“Cənnətin yeni sakini…”Fərqanə Mehdiyevanın xatirəsinə – Nurəddin Ədiloğlu yazır…

Cənnətin yeni sakini

                                                  Fərqanə Mehdiyevanın xatirəsinə

7 gün əvvəl  Ramazan ayının  yeddinci günü idi.  Obaşdana az qalmış  yuxuda Fərqanə xanımı gördüm. Başına ipək kəlağayı örtmüşdü, qarşısında  onluq lampa şölələnirdi…  Lampanın ətrafında  bardaş qurub oturan xanımların arasında rəhmətlik anam başda olmaqla mənim əzizlərim də var idi. Hamısı nəzərlərini lapmadan süzülən işığa dikib, sanki dərin xəyallara dalmışdılar.  Fərqanə xanımsa həmsöhbət axtarırmış ki, sağa-sola boylanırdı. Mən ona səsləndim: “Bəs  ətrafındakılar  bilmirlər ki,  qalxıb obaşdanlıq süfrəsini hazırlamaq  vaxtıdır?”  Fərqanə xanım xəfifcə gülümsündü. Amma cavab vermədi…

Saatın zənginə oyandım. “Yusif peyğəmbər xeyir eləsin” deyib  yuxumu obaşdanlıq süfrəsinə qoyulmuş bir fincan suya danışdım. Fərqanə  xanımla bahəm  bütün xəstələrə Allahdan şəfa dilədim. Səhər açılmamış  fb səhifəmdə  belə  status yazdım: “Qoy bu günün 3 müqəddəs rəqəmi  – Ramazanın 7-ci günü, Cümə günü və mayın birinci günü YER üzündə xeyirlərə vəsilə olsun!”

O gün əvvəlcə istədim Faiq Balabəyliyə zəng edim.  Nədənsə vaxtilə dünyasını dəyişən məqamda qürbətdə olsam da nənəmi, illər sonra isə dədəmi  yuxuda gördüyümü yadıma salıb fikrimdən vaz keçdim. Faiqlə  Fərqanə xanım doğma bacı –qardaş kimiydilər. Həm də onun – yəni Faiqin açıq ürək əməliyyatı keçirdiyini bilirdim.

Karantin rejiminə  görə son vaxtlar bir-birimizlə yalnız virtual əlaqə saxlayıb, telefonda danışıb dərdləşirik. İndi  hamı, eləcə də ən QORMAZ, CƏSARƏTLİ, ÜSYANKAR söz cəngavərləri  belə dünyaya  eyni  QƏM PƏNCƏRƏSİNDƏN  boylanır. Və  ağılagəlməz BİR BƏLANIN qarşısında nə qədər aciz qaldığımızı çox YAXŞI  dərk edirik. Zamanın ÖLÜM xəbərlərini  durduran,  BƏŞƏRİN DƏRDİNƏ əlac edən dava-dərmanı yox!..

Bu gün Yer üzü  bütün xalqlar üçün QARA ÇADIRların qurulduğu məkana dönüb!.. Ancaq “Təqdiri  İlahi”  deyilən bir  fikir  bütün hallarda insanda  ruhi rahatlıq, SABAHA ÜMİD  hissi yaradan mənəvi fəzilətlərdən hesab olunur. Axı bu mübarək Ramazanda  SƏBRŞÜKR etmək də ibadət sayılır…

Mayın ikinci günü Fərqanə xanımın ölüm xəbərini eşidəndə həsrətini çəkdiyimiz allı-güllü bahar da gözlərimdə QARA rəngə boyandı… Qəlbimin səssiz harayını dinləyə -dinləyə  yaddaşımda  yuxuda gördüyüm  başı kəlağaylı,  gülümsər üzlü bir şairə obrazı  canlandı.

…Fərqanə xanımın  adını  düz 40 il əvvəl xalam nəvəsi,  şair Arif Fərzəlinin dilindən eşitmişdim. Mərhum şair, naşir Ələkbər Salahzadənin baş redaktoru olduğu dövrdə ilk dəfə “Ulduz” jurnalına  yazı aparanda  Fərqanə xanımla tanış oldum. Arifi soruşdu və məndən ona salam göndərdi.  Fərqanə xanım Arifin “Toy”  şerini çox  sevirdi. Tədbirlərdə  mənə  söz veriləndə  xahiş edərdi ki,  o şeiri deyim. Arif çağdaş poeziyamızın tanınmış  nümayəndələrindən olsa da, internetdən, sosial mediadan  uzaq adamdı.  Haqqında yazdığım essemin adını əbəs yerə “Zəmanə dərvişi” qoymamışdım.  Bir-neçə şeirini “fb”  səhifəmdə  paylaşmışam.  Fərqanə xanım  bir dəfə xəstəxanadan mənə yazdı ki, “Toy” şeiri yazıb  ona yollayım. Bu  şeiri əzbər  bilsəm də  Arifin digər şerlərindən  uzun olduğuna görə onu  yazıya köçürüb  paylaşmağa  tənbəllik eləmışdım. Amma  Fərqanə xanımın xahişi ilə  o şeiri də yazıb bir neçə dəfə  fb-dəki “VİLƏŞ” qrupunda paylaşdım.

Əşyaların ömrü bizim ömrümüzdən uzun, yaddaşı yaddaşımızdan “möhkəm” olur.  Fərqanə xanımla çəkdirdiyimiz  bu şəklin isə qəribə tarixçəsi var!  Günlərin  bir günü  şair Balayar Sadiqlə məni  Rusiyada yaşayan  bir tanışımız Bakıya gələndə  qızının toyuna dəvət etdi. Xahiş elədi ki, xalq şairi Sabir Rüstəmxanlını  və  tanınmış xanım şairlərdən birini toy məclisinə dəvət edək. Lap  Anarın “Evləri  köndələn yar” tamaşasında olduğu kimi: dedi ki,  qoy bəy  admları görsün ki, mənim də şair-yazıçı dost-tanışım var…  Sabir müəllimə  əlimiz çatmadı. Amma  Balayar həmin Fərqanə xanımla birlikdə  gəldi.  Məclisdə bizə söz veriləcəyinə seyid cəddinə arxayın olan kimi  əmin idik.  Fərqanə xanım deyirdi ki,  sən Allah, Nurəddin qardaş, yenə  Arifin  o “Toy” şerini deyərsən!..

Amma necə oldusa bizə söz verilmədi.  Yazıçılar Birliyinin Natəvan  Klubunda tədbir olanda aparıcıların Azərbaycan poeziyasının Anna Axamatovası deyə  sevə-sevə söz verdiyi Fərqanə xanımın hüzurunda  əməlli – başlı pərt olmuşduq. Məclisi tərk edəndə toy sahibi xanımı ilə bizə yaxınlaşıb üzr istədilər. Artıq gec idi… Üstəlik taksi də sifariş vermişdik. O gün Fərqanə xanımı evinə ötürdük…

Çox çəkmədi ki,  Balayarın oğlu Cavid bəyin  toyu oldu.  Bax, o toyda Fərqanə xanımla ikimiz əsl  poeziya buketi, nəğmə çələngi qurduq. O, öz şeirlərini dedi, mən isə  Mir Kazım Aslanlı-Sarənglə Arif Fərzəlinin şeirlərindən bir neçəsini…

Fərqanə xanım  bacı  kimi bizim  sevincimizə, uğurumuza sevinən, dərdimizə şərik olan bir ziyalı xanım idi:  mən də, Balayar Sadiq də  həyat yoldaşımızı vaxtsiz itirəndə  bizə hədsiz dərəcədə  təsəlli verən qələm dostlarımızdan  biri də  Fərqanə xanım Mehdiyeva  olmuşdu. Əslində  biz hamımız zaman-zaman AYRILIQLAR  məktəbinin  məzunu oluruq… İndi isə növbə  Fərqanəsevənlərə çatmışdı…

Bu gün  mayın YEDDİNCİ günüdür.  Mənim ömür – gün yoldaşımın haqqın dərgahına qovuşmağının 7 ili tamam olur. Fərqanə xanımı həyatda sonuncu dəfə nə vaxt gördüyümü dəqiq xatırlamıram,  amma yuxuda yeddi gün əvvəl görmüşəm.

Pifaqor deyirdi: “Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir”. 7 rəqəmi də müqəddəs, ilahi, xoşbəxtlik rəqəmidir. Sabah Fərqanə xanımın ruhunun  axirət aləminə köç etməsinin yeddinci günüdür.  İnanca görə  mübarək Ramazan ayında səmanın qapıları açılır,  oruc adamın iftar və imsak vaxtı  etdiyi  dualar  Allah dərgahında cavabsız qalmır. Dua Cənnət yurdunun qapısıdır, deyirlər.  Mən də  bu gün dua edirəm ki,  o dünyada cənnətməkan anamla, Səmayə, Humay və Məşhədi Hüsniyyə kimi xanımlarla  birlikdə Allah səni  Həzrət Fatmeyi –Zəhraya yoldaş eləsin, Fərqanə bacı!

                Əziz ruhuna böyük ehtiramla

                                                                           Nurəddin ƏDİLOĞLU.

07.05.2020.

192 baxılıb
mersin escort