“Məni ölümün dəhlizində sev…”- Cabir Həsənovun şeirləri

 

Keçirdi             

(Cabir Həsənov)

 

Bir zaman çox idi tanış-bilişim,
Hamının hər işi məndən keçirdi.
Fürsət gəzirdilər sanki ilişim,
Sonra doğmalar da gendən keçirdi.

 

Arxamca nə gəldi dedikcə hərə,
Hafizəm dönürdü köhnə günlərə,
Yanlış adamlara çox nahaq yerə,
Ürək qızdırdığım gündən keçirdi.

 

Nə qədər olsam da adil, xeyirxah,
Toz kimi üstümə qonurdu günah.
Nicat azaldıqca bəndədən, Allah,
Bütün ümidlərim səndən keçirdi.

 

Yenə də bitmirdi bu ilham, bu təb,
Dərdi ram edirdim, sevinməyi dəb.
Sənin sınağından səbirlə ya rəbb,
Sənin yaratdığın bəndən keçirdi…

 

 

Məni ölümün dəhlizində sev

 

Sən mənə qayıdıb sevirəm desən,

Yenə günahından keçərəm sənin.

Dünyanın zəhəri bir qədəh olsa,

Götürüb əlindən içərəm sənin.

 

Eşqin qapısına ürək bağlaram,

Yaranı yaramdan qəşəng bağlaram.

Ən xoş arzularla çələng bağlaram,

Gətirib əyninə biçərəm sənin.

 

Bu könlü xəstəni pəhrizində sev,

Yaşımı gözümün kəhrizində sev.

Sən məni ölümün dəhlizində sev,

Ölməmiş qəlbinə köçərəm sənin.

 

 

 

 

Sənin nazın günah deyil

 

Hər nazınla yara düşür qəlbimə,
Canıma ağrılar yaradan keçir.
Sənin nazın günah deyil, dilbərim,
Göz yumub üstündən Yaradan keçir.

 

Gözəl sözlərinin öz ahəngi var,
Səndə arzuların ən qəşəngi var.
Həyatın nə qədər gözəl rəngi var,
Gəlir gözündəki qaradan keçir.

 

Gəl, sənə yaralı sinə göstərim,
Əhdimi, vəfamı yenə göstərim.
Gəl, tutub əlindən sənə göstərim,
Sevginin yolları haradan keçir.

 

Gəl sağalt könlümü, yara qalmasın,
Bu böyük məhəbbət para qalmasın.
Sən məni elə sev, ara qalmasın,
Bütün ayrılıqlar aradan keçir.

 

 

 

Keçir

 

Mənim ümidlərim köhnə oraqdı,
Sevgi mövsümünə biçindən keçir.
Sənin baxışların ipək sap kimi,
Yorğun taleyimin içindən keçir.

 

Ay mənim ömrümün ərköyün yarı,
Sən demə səndəymiş dünyanın varı.
Bir sual verəndə “heç” demə barı,
Varlığım, yoxluğum heçindən keçir.

 

Mən heç yanılmadım sevib-seçəndə,
Hələ əsir qəlbim adın keçəndə.
Hər payız arzular dağa köçəndə,
Bir sürü arzunun köçündən keçir.

 

Bizik Günəşlə Ay göydə – qırmızı,
Bir yanda parlayır bəxtin ulduzu.
Mən yazıq neyləyim, a zalım qızı,
Hicranın şimşəyi üçündən keçir.

 

 

 

Sevgini vüsala yetməyən bilər

 

Xəstəlik sağ canın imtahanıdır,
Ayrılıq yarımçıq bitən sevginin.
Zaman toplayanda xatirələri,
Çıxır qalıqları itən sevginin.

 

Səyriyir üzümdə nazik qırışlar,
Hicranın əlindən bezik qırışlar.
Şeir dəftərimdə əzik qırışlar,
Köhnə nişanıdır ötən sevginin.

 

Cabir, səni qəmi bitməyən bilər,
Vəfanı- tərk edib getməyən bilər.
Bu dərdi vüsala yetməyən bilər,
Nə bilər vüsala yetən, sevgini.

 

 

 

 

 

Ən şirin xatirən olaram sənin

 

Mənə bu həyatda yer olmadısa,

Köçüb ürəyində qalaram sənin.

Sən məni bircə an düşünə bilsən,

Ən şirin xatirən olaram sənin.

 

Ey könül bağında yetişən bəhər,

Sənin gülüşünlə gəlir xoş səhər.

Gah fərəh olaram, gah acı qəhər,

Bir yolla gözünə dolaram sənin.

 

Bilsəm ki, əcəl öz zəngini çalıb,

Bilsəm ki, ölməyə saatlar qalıb,

Yalvarıb Allaha, gül ömrü alıb,

O gül əllərində solaram sənin…

 

Dayanmışam

 

Vaxt olub düşmüşəm arzu dalınca,
Bəxtin qapısında çox dayanmışam.
Həyat hər addımda dağlayıb məni,
Yenə qarşısında şux dayanmışam.

 

Hər yandan salsa da çətinə, dara,
Mat qalıb məndəki əzmə, vüqara.
Kürəkdə dost açan sağalmaz yara,
Ürəkdə yar vuran ox, dayanmışam.

 

Sevincim az olub, duyğularım ac,
Mən yenə etmişəm həqiqəti tac.
Düşsə də arxamca zalım ehtiyac,
Dünyanın varına tox dayanmışam.

 

 

Ən təmiz sevgilər ürəkdə qalır

 

Ən şirin uşaqlar kasıb doğulur,

Ən incik baxışlar çörəkdə qalır.

Ən ağır zərbəni yaxınlar vurur,

Ən dərin yaralar kürəkdə qalır.

 

Ən nəfis duyğular çəkilib gedir,

Ən həzin baxışlar dikilib gedir.

Ən əziz adamlar bükülüb gedir,

Ən təmiz sevgilər ürəkdə qalır.

 

Ən uca könüldə yara bağlanır,

Ən ümdə arzular vara bağlanır.

Ən gözəl qapıya qara bağlanır,

Ən acı xatirə dirəkdə qalır…

 

Arzular yerində qalır, qardaşım

 

Bu axşam sadəcə yaşın dəyişir,
Arzular yerində qalır, qardaşım.
Bu axşam zamana küsən könlünü,
Vəfalı dostların alır, qardaşım.

 

Şəhərdə bir gözəl payız axşamı,
İndi ağaclar da yarpaq dəyişir.
Dağları, daşları ana təbiət,
İnsanı gəzdiyi torpaq dəyişir.

 

Bu axşam ömürdən bir il ayrılır,
Bu payız yaşında fəsil dəyişir.
Evdə uşaqları böyütdükcə biz,
Köhnə albomlarda şəkil dəyişir.

 

Bu axşam bir azca yaşa dolursan,
Bu axşam heç nəyi vecinə alma.
Bu gözəl anları özünçün yaşa,
Bu axşam heç nəyi yadına salma.

 

Hər kəsin adından təbrik edirəm,
Dostumuz bir yeni yaşına gəlir.
Bu axşam qanını qaraltma qardaş,
Ad günü hər kəsin başına gəlir.

 

Müstəqil.Az

Share: