Su pərisi – Aida Adıgözəl…

Saçlarını yığ qumsaldan Su pərisi…
sən balıq doğulmuşdun ,
arzuların qadın idi .
Gecələr çıxdığın sahil ,
saçlarını sərdiyin qaya daşları
gətirmədi arzularını sənə ,
taki tora düşməyənəcən…
Gözləri
gözlərinə sataşan balıqçının kobud əllərində
yığılan torun içində ürəyin idimi çırpınan ,
bədənin idimi bilmirəm …
Sevilmək arzusu ,
hətta ölmək istəyi də keçirdi könlündən balıqçının qollarında .
Balıqçıysa …balıqçıysa səni böyük balıq bilirdi ,
satmağı düşünürdü ,
kimə gəldi , neçəyə gəldi ,
bir işvəli gülüşəmi , bir ehtiraslı öpüşəmi ,
bir sehirli sözlərlə dolu şeirəmi…
Taxta qayığında böyük gəmilərə həsəd aparan
kasıb balıqçıda ürəkmi gəzirdi sənə qadın gözüylə baxmağa ,
səndə sevgi axtarmağa ?!
Saçlarını yığ qumsaldan Su pərisi ,
qaytar çıxan ürəyini yerinə ,
bir də qayıtma sahilə .
Qaya daşlarına sərmə qadın arzularını …
dənizin titrətdiyi yosun evində qurduğun xəyalı axtarma köpüklü dalğaların üstündə !
Səni sahildə gözləyən arzuların deyil
balıqçı torlarıdır ancaq , balıqçı torları…

27.04.2020

Aida Adıgözəl adlı şəxsin şəkli.
Share: