Darıxma, Fərqanə…

Azərbaycanımızın, çağdaş ədəbiyyatımızın tanınmış nümayəndəsi, istedadlı şair, həmişə “bacı” deyə müraciət etdiyim Fərqanə xanım Mehdiyeva neçə gün idi ki, yataqdan qalxa bilmirdi. Vəziyyəti yaxşı deyildi. İçimdə bir əndişə var idi. Adətim üzrə yenə də zəng edib kef-əhval tutmaq istədim. Nigaranlığım keçər, – deyə düşündüm.

– Salam, Fərqanə. Necəsən, gecəni necə yatdın?
– Yaxşı deyiləm, bacın qurban. Ağrıyıram.
– İnşallah, heç nə olmaz. Səbirli ol. Əminəm ki, tezliklə sağalacaqsan.
– Yatmaq istəyirəm, yata bilmirəm, Aləm. İynə vurdurmuşam.
– Nə gətirim sənə, ürəyin nə istəyir?
– Heç nə istəmirəm, bacın qurban. Özündən muğayat ol.
– Yaxşı, yat. Yat, sonra zəng edərəm.
İllər uzunu hamıdan ağrısını gizlədən, hamıya xoş üz göstərib dərdini heç kimə yük etmək istəməyən Fərqanə xanım bəlkə də ömründə ilk dəfə idi ki, ağrı-acısını dilə gətirirdi. Sağalmaz ağır xəstəlik onun iradəsinə güc gəlirdi, deyəsən.
“İnşallah, tezliklə sağalarsan” – sözlərini neçə illər idi ki, dönə-dönə təkrarlayırdım ona. Axırıncı sözlərini ağrılardan üzülmüş iniltili bir səslə dedi. Bildim ki, xəstəliyi şiddətlənib, əzablara dözə bilmir Fərqanə. Ürəyimdən bir sızıltı, göynərti keçdi bu dəm. Görünür, iynələr yataqda zarıyan qüdrətli bir şairin ağrılarına təsir etmirdi daha. O istedadlı, möhtəşəm şair isə, hamı onu düşünürkən, “özündən muğayat ol” dedi mənə. Elə bil, son vəsiyyətini, nəsihətini edirmiş kimi dedi bu sözləri. Bəlkə gedəcəyini bilib, vidalaşmaq istəyirdi mənimlə. İlahi, sən bu insandakı ürəyin böyüklüyünə bir bax! Ömrünün son günlərində, ən ağır anlarında belə dilindən dua düşmədi bu adamın.
Bəli, Fərqanəni öz dostlarına, qohumlarına, qonşularına, oxucularına, tələbələrinə xoş günlər, işıqlı sabahlar arzulamağa vadar edən, ona möhtəşəm şeirlər yazdıran saf və təmiz qəlbi idi. Və mən bir şeyi anlaya bilmirəm ki, hamını sağlam və xoşbəxt görmək istəyən, hamı tərəfindən sevilən, könüllərdə çiçək açıb, hamının qəlbinə sevinc bəxş edən bir insan niyə özü ağır, məşəqqətli bir ömür yaşamalıdır?! Görəsən, bu faciəni Allahın adına yazsam, günaha batmaram ki?! Yoxsa, tanrı Fərqanəni düçar olduğu dözülməz ağrılardan xilas etmək üçün bu addımı atdı, onun ömür yolunun, acı taleyinin yarıda bitməsini istədi…
Son vaxtlar tez-tez maraqlanırdım onunla. Ölümündən iki gün qabaq zəng etmişdim. Telefona gəlini cavab verdi:
– Aləm dayı, indicə yuxuya getdi. Oyadımmı?
– Oyatma, qızım. Qoy yatsın. Necədir vəziyyəti? – özümdən asılı olmadan, pıçıltı ilə xəbər aldım. Elə bil, Fərqanənin oyanacağından ehtiyat edirdim.
– Elə əvvəlki kimidi, dayı.
– Oldu, qızım. Narahat olmayın. İnşallah, şəfa tapar.
Sonra İlqarı yığdım. “Vəziyyət yaxşı deyil. Başımı itirmişəm, qardaş”, – dedi İlqar.
– Özünü ələ al. Uşaq deyilsən ki, ay İlqar. Allah kərimdir, – deyib, ürək-dirək vermək istədim.
Vəziyyət könülaçan deyildi. İlqarın sözündən sonra nə edəcəyimi bilmirdim. Ürəyim aramsız döyünür, yerindən qopmaq istəyirdi. Tez Ülfətə zəng etdim:
– Ülfət, vəziyyət necədir, mənə doğru-dürüst bir məlumat ver görüm, – deyə həyəcanla xəbər aldım.
– Yaxşı deyil, Aləm dayı…
– Narahat olma, Ülfət. Hər şey yaxşı olacaq. İndi gəlirəm, – deyib yanına getmək, könlünü almaq istədim.
– Əziyyət çəkməyin, dayı. Həmişə yanımızda olmusuz, çox sağ olun.
Düz deyirdi Ülfət. Tanışlığımızın ilk günündən Fərqanə xanımla aramızda gözəl dostluq münasibəti yaranmışdı. Evlərimiz bir-birinə yaxın olduğundan tez-tez görüşərdik. Ailəmizdə də onu çox sevirdilər. Qızımı çox istəyirdi. Onunla daim maraqlanar, salam göndərərdi.
Ülfət həqiqətən məni özünə əsl dayı bilər, çox şeydə mənimlə məsləhətləşərdi. O, anası Fərqanə xanımı hədsiz dərəcədə çox istəyirdi. Bir dəfə İlqar ezamiyyətdə olanda, Fərqanəni həkimə ikimiz aparmışdıq. Müayinə və analizlərin cavabları bir qədər gecikdi. Bu məqamı – son nəticələr bəlli olana kimi Ülfətin nələr çəkdiyini, nə kimi həyəcanlar keçirdiyini sözlə ifadə etməkdə çətinlik çəkirəm. “Darıxma, sıxılma, ana. Hara lazımsa, səni aparacağam. Hansı həkimə, hansı ölkəyə lazımsa gedəcəyik. Nəyimiz var satıb, səni bu amansız xəstəliyin əlindən qurtaracağam. Sənə qurban olum, sıxılma, nə olar. Sən yalnız səbirli ol, bu əziyyətlərə, ağrılara qarşı bir az döz!”
Hər kəlməsində anasına təskinlik, ümid verirdi Ülfət. O, gerçəkdən, valideynlərinə layiq bir övladdır. Və mən əminəm ki, ömür boyu da öz əməlləri ilə onların başını daim uca edəcəkdir.
… Günorta vaxtları idi. Faiq (Balabəyli) zəng elədi ki, get Fərqanəgilə, mən də gəlirəm.
Məsələ aydın idi. Çağdaş poeziyamızın mənəviyyat güzgüsü, qələm adamlarının, ziyalıların ən yaxın dostu, gənc şairlərin ən böyük müəllimi və cəfakeşi, oxucuların sevimlisi, Yazıçılar Birliyinin, “Ulduz” jurnalının ən mehriban, ən səmimi, ən istedadlı nümayəndəsi Fərqanə Mehdiyeva gözlərini işıqlı dünyamıza əbədi yummuşdu. Daha mən onun kefini nə özündən, nə də doğmalarından soruşa biləcəkdim…
… Fərqanəgilin həyətinə çatanda Ülfət qabağıma yürüyüb məni qucaqladı:
– Aləm dayııııııı!
Sözlərinin dalını gətirə bilməyib, göz yaşlarını üstümə axıtdı. Onu sakitləşdirmək, toxtatmaq istədim:
– Ülfət, sən daha uşaq deyilsən. Özünü ələ al. Kim bu fani dünyada axıra kimi qərar tutub ki?! Biz indi toparlanıb məclisimizi yola verməliyik. Sonra isə…
Sonrasını deyə bilmədim. Mən də Ülfətə qoşuldum. Baş-başa verib, dayı-bacıoğlu hönkür-hönkür ağlamağa başladıq.
Ölümündən qabaq mənə doğum günü təbriki göndərmişdi Fərqanə: “Əziz qardaşım, xeyirxah insan, vəfalı dost Aləm Kəngərli! Doğulduğun günə min şükür! Min yaşa, sağlam yaşa! Qələbələrin tükənməsin! Həmişə bir olaq, əziz olaq, Aləm Kəngərli! Doğma qardaşım, sevimli yazıçım!”
Poeziya fədaisi, gözəl şair mənə uzun ömür arzulasa da, öz ömrünü yarıda başa vurdu. Yaşasaydı özünün şirin söhbətləri, mötəbər kitab təqdimatları, neçə-neçə gözəl əsərləri ilə bizləri hələ çox sevindirəcəkdi.
… Uzun illər həyatla ölüm arasında çarpışan əziz Fərqanəmizi haqq dünyasına yola saldıq. Çox tez getdi. Oğul toyu görmək qismət olsa da, Fərqanə adında qız nəvəsini görmək qismət olmadı ona. Bizləri öz uğurları ilə çox sevindirmişdi Fərqanə. Bu dəfə cənnəti sevindirməyə tələsdi. Əbədi gedişi ilə ürəyimizə böyük bir dağ çəkdi Fərqanə. Sevərək vəsf etdiyi, könül bağladığı vətən torpağı onu öz ağuşuna aldı.
Vida mərasimində yüzlərlə insan iştirak edirdi. Məzarı başında möhtəşəm çıxışlar oldu, şeirlər səsləndi. İzdihamın axıtdığı göz yaşları şairin uyuduğu məzarlığa çilənərək, torpağı isitdi, Fərqanəni üşüməyə qoymadı.
Nə yazıq ki, böyük bir insanı, ziyalını ölümün caynağından qurtara bilmədik. Nə biz, nə həkimlər, nə də maddi yardım umduğumuz Azərbaycan Yazıçılar Birliyi. O yazıçılar birliyi ki, Fərqanə xanımın məzarı üstünə bir əklil göndərməyi belə özünə rəva bilmədi. Hansı ki, Fərqanə xanım o birliyin ən nüfuzlu üzvü idi, o təşkilatdan əmək haqqı alırdı. Zamanında Fərqanəni xilas etmək üçün tanınmış alimlərin, yazıçı və şairlərin, millət vəkillərinin, ziyalıların yuxarı təşkilatlara etdiyi müraciətlər də cavabsız qalmışdı. Bu qısqanclığın, ədalətsizliyin arxasında nələrin gizləndiyini anlamaq o qədər də çətin deyildi. Paxıllıq!
Əlbəttə, qəlblərdə dərin izlər buraxmış gözəl bir insanla – istedadlı şair, işıqlı zəka sahibi, fikir adamı ilə vidalaşmaq, ədəbiyyatsevərlər və dostlar üçün olduqca ağır itkidir. Mən əminəm ki, öz yaradıcılığı, sadə və səmimi davranışı ilə hamıdan seçilən Fərqanə xanımın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Son olaraq əziz bacıma bunları demək istəyirəm:
– Əgər belə tez ayrılacaqdınsa, özünü bizə niyə bu qədər sevdirirdin, Fərqanə?! Sənsiz yaşamaq, deyib-gülmək, tədbirlərə qatılmaq bizə çətin olmayacaqmı? Fərqanə, onu bil ki, biz sənsiz qalsaq da, səni bizsiz qoymayacağıq. Məzarını sevgi məbədinə, poeziya ocağına çevirəcəyik. Hüzurunda baş əyib xatirəni daim uca tutacağıq. Məzarını çox sevdiyin tər çiçək dəstələrinə bürüyəcək.
Aləm KƏNGƏRLİ
Share: