özünü yaxşı aparmır, güvənli deyil  bu məhsul”. Təskinlik verib deyirəm: “Narahat olma, bu  mal  elə oralarda da  özünü belə aparır”.

Ya da  “axşambazarı” gələn müştəri ucuz təxəllüslərdən  birini istəyir ki, sabah televiziyada çıxışım var. Bu zaman “Nədir, ucuz mal alıb bahalı-bahalı danışmaq istiyirsən?” demək keçir adamın ağlından.

Bəzi  haqlı  müştərilərlərin  “Vaxtı keçmiş təxəllüsdür, qaytarıram- tələblərinə” ürəyində deyirsən: “Guya bu yetimin normal  müddəti  olan vəziyyəti olub?!  Elə həmişə vaxtı  keçmiş məhsuldur da”.

O gün də biri  səhərin gözü  açılmamış qapını kəsdirib ki, guya  arvadının ad  gününə  hədiyyə almaq istəyir. Ürəyimdə dedim:  “Ayə, tülküyə toyuq  yeməyi öyrətmə, hansı  köpəyoğlu  sübh tezdən yerindən durub arvadına hədiyyə almağa gedir?!  Kiminçün alırsan, al da…kimə gəlirsən”

Bax belə axmaq  aliciların əlindən bezib təxəllüslərin pərakəndə satışından keçmək istiyirsən topdansatışına.

Malı tırlara yükləyib göndərən dostumuzdan  təxəllüslərin vəziyyəti, alış qiymətiylə bağlı tez-tez məlumat öyrənirdim. Elə yazarlar vardı ki, təxəllüslərini satmırdılar, hərçənd satsaydilar, yaxşı pul tutmaq olardı. Elələri də vardı, pulsuz versəydi də, almağa dəyməzdi.  Bazar “dartmayan”, yəni satilmayan  mal kimə lazımdır?

Vaxt olurdu,  tırda bir adda, vaxt da olurdu,  çox adda təxəllüs göndərirdi. Bəzən bir adda  iyirmi-otuz  min   təxəllüs  gəlirdi.  Yaxşı təxəllüsün alıcısı başının üstündəydi . Cox adda təxəllüs olanda isə iş bir az çətinləşirdi: ayırmaq, çeşidləmək, hər birinin öz müştərisiylə ayrı-ayrılıqda bazarlaşmaq  çox vaxt aparırdı.

Malı uzaq məsafəyə  daşıyarkən,  hər təxəllüsün özünəməxsusluğu olduğu ücün qablaşdırarkən, maşına yükləyərkən diqqətli olmaq lazımdır. Təxəllüslərdən isti-soyuğa davamlısı-davamsızı, nəmişlikdən qorxanı-qorxmayanı var. Ona görə də daşınma zamanı malların xarab olmaması üçün gərək yol boyu maşının hərarət, nəmlik dərəcəsini daim diqqətdə saxlayasan.

Bəzən maşını boşaldarkən görürsən ki, bir axmaq təxəllüsün kaprizindən  digərləri bezərək yoldaca intihar ediblər.  Bəzən də sakit bir təxəllüs yaxinlaşıb deyir ki, yol boyu  filan təxəllüslər qruplaşıb məni  təkləmişdilər, xahiş edirəm,  daha məni onlarla bir maşına yükləməyin.  Ən pisi isə  hansısa təxəllüsün maşından boşaldılan kimi səs-küy, qışqırıq salmağa başlamasıdır. Bu zaman onu qirağa çəkib başa salmaq lazım gəlir: bura qərib ölkədir, zatını biruzə vermə, özünü adam balası kimi apar, abır-həyan olsun…

Hec gözləmədiyin halda  sahibindən zəng gələn  təxəllüs də olur. Deyir,  təxəllüsə   söz demisən, xətrinə dəyib.

Razı qaldığın qabiliyətli təxəllüslər da olur. Zəng vurub sahibinə təşəkkürünü  bildirərək  “belə təxəllüs tərbiyə etdiyinə görə halal olsun sənə” deyirsən .

Zəng vurub, təxəllüslərinin tələbata uyğunluğu ilə maraqlananlar  da olur.  Bu illər ərzində bir nəfər də alıcı görmədim ki, “məni dünya tanıyır” qışqıran təxəllüslərdən  istəsin. Keçən il məhəllə, əyalət təfəkkürlü bir tır mal kiflənmişdi, açıq havaya sərdim ki, bəlkə gün vursa, düzələr. Xeyiri olmadı, zay oldu getdi o boyda mal.

Bir ara  Çindən  də  bir-iki maşın təxəllüs vurdum Urusetə. Çin təxəllüsləri qısa olduğu üçün  qiyməti  də aşağı  idi.  İmkanı  olmayanlar  bu mala üstünlük verirdilər.  Düzdür, bizimkilər qədər keyfiyyətli olmasa da,  ucuzluğuna görə bir müddət yaxşı satıldılar. Sonra müştərilərin “dabanı tez yeyilir, sapı tiftiklənir, açan kimi qazı uçur,  tez göyərir, qabığından yaxşı ayrılmır, səs kimi şikayətləri ucbatından  Çin təxəllüsünə  tələbat  xeyli azaldı.

Danışmaqla bitən söhbət deyil. Xülasə, koronovirus söhbətindən sonra işlər  dayandı.  Qapısı  bağlanmış  Rusiya yalnız  bunların girişinə qadağa qoydu:  adamların və təxəllüslərin.

 

                                          

 

 

 

 

Share: