İqtidara – otuz ildi ümidləri puç eləyən, vədə, mifə, müxalifəm

Arif PƏNAHOĞLU

BAGIŞLAMA BİZİ DÜNYA

İşığına göz açandan, sənə asi ,sənə düşmən kəsilmişik.
Eləcə də sən də bizə…
Bir baxsana, cəhənnəmin əzabından dəfələrlə ağır olan günümüzə…

Sənə qarğış, sənə tənə ,sənə təhir yağdırırıq.
Mənə ögey, ona doğma…
Fərqim nədi Fransada, Almanyada, doğulandan?!
Məni boğma !!!

Vətənində xoşbəxtdirlər başqa yerin adamları.
Bizimki tək aşıb daşmır başlarından, nə sərvəti nə varları.

Yaşayırlar, dərdsiz ,qəmsiz ,şad firəvan…
Onlardan çox sərvətlidir, çox zəngindir Azərbaycan.

Belə isə, səni bizə dar göstərən səbəb nədi?!
Axı bu nə həngamədi?!

Günahım nə, üzür məni əzablarla dolu həyat?!
Ölgünləşmiş yorğun ruhum can üstədi –
sinəm çat-çat.

Varsa əgər hər sərvətdən bol-bol payım?!
Nədən keçir qəm içində günüm ,ayım?!

Tarix boyu milyonların gözü bizdə,
mənim gözüm onun bunun əllərində…
Axı nədən, bircə tikə çörək üçün sürünürük yad ellərin çöllərində?

Nə bir daşın, bir ağacın, bircə qarış torpağında mənim deyil.
Ehtiyaca qara qulam, səfil kimi dolanıram veyil-veyil…

Cavabını almadığım ,məni rahat buraxmayan suallar çox…
Səndə günah arayıram ,hansı ki, heç zərrə qədər günahın yox.

Ünvanıma söylənilsə haqq deyilmi,
ünvanına söylədiyim həqarətlər…
Gözlərimi açmayıbdı, iç dünyamı dönə-dönə işğal edən nəqarətlər.

Rəbbimizi tanımırıq, səcdə qılıb, baş əyirik daş bütlərə,
Səni bizə dar eləyən, iblis ,şeytan örgütələrə…

Tarumar ol, dağıl səni ,– hirsimizin ünvanı sən,
Əgər belə aciziksə ,nədən bizə oğul desin ana vətən ?!

Sil kökündən birdəfəlik, heç qalmasın izi dünya,
Sənə qarşı çox haqsızıq, bağışlama bizi dünya.
Bağışlama bizi dünya !!!

MÜXALİFƏM

Göz açandan bu vətəni talan gördüm,
mən talana müxalifəm,
Aldadıldıq, parçalandıq zaman-zaman,
mən yalana müxalifəm,
Yumruq kimi birləşməyə, aman vermir şər qüvvələr,
Mənliyini vara satıb,
büt önündə alçalana müxalifəm.

Müxalifəm gözü açıq, beyni yatmış adamlara,
Müxalifəm, sabahını düşünməyən, başı batmış adamlara.
Haqq səsini ucaltmayıb, komasında ac qalana müxalifəm.
Qan içənin çıxışına ağzı açıq, arsız-arsız əl çalana, müxalifəm.

Gecə-gündüz övladının gələcəyin düşünməyən “vətəndaşa”,
Öz yurdunun taleyinə gözün yuman qəlbi daşa,
Nə o yanlıq, nə bu yanlıq, ortalıqda süst qalana, müxalifəm.
Məddahlıqla, yaltaqlıqla, pillə-pillə “ucalana” müxalifəm.

Qiyafədə din pərdəsi, dişlərində qan gəzdirən,
Cildən-cildə, rəngdən-rəngə, dəbdən-dəbə don gəzdirən,
Onun-bunun qucağında bardaş qurub, “ney” çalana müxalifəm.
Kürəyimdə dağ sandığım, tanıdıqca usandığım, təpə-təpə alçalana müxalifəm.

İqtidara – otuz ildi ümidləri puç eləyən, vədə, mifə, müxalifəm,
On nəfəri hissə-hissə itirərək üç eləyən,
İqtidara “müxalifə”, müxalifəm.
İmarəti, sarayları uc bucaqsız – öz dünyası dar olana, müxalifəm.
Bu gün üçün öz qınında “var” olana müxalifəm

Share: