Sabiq polis polkovnikindən Prezidentə müraciət: “Qarabağın hər qarışına bələdəm, istənilən tapşırığınızı yerinə yetirməyə hazıram!”

“Siz bu möhtəşəm Qələbə ilə öz adınızı Azərbaycanın tarixinə  qızıl hərflərlə həkk etdirən xoşbəxt Dövlət Başçısı oldunuz. İllər keçəcək, zaman ötəcək, qərinələr bir-birinə qovuşacaq, lakin bu müəzzəm Qələbənin tarixi dərsləri barədə söhbət heç zaman bitib-tükənməyəcək”.
Müstəqil.Az xəbər verir ki, istefada olan polis polkovniki Adil Həsənov Prezident İlham Əliyevə ünvanladığı müraciətində belə yazıb.

1988-89-cı illərdə Xankəndində çalışan və bölgəni qarış-qarış tanıyan Adil Həsənov bu gün də həmin ərazidə xidmət göstərməyə hazır olduğunu vurğulayıb.

Müraciəti olduğu kimi dərc edirik

Azərbaycan Respublikasının Prezidenti, 
Ali Baş Komandan cənab İLHAM ƏLİYEVƏ

Çox hörmətli cənab Prezident! 

Bu məktubu Sizə 42 il fasiləsiz daxili işlər orqanlarında çalışan,  istefada olan peşəkar  polis polkovniki kimi ünvanlayır və müqəddəs Vətən müharibəsindəki uğurlarımızdan hər bir vicdanlı Azərbaycan vətəndaşı kimi sonsuz fərəh və qürur hissi keçirdiyimi də diqqətinizə çatdırmaq istəyirəm. Bu şanlı Qələbədə Sizin yüksək diplomatik fəaliyyətiniz, peşəkar hərbçi qabiliyyətiniz, əsl sərkərdələrə xas səriştəli və tədbirli hərəkətləriniz həlledici faktora çevrildi. Qarabağda ard-arda qazanılan çox ciddi uğurlar, etiraf edim ki, ümüd və inamımızın tam itirildiyi bir zamanda işğaldan azad olunub asudə nəfəs alan kənd, qəsəbə və şəhərlərimiz birbaşa məhz Sizin siyasi iradə və qətiyyətiniz sayəsində  öz əzəli və əbədi səadətinə qovuşdu. Milyonlarla Azərbaycanlının üzündə təbəssüm və sevinc göz yaşları bərq vurdu. Siz tarix qarşısında sübut etdiniz ki,   Qələbənin yolu Dövlət, Xalq, Ordu və Komandan birliyinin sarsılmaz vəhdətindən keçir. Siz bu möhtəşəm Qələbə ilə öz adınızı Azərbaycanın tarixinə  qızıl hərflərlə həkk etdirən xoşbəxt Dövlət Başçısı oldunuz. İllər keçəcək, zaman ötəcək, qərinələr bir-birinə qovuşacaq, lakin bu müəzzəm Qələbənin tarixi dərsləri barədə söhbət heç zaman bitib-tükənməyəcək. Çünki bu, dünya hərb tarixinə düşəcək nadir hadisələrlə zəngin bir döyüş epopeyasıdır. Bunu şəxsən sizin haqqınızda dünya çapında dolaşan saysız-hesabsız yazılar da bir daha təsdiq edir.

Hörmətli cənab Prezident! 

Respublikamızın 5 müxtəlif rayonunda polis rəisi, DİN-in Baş Mütəşəkkil  Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və Baş Cinayət Axtarışı İdarələrində şöbə rəisi və rəisin birinci müavini kimi mühüm vəzifələrdə çalışmaqla yanaşı, hazırda döyüş gedən Qarabağ bölgəsində, xüsusilə də SSRİ DİN əməliyyat qrupunun rəhbəri kimi, öz arzumla Rusiyadakı işimdən ayrılmaqla   1988-1989-cu illərdə qan çanağına dönmüş Xankəndidə tək Azərbaycanlı olaraq fəaliyyət göstərmişəm. Bununla onu demək istəmirəm ki, o illər həyatımın ən ağır, ölümlə üzbəüz, lakin ən şərəfli illəri olub. Onu demək istəyirəm ki, məmləkətimizin cənnət guşəsi olan Qarabağın hər qarışına, hər strateji yüksəkliyinə dərindən bələdəm. İstefada olsam da,  özümü hələ də polis sıralarında, xalqımla birgə, yan-yana, çiyin-çiyinə hiss edirəm. Bu həssas məqamda kənarda dayanmaq, baş verən hadisələri seyrçi kimi izləmək heç bir vicdanlı   vətəndaşa yaraşmaz.

Sizin rəhbərliyiniz altında azad olunmuş torpaqlarımızda başlanan quruculuq işlərində istənilən tapşırıqlarınızı  şərəf və ləyaqətlə yerinə yetirməyə can-başla  hazıram və bunu çox arzulayıram.  Bu, nəzərə alındığı halda, olduğum 62 yaşımda mən özümü Azərbaycanın ən xoşbəxt vətəndaşı hesab edərdim.

Bu Haqq işi uğrunda mübarizədə şəhidlərimizə   ulu, qadir Tanrıdan rəhmət diləməklə  şəxsən Sizə – Ali Baş Komandanımıza, Xalqımıza, Ordumuza, Əsgər və Zabitlərimizə möhkəm dəyanət, yüksək dözüm, sarsılmaz döyüş ruhu arzulayıram.

Qələbə bizimdir!

Yaşasın Azərbaycan!

Qarabağ bizimdir!
  
Əlaqə nömrəsi: 050 216 34 77

Share: