“ATA YADİGARI…” – Məlahət Hümmətqızının yeni hekayəsi

Mənim uşaqlıq xatirələrimdə piano ilə bağlı şirin anlar çoxdur. Atam  musiqi həvəskarı idi. Məktəb yaşımız çatanda  mənə və qardaşlarıma  musiqi alətləri almışdı. Əməlli-başlı ailə ansamblımız vardı.

O illərdən xatirə  qalan  şəkillərə  baxanda kövrəlirəm. Valideynlərimiz ilə birlikdə çəkdirdiyimiz şəkillərdə o  xoşbəxt illərimiz əks olunub. Qardaşlarım tarda, qarmonda, nağarada çalırlar, mən isə onları pianoda müşayiət edirəm. Nə gözəl mənzərədi…

Atam hər axşam işdən evə qayıdanda  biz onu musiqi ilə qarşılayardıq. Elə qapının açılmasını gözləyirdik. Atamın qapıdan içəri girməyi ilə musiqinin səslənməsi bir olardu. O isə  gülümsəyərək, başı ilə  bizi salamlayar, əl hərəkətləri ilə  daha da şövqlə çalmağa ruhlandırardı. Saatlarla  oturub çaldığımız  musiqiyə  qulaq asar, məsləhətlər verərdi. Atamın vaxtsız ölümü ilə ansamblımız da fəaliyyətinə son verdi.

Hər  birimiz musiqi məktəbini  əla qiymətlərlə bitirmişik. Qardaşlarım atamın onlara aldığı  musiqi alətlərini gələcək nəsil üçün qoruyub saxlayırlar. Ailəlikcə yığışanda  hərdən o illəri yenidən yaşamaq istəyirik, bu vaxt musiqi alətləri dilə gəlir, ruhumuz dincəlir, atalı-analı günlərimizə qayıtmiş kimi oluruq.

Pianonu atam yeddi yaşıma hədiyyə etmişdi. Adı “Belarus” idi. Evimizin bu nəhəng qonağı ilə tez bir zamanda dostlaşdım. Gözəlliyilə evimizə yaraşıq verirdi. Həvəslə, yorulmadan  yeddi il musiqi məktəbinə getdim. Motsart, Bethoven, Bax, Şopen və başqa dahi  bəstəkarların yaradıcılığından bir-birindən  maraqlı  və ürəyəyatan musiqi parçaları – sonata, vals, prelüdiya, etüdlər ifa edirdim. Rəfiqələrim  bizə gələndə  mənim  piano arxasında oturub həvəslə çaldığım  musiqiyə  səssizcə  qulaq asar, şirmayi  dillər üzərində  sürətlə  hərəkət edən barmaqlarıma heyrətlə baxardılar. Çox maraqlıdır ki, yeddi il musiqi məktəbinə getməyimə baxmayaraq, mənə bir dənə də  olsun Azərbaycan musiqisi  öyrətmədilər. Televizordan, radiodan, maqnitafondan  eşitdiyim mahnıları zümzümə edərək pianoda çalmağı öyrənmişdim.

İllər keçdi. Mən ailə qurdum. Sevimli pianomla həmişə  bir yerdə ola bilmədim. Hər dəfə  bir evdən başqa evə  köçməyimiz  onu çox yordu və incitdi. Aldığı çoxlu  zərbələrdən gövdəsində cızıqlar, çapıqlar əmələ gəldi. Sonuncu dəfə    köçdüyümüz kirayə mənzil  binanın  yuxarı mərtəbəsində  yerləşdiyindən,  otaqları  isə   kiçik olduğundan  mən onu anamın razılığı ilə yaşadığı həyət evinə  aparmalı oldum və onu  anama həvalə   etdim. Tez-tez olmasa da,  ayda  bir-iki dəfə  anama baş çəkməyə gedəndə  atamın neçə illik hədiyyəsi, mənim isə  uşaqlıq dostum  “Belarus”la salamlaşırdım. Onu dilləndirməmiş  getməzdim. Qarşısında oturub doyunca çalardım. Ondan aldığım müsbət enerji gecələr  sakit və rahat yatmağıma  kömək edərdi. Eh… Kimlər xatırlanmırdı ki?  Uşaqlıq illərimdə valideynlərimlə, qardaşlarımla,  məktəbdəki rəfiqələrimlə  keçirdiyim  xoş günlər, unudulmaz anlar  gözümün qarısında kino lenti kimi  canlanırdı. Kədərli, ağladığım günlər də olurdu.    Həzin,  lirik mahnıların  səsi   bütün  otaqları bürüyürdi. Anam  musiqinin səsini  eşidib, yanıma gəlir, divanda  oturub  əlləri qoynunda   pianoda çalmağımı seyr edir,  fikrə dalırdı. Gözlərindən   axan yaşı görəndə  kövrələrdim.  Anam görməsin deyə,  göz  yaşımı ürəyimə axıdırdım.  Bilirdim ki, mənim kimi anam da dünyasını  vaxtsız  dəyişmiş  atamı düşünür, onunla keçən bəxtəvər günlərini xatırlayır…

Bütün  ad günlərində, bayramlarda  biz bacı-qardaşlar  ailəliklə  anamın başına yığışırdıq. Mən  piano arxasına keçib, şən,  oynaq   musiqi  çalırdım. Əl qaldırıb oynayanların, uşaqlı-böyüklü  deyib gülənlərin  səsi  evi başına götürürdü. Elə bil evimizin  bu ağır çəkili sakini  də  səsini ucaldaraq  bizə qoşulub sevinirdi.

İllər keçdikdikcə, anamgildəki  mebellər təzələndikcə, pianonu satmaq haqqında  yeni fikirlər səslənirdi. “Çalan yoxdu,  uşaqlar da  dilini bilimir,   onsuz da köhnədi,  yer tutur” kimi  fikirlər  anamı çox əsəbiləşdirirdi və anam etiraz edib, onun heç vaxt satılmayacağını bildirirdi.  Düzü, bu söz-söhbəti kənardan  eşitsəm də, məni çox incidirdi. Çıxılmaz vəziyyətdə idim. Onu aparmağa nə evim, nə də yerim yox idi. Üzülürdüm, çox pis olurdum. Atamın yadigarını  satmaq  ağlımdan belə  keçmirdi. Düşünürdüm, nə vaxtsa  geniş evim olar,  gəlib apararam. Kimə mane olur ki, bir küncdə səssiz-səmirsiz dayanıb, yemək, içmək də istəmir.

Anam sağalmaz xəstəlikdən  dünyasını dəyişdi. Anamın qırx mərasimindən sonra   mən göz yaşları icərisində, çarəsiz qalaraq  atamın ad günümdə aldığı,  sirlərimi  bölüşdüyüm,  otuz altı illik  uşaqlıq dostumun, ürək sirdaşımın  satılmağına razılıq verdim. Yazıq anam, ölən günə qədər  ərinin yadigarını heç kimə  vermədi. Axı bu piano  ona təkcə  həyat yoldaşının  sevimli qızına aldığı  hədiyyəsi deyildi,  həmdə bu piano  ilə bağlı  onun da öz xatirələri var idi ki,  ondan ayrıla bilmirdi, ayrılmaq  istəmirdi.

“Belarus” satıldı. Onun yeri isə həmişəlik boş qaldı. Ovcumda qalan  iki ədəd  yüzlük oldu. Pullara baxıb  hönkür-hönkür ağladım. Göz yaşlarım onları  tamamilə islatdı. Uşaqlıq dostumu iki yüz manata satdığıma görə  xəcalət hissi keçirirdim və utanırdım. İllər boyu   dərdimi bölüşdüyüm, ərköyünlük etdiyim,  onu  bir evdən başqa evə daşıyaraq  əzab verdiyim   sədaqətli   dostuma xəyanət etmişdim. Amma gec idi. Artıq onun yerində üzümdə yeri  alışıb yanan,  həyatdan aldığım ilk solaxay sillə ilə bərabər, üzbəüz dayanıb, mənə  baxıb  rişxəndlə gülümsəyən, mənimçün  utancverici və üzqarası olan iki  ədəd yüz manatlıq   vardı…

Bir müddət  pianonun xiffətini çəkdim. Uşaqlıq illəri, onunla bağlı xoş xatirələr tez-tez yuxularıma qonaq gəldi. Düşünürdüm ki,  o,  indi Allah bilir  hansı evdə  neçə insanın  sevincinə şərik olur. Yəqin ki, o insan sevə-sevə aldığı pianosunu heç vaxt satmaz mənim kimi..

Bu yaxınlarda onun evimizə gəlişinin 40 illiyini  səssizcə qeyd etdim.  Tək, göz yaşları və xatirələrlə…

Dörd ildir  xəstə üstünə çağırışlara  gedəndə  gözüm onu axtarır. Onu minlərlə pianonun içindən görüb tanıyaram. Günlər  keçdikcə onun üçün çox darıxıram. Elə bil anamla bərabər bir əzizimi də itirmişəm. Sonradan  evimizə bahalı royal  alsam da, atamın yadigarını yeni aldığım royal əvəz etmədi. O yalnız  gözəllik üçün, yaraşıq üçün qoyulmuşdu evə. Gələn qonaqları  ehtişamı, əzəməti, parlaqlığı ilə  valeh etsə də,  mənim üçün o, soyuq və cansız bir əşya idi. Ona baxdıqca  köhnə pianomla  bağlı  xatirələrim təzələnirdi. Günlər ötdükcə  atamın  qoyub getdiyi yadigarına  sahib çıxa bilmədiyimə görə daha çox təəssüflənirəm…

 

 

Share: