“ƏN QİYMƏTLİ SƏRVƏTİMİZ – ÜMİD…” – Vaqif Osmanov

Zaman da canlıdır. Zamanın ürəyinin döyüntüsünü dəqiq ölçən ən etibarlı “cihaz” Sözdür, əsl Söz. Sözün mənəvi gücünü anlamayanlar üçün Söz maddiyyatdır, çeynəyib atmaq olar. Yazıqlar hardan bilsinlər ki, Söz ulularımızın and yeri, inancı olub. O ulu babaların özləri kimi nəvə-nəticələri nə yaxşı ki, bu gün də var. Söz ilahi varlıqdır, tutiyədir, başı uca edəndir.
Süleyman Abdulla da zamanın nəbzindən onun durumunu necə olduğunu anlayan başı uca Söz təbibidir. “Karantin və çörək ağacı” şeirindən əldə etdiyim təəssüratlar əminliklə bunu deməyə imkan verir.
Qazi-şair “karantinə görə küçəyə çıxa bilməsək” də bizi qarışqa kimi əzməyə çalışanların – “bütün yarasaların və yarasayeyənlərin acığına yaşamağa səsləyir. Yaşamaq eşqinin qarşısında yarasalar və yarasayeyənlər nə karədir ki? Biz Günəş xislətli insanların övladlarıyıq. “Qoy həmişə Günəş olsun!” oxuyanlardanıq. Yarasalar və yarasayeyənlər Günəşdən qorxanlardır.
Şair və naşir Süleyman Abdulla işıq aşiqidir, insan zəkasının nurunun – elmin, biliyin mənəvi acıdır, xalqımızın mütaliə tənbəlliyinə, informasiya laqeydliyinə acıyır. Riyaziyyatçı şair bir qeyri-adi tərs mütənasibiliyi qabardır şeirində. “Havaların isinməsi virusun ölümüdürsə, bəzi işlərə xeyirli deyil. Qeyri-adi saydığım tərs mütənasiblik nədir:
Qəzet almır adamlar
Günəş kürəklərini qızdıranda,
ya da beysbol papaqlarının günlüyünü gün yandıranda…
Çörəkverənlərindən çörəkkəsənləri çox olan yerdə abrına qısılıb zəhmət haqqını yığa bilməyənlərin üzünə qapılar bağlıdır. Meşin qapıların o tayındakı qafası, ürəyi piylənənlər haradan bilsin kasıbın balası nə yeyir? Yəqin fikirləşirlər ki, Vətəni Atlant çiyinlərində saxlayan kasıb balaları ayı ətinin kababından feyziyab olub yaşıl kağızlarla samovar qaynadırlar. Yox, onlar buna imkan verməzlər, axı çörəkkəsəndilər. Yaxşı bilirlər ki, bu Vətənin torpağını, şərəfini qoruyan igidlər şişman “səfa”lı, “şəfa”lı toyuqlara da həsrətdilər. Toxun acdan nə xəbəri?
Köhnə qəzetləri təzələrə qatıb
üstümüzə qaytaranlar yaxşı bilirlər
çörəyimizin necə kəsildiyini…
“Bu məmləkətin iki mükəmməl işini – satmaq və atmağı” bacarmayan “fərsiz”lər “atılanlar”dır, yəni “atmaq fərasəti” olmayanlar. Ona görə də biz bu atdı-tutdu dünyasının ögey övladlarıyıq:
Qəzet köşkünə baxdıqda
ürəyi ağrıyır adamın,
urvatlıdır qəzetdən başqa vitrində nə varsa,
üstündəki “PRESS” sözündən qeyri
qəzetçiliyə aid heç nə yox!..
Süleyman Abdulla, “nə olsun ki, bu il çörək ağacımız çiçəkləmədi, işlərimiz getmədi, borcumuz çoxaldı”, təki ümidimizin çiçəyi solmasın, ümidimiz azalmasın!
Qoy həmişə Günəş olsun!
Yarasasifətlilər və yarasaxislətlilər bizim işığımıza tab gətirə bilməzlər. Yaşayaq onların acığına!..
VAQİF OSMANOV
2 may 2020.
Müstəqil.AZ
Share: