“VIVAT, İTALİYA! Bütün dünyada yaşayan dostlarıma ithaf edirəm…”-Zöhrə Əliyeva

VIVAT, İTALİYA! Bütün dünyada yaşayan dostlarıma ithaf edirəm…

… Koronovirus ətalətindən hələlik birtəhər qurtulub dünyanı düşündürən və təbii ki, məni də narahat edən, gün ərzində dağdan arana, arandan dağa gətirən fikirlərimi yazmaq istədim…
…. Klaviaturanı qələm, komputerdə açılmış yeni səhifəni də kağız bilsək, durum öz-özünə qiyaslanır… Zatən bu qlobal metamorfozalardan sonra yəqin daha heç nə əvvəlki kimi olmayacaq….görünür hər şey buna hesablanıb! Olmasın da! Məgər bəşəriyyət buna can atmırmı…məgər insanlıq hər şeyi kamilləşdirməyə çalışmırmı…(kənara deyirəm, bütün çevrilmələrin daha kamil olacağını təsdiq edən bir düstür da yoxdur a)

Buyur, bu da sənə fürsət.. dəyiş, təzələn, irəli get…(düzdür, niyə Tanrıya bəşəriyyətin inkişafı üçün bizə məhz orta əsrləri – alimlərin,həkimlərin, astroloqların falçı kimi edama məhkum edilən zamanları xatırlatması lazım gəldi, orası da hələlik bir sirri-xuda)…amma yaşa…yaşa və bunları unutma!
….Gəldiyimiz qənaət odur ki, dəyişmək qaça-qovunda, cəmiyyətin hər şeyin daha yaxşısına malik olmaq marafonunda unutduğu nəsnələr bu dəyişmənin faciələrlə müşaiyətinə səbəbdir…bu arada, kimsə istənilən dəyişikliyi faciə kimi qəbul edər, həyatın əvvəlki ritmindən, halından imtina etmək istəməz, kimi isə çox asanlıqla bir rejimdən o birinə keçər, bir vəziyyətdən o birinə düşər, sonunda güclü olan qalib gələr deməyək, sadəcə mövcud qalar… Bu da bir təbii seçim, ALLAHın taleyə, gedişata yüklədiyi hikmətidir… İfrat fatalist olub dibə yatmaq, Allahdan buyruq, ağzıma quyruq deyib yaşamaqçün heç nə etməmək də çıxış yolu deyil…

Mənim üçün bu o demək oldu ki, Səbrli ol, et, gör, yarat, danış gül, sev, amma asi olma, unutma, şükr et və ol!…Ümidini itirmədən, təmkinlə….Ağzıyanmışlıqdan söhbət getsə….Min dəfə “bu sondur, hər şey bitdi, daha necə yaşamaq olar” qənaətinə gələn mən, indi insanlara təmkin dərsi keçirəm….Özümə gülürəm, vallah!..Bəzilərini həyat labirintlərindən onsuz da hadisələrə təsir etmək rıçaqlarından məhrum olması(yenə də lap ucadan gülürəm: kim bilir Allah dəvəyə qanad versəydi, nələr olardı, bəzən əl-qolunun bağlı olması da işə yarayarmış), sarkastik özünüqamçılamalar qurtarır… Gücsüz, heç nəyi həll edə bilməyən, sadəcə panikləyib zəhlətökən depresssivliyi ilə ailəni və dostlarını bezdirən birinin özündə heç vaxt nə yaxşılığı, nə də pisliyi unutmamağa, ətrafındakılardan küsüb körpüləri yandırmadan…(kənardan bəzən belə görünsə də) uzaqlaşıb düşünməsi də olur…Amma qəfildən həyat elə kəskin qərarlar verir ki, adam çaşıb qalır. Yəqin burda, tam zamanında, ilahi ədalət deyilən o Mütləq Həqiqət devrəyə girir …beləliklə, qordi düyünü öz-özünə çözülür…

…..Bütün qlobal anlayışların yanında bir qlobal unutqanlıq yer alır.…arada unudulan pisliklərlə bərabər yaxşılıqlar, gözəlliklər, mərhəmət də qaynayıb buxarlanır…bəşəriyyətin əsrlər boyu qazandığı mədəni-mənəvi miras məhv olur, dəyərlər aşılanır, həyatda qalmaq namınə dostların xəyanəti ilə üzləşilir, dar gündə kömək etmək əvəzinə zamanında dünyaya sivilizasiya bəxş edən xalqlardan, dövlətlərdən üz döndərilir, taleyin umuduna buraxılır … Son günlərin real mənzərəsi təxminən belədir…Fəqət dünya yenə də fırlanır, həyat bir az başqalaşsa da… bu gedişatla onu da bilmək olmaz ki, gələcəkdə həyat olacaq, ya olmayacaq, Yerdəmi olacaq, Marsdamı olacaq, o da Allaha qalıb…amma hələ ki, varıq, yaşayırıqsa, demək ki, nəsə etməliyik….
…Niyə bu ədalətsiz həyatdan vaz keçə bilmirik, niyə hələ də mövcuduq sualına “Ona qalsa, gərək Sizif çoxdan cəhənnəmə vasil olaydı” cavabını veririk…İşlətdiyi günahlara görə ilahlar onu əbədi olaraq dairəvi bir kürəni dağın başına qaldırmağa məhkum etmişdilər, amma yazıq Sizif o kürəni gətirib mənzilə çatdıran kimi kürə yenidən diyirlənib düşür və Sizif yenidən onu yuxarı dığırlatmağa məcburdur…

Beləcə o, sıfırlanmış əməyinə görə ədəbiyyatın əbədi çarəsizlik məhkumiyyətinin rəmzinə çevrilir! Bunun əbədi belə olacağını bilən Sifiz gərək çoxdan intihar edəydi… Həyatımızı davam etmək konusunda hər birimiz bir Sizifik əslində…Pandoranın qutusunda hələ də qalan Ümidin varlığından, orda bizi hansısa işığın gözlədiyindən əminik deyə, ya da, ən azından, bunun belə olmasını istəyirik deyə, Kamyü kimi biz də bu absurd vəziyyətin içindən mat qalmalı bir məntiq çıxarırıq: bütün dəyişimlərə faciə damğası yapışdırmaqdan vaz keçib sadəcə ciddiyə alsan, olanlara ciddiyyətlə yanaşsan, həyat sənə ümid verəcək və, insanlara hələ orta əsrlərin dərinliklərindən hayqıran dövrünün ilk bankiri Lorenso Mediçinin dediyi kimi, özünə nə qədər xoşbəxt olmağı rəva görsən, o qədər xoşbəxt olacaqsan, çünki, sən demə, hər kəs özünə rəva gördüyü qədər xöşbəxt olurmuş …

…Bəlkə dostların yadında olar AZTV-də “İlham Pərisi” adlanan müəllif proqramımız…Rəssamlar ən yaxın dostlarım, mövzu alanım, etibar etdiyim çevrə idi, gərçi indi də elədir. Azərbaycan rəssamlarının yer üzündə tayı-bərabəri yoxdur! 90-larda sərgilərdə, dost yığıncaqlarında tez-tez çox kübar, alicənab, ingilis, fransız, türk, alman və italyan dillərində sərbəst danışan gözəl bir xanım görünməyə başlamışdı…Bir gün, Çardaqdakı, o vaxt hələ andeqraund sənətin təmsilçilərinin postmodernist sərgilərinin birində, əzizim Aytən Rzaquliyeva bizi tanış etdi: rəssam Füsun Akbaygil-Fallavollita, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alessandro Fallavollitanın xanımı! Sən demə təşkilatçı da elə o imiş…gələn gündən rəssamların çevrəsinə düşən Füsun xanım bizim sənətkarlara valeh olub, gənclərə vurulub, artıq dilimizi öyrənir, kimlərəsə himayədarlıq da edir, üstəlik bir azdan elə bu çardaqda böyük bir emalatxanası olacaq və ora sənətkarların yığışıb dərdləşdiyi, planlar quracağı bir oazisə çevriləcək…

…O oldu, bu oldu, biz Füsunla ayrılmadıq və bu günə qədər də belədir! Səfirlərin biri gəlib, o biri getdi, aradan nə qədər sular axdı, məsafələr bizi ayıra bilmədi, zaman dostluğumuzu əskitmədi, nə Füsun və Alessandronun Azərbaycana, Bakıya sevgisinə kölgə saldı, nə də mənə onları unutdura bildi! Bilmirəm, əgər İtaliya səfirinin xanımı bir türk qızı olmasaydı hadisələr necə cərəyan edəcəkdi, amma fakt budur ki, Füsunu dəlicəsinə sevən italyan Alessandro nəinki türk xalqını və Türkiyəni, həm də Azərbaycanı və azərbaycanlıları, Bakını öz vətəni kimi sevdi! Unudulmaz Heydər Əliyev də zarafatla onu “kürəkən” deyə çağırırdı. Alessandro həm İtaliyanın, həm də Azərbaycanın diplomatiya tarixinin yaddaşında həm İtaliyanın müstəqil Azərbaycandakı ilk səfiri, həm də elə doğrudan “kürəkənimiz” kimi qaldı! Ah, o bundan necə zövq alırdı, hər dəfə söhbət düşəndə şirin-şirin qımışırdı!
…Füsunla emalatxanasındakı söhbətlərimiz, şəhərimizı qarış-qarış gəzməyimiz, evimizdə plovlar yeyib, çaylar içməyimiz, uzun-uzun dərdləşməyimiz, Füsunun dinləməkdən doyamadığım bir romanlıq taleyi, onun dünyanın ortasında bir Türk-İtalyan ailə-qala yaratması, dörd cavana-həm italyan, həm türk gəncinə əvəzsiz ana olması, istedadlı rəssamlığı, və ən başlıcası isə mükəmməl bir insan olması məni ona çox bağlamışdı! İtaliyanı, onun dilini və ədəbiyyatını əlinin içi kimi bilməsi də Alessandroya məhəbbəti və bu xalqın böyüklüyü qarşısında heyranlığına görə idi…Mənim antik və dünya ədəbiyyatı ilə tanışlığım ünsiyyətimizi asanlaşdırır, paylaşacaq mövzularımız bitmirdi… Füsun- rəssam, Füsun -həyat yoldaşı, Füsun- diplomat xanımı, səfirliyin ilk və daimi binasının memarı və rəssamı! Senyor və senyorina Fallovollitalar Azərbaycan dilində şerlər və muğam dinləməyə, ədəbiyyatımızla maraqlanmağa, ətrafımızda nə varsa ilgilənməyə, Bakının rəsmini çəkməyə, Füsunun təbirincə, bayılırlardı! Üstəlik bütün bunları Alessandroya necə sevdirmişdi isə adam məni görüncə azərbaycanca danışmağa başlayırdı! Füsun Bakı xatirələrinin onları heç zaman tərk etmədiyini deyir! “Ah, Zöhreciim, Baküyü ne kadar özlerim, bi bilsen! Hep hatırlarım, heyatımın en güzel dönemi Baküde kecti, bilyormusun, ben heç zaman Baküdeki kibi çok çalışmadım, bahtiyar olmadım, hep beni çalıştırıyordu Bakünün enerjisi, hep dönmek isteriz Baküye, o günlere, senin anneciyine, sizin sıcak evinize” deyir Füsun məktublarında! Bakıdakı görəvləri bitəndən sonra onlar dünyanı gəzdilər və hər yerə bir parça Azərbaycan apardılar, çünki Füsunun və Alessandronun əldə etdiyi Bakı atributları evlərindən, Azərbaycan sevgisi ürəklərindən əskik olmadı! Dediyinə görə, Zöhrə də həyatlarında canlı bir Azərbaycan olaraq qaldı, necə ki, senyor və senyora Fallavollitolar azərbaycanlı Zöhrənin yaddaşında İtaliyanın rəmzi kimi yaşamaqdadır!

…. Dünyanı saran bu taclı illətin tüğyan etdiyi bir vaxtda Füsunla həmişəkindən daha tez-tez yazışırıq! Uzun-uzadı məktublarımızda zamanın gərdişindən, həyatın qəribəliyindən, fanıliyindən, sənətdən, musiqidən, ədəbiyyatdan danışırıq, inanılmaz mütaliəsi olan Füsunun Azərbaycan və rus ədəbiyatıyla bağlı sualları bitib-tükənmir. Prezidentimizlə birinci xanımımızın, elə bu olaylar ərəfəsindəki Romaya səfərindən danışır, kaş Romada yenə də Azərbaycan rəssamlarının sərgisi açılaydı, koşa-koşa gedərdim deyir, Azərbaycanla hər təması səbirsizliklə gözləyir.

…Bir gün soruşdum ki, dünyanı gəzən Alessandro və Füsunun həyat hekayəsi bu gün harda davam edir…..cavabı məni əslində gərək təəccübləndirməyəydi, zatən İtaliyanın hər yeri bir əfsanə…amma “Abruzzo- dedi- Mərkəzi İtaliya, Sulmona vadisi, Zöhreciim, biliyormusun, Alessandro burda Ovidi lisesinin məzunu olmuştur, annesi de, babası da Lisenin hocaları olmuşlar, burası Ovidinin doğduğu mekan…Ovidini tanırmısın?”…Əlbəttə, Zöhrə Ovidini tanıyır….”benim akıllı Zöhreciim” dedi… onun sevdiklərini tanıdığım və bildiyim üçün mənə minnətdar idi…donub qaldım…o Ovidinin ki, bütün dünya qədim Roma və yunan əsatirlərini onun “Metamorfozalar” ından öyrənir, o Ovidinin ki, yazdığı məhəbbət əfasanələrinə görə Oktavian Avqust onu Bessarabiyanın tənha çöllərinə sürgün edib, sonra da hələ e.ə.43-cü ildə yaşayan şairin ruhu ilə XIX əsrin dahilərindən biri, oralara sürgünə göndərilən Aleksandr Puşkin görüşüb, “Qaraçılar” poemasında ona ithaflar yazıb, bütün rus ədəbiyyatına tanıdıb, o Ovidinin ki, ailə və vətən həsrəti ilə elə qürbətdəcə yalnız, tənha vəfat edib və ordaca dəfn olunub….bəlkə Ovidi olmasaydı dünya ədəbiyyatı heç zaman antik əsatirlərin bircə hekayəsinə belə sahib çıxa bilməyəcək, mütləq bir az daha kasıb olacaqdı. Kunun “ Mifı i legendı drevnrey Qresii” (“Qədim yunan mifləri və əsatirləri”) kitabını oxuduqca hər hekayənin başında “Ovididən götürülüb” yazısını görürük.. …bu qədimliyin havasını udan, hər gün oyanınca pəncərəsindən Ovidinin heykəlini görən senyor Alessandronun böyük xalqı dünyaya zamanında meydan oxudu…bu xalq sərkərdələr də yetişdirdi, Sezar olub ölkələr də fəth elədi, amma dünyanın yaddaşında sevgi nəğməkarı, gözəlliklər, Mikelanjelo, Leanardo, Rafael, Verdi kimi rəssamlar, heykəltəraşlar, bəstəkarlar – dünyanı dünya edən nəsnələrlər diyarı, dahi sənət yaradıcıları bir millət olaraq qaldı…

… Bu gün İtaliya yenə də dünyanın diqqət mərkəzindədir! Həyatsevərliyi, gülərüzlüyü üzündən bir Meduza Qarqona qədər vəhşi və hiyləgər mikrob onu öz əsarətinə alıb diz çökdürmək istəyir. Gərçi bunu bizdən yaxşı kim biləcək?! Erməni virisu azmış kimi, bir də taclı idbar bəlasına qalib gəlmək vəzifəsini qoyub qarşımıza Tanrı!! Dünyanın da bunu sakitcə seyr etməkdən başqa əlacı yoxmuş məgər!

…. Biz dünyanı daha gözəl, daha anlayışlı, daha tolerant görmək istəyi ilə bir multicultural məkan yaratmaq, millətlər və xalqlar isə İtaliyanı görmək arzusu ilə yaşarkən miskin bir virus nəhəng xalqları, minillik sivilizasiyaları diz çökdürəcək hala gətirib bəşəriyyətin planlarını pozur!… Gerçəkdən də sən saydığını say, gör fələk nə sayır!…Budurmu ədalət!?

Ah, dahi Ovidi, sən “Metamorfozalar”da dünyanın hər halının necə bir-birinə sirayət edəcəyini, o möcüzəli cevrilmələri bu qədər uzaqgörənliklə necə qələmə ala bildin axı ?! Bu əsərlərdən Kamyular, Kafkalar, Borxeslər bəhrələnəcək, zəmanəmizdən sənə boylanıb Təbiətin və İnsanın ruhunun metamorfozasının səbəblərini axtaracaqlarmış… Bir öncəgörmə var böyük Sənətin ruhunda ki, o da bir ayrı hikmət, ayrı möcüzə…

…..Indi hər kəs öz evində, mən – Bakıda, Nigar Axundova Moskvada, Sona və Herve Fransanın Bordosunda bir gözəl azərbaycanlı qızı böyütməkdə, Nigar Brnoda, Kazımla Nigar Nissada, Züleyxa , Servet Türkiyədə, Sevil Londonda Rasim Almaniyada, Sevda və Qalıb Norveçdə, Əqidə Amerikada, Səbinə və Ramella İsveçdə, Ella İsveçrədə, dostlarımın biri Bəhreyndə, o biri Mərakeşdə, Yaponiyada, Yekaterina və Oksana Lvovda, Odessada, Tamri və Ekaterina Tbilisidə, İntiqam Belçikada, Qasım müəllim Kurskda, Rza Təbrizdə, Şəfa Rəşid Ispaniyada, kimsə Tehranda, kimi unutdumsa, məzur tutun, dostlar, və s. Alessandro və Füsun da İtaliyada, Publi Ovidi Nazonun vətəni Abruzzonun Sulmonasında, kimimiz xristian, kimimiz də müsəlman kimi Uca Tanrıya eyni metamarfoza duasındayıq!…. Amma Tanrı dahilərin qulaqlarına öz istədiyi süjetləri pıçıldarmış…kim bilir nə vaxt gerçək olacaq…bu gerçəyi də görmək bizim nəsibimiz olsun… o üzdən mən burda dostlarıma ürək-dirək amacıyla “ViVat, Həyat! ViVAT, İtaliya” deyincə, Sulmonadan gələn məktubda “ViVat, Baku, VİVAT, Azərbaycan” oxudum!

ZÖHRƏ ƏLİYEVA

Müstəqil.az

La imagen puede contener: 3 personas, incluido Shams Shams Zohra Aliyeva, personas de pie y calzado
No hay ninguna descripción de la foto disponible.
Share: