Yanımızda sənsizlik…

Aləmzər SADİQQIQIZının Fərqanə ilə Məlahət Hümmətqızının yaradıcılığı haqda xəyali söhbəti

Əllərinin izi ilə bir şairi oxuyuram…Qatladığın səhifələri öpürəm…Qoydugun işərələri sığallayıram…
Sətirlərdə həm sənin həm Məlahətin, həm özümün ürək çırpıntılarını duyuram…

Və içimdə axşamdan bəri yaşadıqlarımı “unudub” sənin “söz borcunu ” verməyə çalışıram…
Üzünü o dünyaya çevirmişdilər …Günlərdir başının üstündə dayansamda ürəyindən keçənləri sadəcə gözlərindən oxuyurdum…
Və hiss edirdim ki, sən artıq bizi atıb öz əbədi dünyana gedirsən…
Yaxın dostların gəlmişdi…
Məlahət Hümmətqızı dedi içəri girməsəm indicə ürəyim dayanar…
Uşaqların istəmirdi səni dünyadan qopmuş görsünlər…Sən axı həyat dolu idin…
Məlahət sənin otağından çıxıb hönkürdü…
Sakitləşə bilmirdi. Gör bir nəyə sevinirdi…Sənin onu tanımağına…
Sən axı Məlahətə söz vermişdin karantin günlərində baş tutmayan “villa” kitabının təqdimatını aparacaqdın… Hələ səni tanımadan öncə nəşr elətdirdiyi “Tənha yuva” kitabı haqqında “Ulduz”a yazı yazacaqdın…
Amma deyir ki, son günlər zəngləşəndə qoy bir az özümə gəlim yazacağam deyirmişsən…
Məlahət ağlayırdı…və elə hey deyirdi…mənə söz vermişdin axı…İçimdən onu bərk-bərk qucaqlayıb dəli kimi ağlamaq keçirdi…Narahat olma…mən onun arzusunu yerinə yetirəcəm demək istəyirdim…
Amma sən hələ bizimlə idin…bizimlə danışa bilməsəndə…
Getdin dalınca baxdıq…Canımızdan sən ayrıldın…

21 gündü yoxsan…Necə yoxsan? Mən həmişə səni yanımda hiss edirəm…O gün səhərə kimi sənin cansız bədəninlə bir otaqda səhəri birlikdə açdıq…hərdən elə bilirdim çiynimə toxunub deyirsən dur sən də bir azca yat…çayın soyuyur…deyirsən iç cayinı…yeməyin vaxtı keçir deyirsən dur yemək ye…Narahat ruhuna əsir düşmüşəm elə bil…
Ülkər zəng edib dedi ki, Məlahət xalanın kitablarını tapmısam…Çox sevindim…Sonuncu kitabı idi… Məlahətə zəng edib kitabı tapdıq deyirəm…
İkimiz də kövrəlirik…
Xeyli sənsizlikdən danışırıq… Nəhayət ki, özümü birtəhər tutub deyirəm; Məlahət, Fərqanənin ölümdən zaman tapıb yaza bilmədiyini yazını mən yazacam. Ancaq qoy 40 çıxsın, bir azca özümə gəlim sonra…
Bu axşam ölüm adli mələklə çox vuruşdum…
Belə günlərim çox olub bilirsən… O gündən Məlahətin kitablarını balıncımin altina qoymuşam…bu gecə narahat oldum səhərəcən… Ölümdən qorxmurdum…Sənə verdiyim sözü tuta bilməməkdən qorxdum…
Kitabı acan kimi diksindim…içim çilikləndi elə bil…
Qatladıgin vərəqlər…qoyduğun isarələr…
“Şillə” şeirinə “şah əsəri”yazmısan…

Üzümə şillə çəkdin…
Əllərin necə qalxdı?
Vurdun mənim üzümə,
Hirslə baxdın gözümə.
Bu əllər tutmus idi,
Bir vaxt kövrək əlimi,
Özünə çəkmiş idi
İncə, nazik belimi…
Utananda dartmışdı
Üzümdən əllərini.
Saçıma sığal çəkib
Öpmüşdü tellerimi…
İndi nə oldu sənə,
Əl qaldırdın sən mənə…

Məlahətin çox sayda ana ilə baglı şeirləri var…Hamısina əla işarəsi qoymusan.
Anasınin 60 yaşına yazdığı şeiri qatlamısan…
Demək bu şeridən yazacaqdın…

İllər nə çox izlər qoydu ömrünə,
Xəzan oldu, payız oldu baharın.
Dərdi çəkdin, toxdaq verdin özünə
Ana, sənin 60 yaşın mübarək!

Əllərimdən tutub vərəqləri açırsan…
Müsbət işarəsi qoyduğun bütün şeirləri oxuyuram.
“Gələcəyəm”,”Dilənçi qız”- “yarım”,”tükənib səbrim”,” Ya sən,ya mən”və sairə və ilax…

O ötən illəri xatırlayırdıq,
Ya sən qəzəbliydin, ya mən inadkar.
Həsrətli illəri soraqlayırdıq,
Ya sən günahkardın, ya mən səbəbkar.

 

Hərdən səninlə Məlahətdən danışardıq…
Ağız dolusu, ürək dolusu tərifləyərdin onu…
Mənə də sevdirdin onu…
Sonra özüm də tanıdım.
Özü də elə şeirə bənzəyir…
Bilirsən necə ağri çəkir? Səndən danışanda elə hey deyir ki, onu gec tapdım tez itirdim…
İndi səni tanıyan hər kəs sənsizliyə elə köklənib çıxa bilmir həyata…
Hə…Məlahətin o qədər şeirini qatlamısan ki…
Hamısını oxusamda hamısından yazmaq olmur…
Hələ onun “villa” kitabını oxumamışam. Oxuyum yenə yazacağam…Bu sadəcə səninlə, əllərinin iziylə söhbət idi…Yatmadığım gecənin ağrısı idi…və bir də qorxusu idi…

Kövrək olur,qəlb inciyir bu yaşda,
Gözlər umur, ürək umur bu yaşda,
Saç agarır, qəlb yumşalır bu yaşda…
Ana sənin 60 yaşın mübarək! 
Biz də az qalmışıq o yaşa çataq…
Amma elə uşaqlıqdan eləyik…
bu yaşda uşaq kimiyik…
Hələ də özümüzü tapacağımız günə inanırıq…
Özünü axtara- axtara köçüb getdin…
Həmişə məni danlayırdın…
Özünə çox laqeydsən deyirdin…kaş ki, başqalarına göstərdiyin diqqəti özünə də göstərəsən… deyirdin…
Bu gün əllərimdən tutub məni bir şairlə daha da doğma etdin. Məlahəti oxuduqca atasız günlərimi yaşadım…anamı xatırladım…çata bilmədiyim sevgiyə salam verdim…

Mən də Məlahəti gec tanıdım… Bəlkə onu mənimlə tanış edib getdin ki, mən sənsiz bu dünyada öləcək qədər darıxmayım…
Rahat ol, Fəqişim…
Dostlar sağ olsun! Məni sənsiz qoymurlar…hər gün zəng edib səndən danışırlar…
Sabah Məlahətlə görüşmək istəyirəm…
Uşaqlıqdan beləydim…
Kitabını oxuduğum adamları görmək yanğısı olur içimdə…
Bir stolu boş saxlayacam…bir fincanı artıq qoyacam…Həmişə yanımızda ol əzizim…
Bir şəkil çəkdirəcəyik…yanımızda SƏNSİZLİK…
23.5.2020.

Share: