Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı

İbrahim Rüstəmli

 İYİRMİ GÜNÜN MÜSİBƏTİ    

Heç nə itirmədən oxuya bilməyəcəyiniz yazılarımdandı bu.

Heç nə itirmədən nəsə tapacağınıza da gümanım yoxdu…

Ruhun varlığına ilk dəfə “Bir Şəhidin monoloqu”ndan sonra inanmışdım, günlərlə ruh kimi gəzdiyim vaxtlarda…
Ətrafımdakıların qıyıq baxışları eynimə deyildi. Torpaqla təmasımı hiss etmirdim. Havalandığıma yavaş-yavaş inanmağa başlamışdım. Havalandığıma inansam da, dəli olduğumu düşünmürdüm.
Dəli olduğumu düşünmürdüm, ancaq hər gün eyni sözləri səhərdən-axşamadək öz-özümə pıçıldamağımda da nəsə ilahi bir möcüzə, bəmbəyaz bir səmavilik vardı.
“Bir Şəhidin monoloqu…” Hər kəlməsilə duyğularımın sırasına seyrəldən, hər cümləsilə ürəyimin bir telini qıran yazım…
İndi də eyni hissləri yaşayıram. Bir küncə çəkilmişəm. Adamların olmadığı xanələrdə dolaşıram. Ruhumun üsyanını ancaq ağaclar yatırır. Ruhum kiridikcə, yarpaqlar baxışlarımı daha asan aldadır. Və bir də onda ayılıram ki, göy üzünə zillənmiş gözlərimdən damcı-damcı SÖZ tökülür.
Damcı-damcı ayaqlarıma çırpılan, ayaqlarıma çırpıla-çırpıla damcı-damcı torpağa hopan SOZ…
Allah, həm də bu boyda müsibəti iyirmi günə sığışdıra bildiyinə görə böyükdü…
Allah, həm də bundan iki dəfə böyük ağrıları bir ANAnın çiyinlərinə yüklədiyinə görə gözlərimizə görünmür!..
Hətta oxunuşu belə dərin ruhi sarsıntılar hesabına başa gələn kədərli bir həyat hekayəsidi bu. Onu bir ömür boyunca dünyaya üç oğul gətirən, bir ömür boyunca üç oğlunun üçünü də itirən, bir ömür boyunca üç oğlunu dörd divara arasında, özündə axtara-axtara çırpınan tənha bir ananın ağappaq saçlarından oxumuşam! İndi sizə danışıram…
 
Hər şey sevgi ilə başlar…
Hər şey sevgi ilə bitər…
Cənubda Kərim kişinin evində böyüyən gənc İslam Bakıya özü ilə birgə əzəmətli Lerik dağlarının qürurunu da gətirmişdi. Doğulub boya-başa çatdığı ana yurdunun tez-tez xiffətini çəkər, o dağlardan, o dağların köksünə sığınmış gözəllikdən ötrü burnunun ucu göynəyərdi.
Dalğa-dalğa ləpələnən bu gözəlliyi o, başkənddə ilk dəfə Simuzər xanımda tapdı. Axı o da paytaxta özü ilə birgə Şimaldan, əsrarəngiz Zaqatala torpağından bitib-tükənmək bilməyən sehrli bir möcüzə – SEVGİ adlı səltənət gətirmişdi. Dağlar qoynunda doğulan, boya-başa çatan bu iki gənc arasındakı ruhi doğmalıq sonradan ailə bağına çevrildi…
Hətta oxunuşu belə dərin ruhi sarsıntılar hesabına başa gələn bu kədərli həyat hekayəsi bax beləcə başladı…
O özündən razı, xoşbəxt günlərin, yamyaşıl sevgi səltənətinin ilk pöhrəsi idi Rəhimxan. Doğulduğu od-ocağa yeni nəfəs, yeni ruh gətirmişdi. Valideynlərinin indiyədək tanımadığı, yaşamadığı ülvi duyğuların ilıq hənirtisi vardı qədəmində. Üç il aşırımından sonra bu hənirtiyə daha bir körpə nəfəsi də qoşuldu. Yeni doğulan uşağın adını Malik qoydular. Sevinc sevincə qarışdı, sevgi sevgiyə qovuşdu. Bu qovuşaqdan uzanan yol ailənin üçüncü övladının – Sabirin gəlişinədək nə az, nə çox, düz dörd il boy atdı…
Günlər nə qədər uzun, illər nə qədər qısadı…
Sanki hər şey bir anın möcüzəsi kimi idi. Elə bil dünən doğulmuşdular. Nə vaxt böyüdülər, nə vaxt məktəbə getdilər? Bığ yerləri nə vaxt tərlədi?..
Zamanın aramsız axınında çiyin-çiyinə verən qardaşlar nə anaları Simuzər xanımın, nə də ataları İslam kişinin sevgisinə boy vermədilər. Bu sevginin rişələri Azərbaycan adlı qocaman bir ağacın kökləri kimi idi, torpağın təkinədək işləmişdi. Yəqin elə buna görə ana Vətənimizin başı üstünü qara buludlar alanda Mustafayevlər ailəsinin od-ocağına da qaranlıqlar çökməyə başladı.
Qarabağ savaşının barıt qoxusunu ciyərlərinə çəkən, ağrı-acısını öz canında yaşayan və yaşadan ilk ailələrdəndir bu ailə. Kənd-kənd, oba-oba oda qalanan məmləkətin çırağı sönmüş bir parçası, külə dönmüş yurd yeri…
Döyüşlərin ilk günlərində hərbi komissarlıqdan çağırış vərəqi alanda Sabir uşaq kimi sevinirdi. Özünü yurdun müdafiəsinə qalxmış vətənpərvərlərlə bir sırada gördüyünə görə yerə-göyə sığmırdı.
-Bəs sən niyə sevinmirsən, ay ana, axı bu gündən mən də əsgərəm!
Bu onun öz anasına dediyi son sözü idi. Hələ də Simuzər ananın qulaqlarından çəkilməyən son sözü…
O ağır günlərdə Malik Moskvada Qubkin adına Dövlət Neft və Qaz İnstitutunda təhsul alırdı. Buna kimi Bakıda Neft Texnikumunu bitirmişdi. Müharibə başlayanda təhsilini yarımçıq qoyub cəbhəyə könüllü
yollandı. Amma bu haqda anasına bircə kəlmə də demədi. Sadəcə ezamiyyətə göndərildiyini bildirdi:
-Qarabağda dəyirman tikilir, ay ana, məni də o dəyirmanın dəzgahlarını quraşdırmağa yollayırlar…
Bu da Malikin anasına söylədiyi sonuncu yalan idi, müqəddəs yalan. Elə bir yalan ki, hətta zaman belə onu həqiqət olduğunu Simuzər anaya hələ də inandıra bilməyib…
Hələ indinin özündə də hər qapı döyüləndə, hər telefon zəngi çalınanda oğullarının gəlişinə, Sabirin, Malikin səsini eşidəcəyəinə inanan Simuzər ana…
Bu mənim az qala hər gün döymək istədiyim, ancaq heç vaxt döymədiyim, döyə bilmədiyim yeganə qapıdı!
Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı!..
Bu qapı ilk dəfə Şuşadan gələn qara xəbərlə döyüldü. Sabir Daşaltı əməliyyatında qəhrəmancasına həlak olmuşdu…
Bu qapıya qara paltarlı adamların ilk gəlişi də o vaxtdan başladı…
 O vaxtdan bu qapıya gəlib-gedən qara paltarlı adamların sırası heç seyrəlmədi…
Ancaq bu qapıya gəlib-gedən qara paltarlı adamların seyrəlməyən sırası da bu qara xəbəri Simuzər anaya, İslam kişiyə inandıra bilmədi…
Ancaq bu qara xəbərin iyirminci günündə bu qapını daha bir qara xəbər də döydü!!!
Bu dəfə Qaradağlıdan gələn qara xəbər! Malik dinc əhalinin müdafiəsi zamanı son gülləsinədək döyüşmüşdü – son gülləsinə, son nəfəsinədək…
O vaxtdan bu qapıya gəlib-gedən qara paltarlı adamların sırası heç seyrəlmədi…
Elə qara xəbərlərin də…
İndi Müstafayevlər ailəsində özünün növbəti qurbanlarını hədəfə alan yeni bir savaş başlamışdı – inam və şübhə arasındakı savaş! Bu ailədə hələ heç kim iyirmi günün içində bir-birini qova-qova təngənəfəs ev-eşiyə soxulan, od-ocağa təpilən qara xəbərlərə təslim olmamışdı.
Qarabağda Vətən naminə canlarından keçən qardaşlar, Bakıda öz doğmalarını da ölüm-dirim savaşı ilə üz-üzə qoymuşdular. Amansız döyüşlər gedirdi. Səngər döyüşləri…
Bu dəfə Müstafayevlər ailəsi eyni cəbhədə çiyin-çiyinə verib yeni düşmənə – Sabirin, Malikin qara xəbərinə qarşı vuruşurdu. İslam kişi bu döyüşdə beş il tab gətirə bildi. Ancaq parçalanmış ürəyi, saysız-hesabsız yaraları ilə son nəfəsinədək döyüşdü, son nəfəsinədək düşmənə təslim olmadı, son nəfəsinədək oğullarının ölümsüzlüyünə inandı. Və bu inamla da sonu görünməyən ölüm-dirim savaşında öz canını qəhrəmancasına qurban verdi: ŞƏHİD oldu!
O dünyaya övladları Sabirlə Maliki bu dünyada qoyub getdi İslam kişi…
Müharibə Mustafayevlər ailəsini təkləmişdi. Xarakterini dəyişsə də, dəyişməyən niyyəti-məramı ilə meydan sulayırdı. O indi daş-qayanı yaran su kimi idi. Tükənməyən inadı ilə asta-asta öləziyən bir ocağın üstünə damcı-damcı çırpılırdı…
O bu damcılarla Simuzər ananın sonuncu güvənc yerini, sonuncu ümidini, sonuncu silahdaşını da əlindən alldı!

Sonuncu övladı Rəhimxanı itirən ana döyüş meydanında tək qaldı!..
Ancaq sonuncu övladını itirsə də, nə ümidini, nə də bu ümidin dağdan ağır yükünü öz çiyinlərində daşıyan qürurunu itirmədi!..
Bakıda hər gecə səhərədək öz övladları ilə danışan, öz övladları ilə danışa-danışa mətbəxə keçən, çay dəmləyən, yemək bişirən, sonra qonşu otaqda uyuyan balalarını haylayan, balalarını haylaya-haylaya öz səsinə oyanan bir ana yaşayır!
Hələ bitməyən döyüşün sonuncu əsgəri!
Qəhrəmanlıq salnaməsinin qəhrəmanı!..
Adına VƏTƏN dediyim ANA!..
İbrahim İBADOĞLU RÜSTƏMLİ
əməkdar jurnalist
Xüsusi olaraq Miq.az üçün
P.S. Simuzər anaya şəhid oğullarının heç biri ilə vidalaşmaq nəsib olmayıb. Hər iki övladı ağır döyüşlərdə itkin düşüb. QARABAĞ Onların ruhunu yaşadan MÜQƏDDƏS TORPAQDIR.İndi Şəhid anasının ən böyük arzusu yad tapdağı altında inləyən o yurd yerlərimizə getmək, məzarına tökmək üçün bir ovuc Qarabağ torpağı götürməkdir.
Bu, Simuzər ananı şəhid övladları ilə qovuşduracaq, Vətənimizi və xalqımızı sabaha daşıyacaq ən yenilməz güc, ən sarsılmaz bütövlükdür…
Share: