Rafael Dadaşov ilk dəfə sirləri açdı: “İkinci dəfə evlənmək… – Şok müsahibə

Xalq artisti Rafael Dadaşov Teleqraf.com-a müsahibə verib.

– Rafael müəllim, necəsiniz? Bir neçə gün öncə qeyd etdiniz ki, səhhətinizdə problem var.

– Həmişə desən, hər şey yaxşıdır, onda belə çıxır ki, arsız adamsan. Qalırsan çaş-baş. Düzünü deyirsən, qeyd edirlər ki, çalış, həmişə optimist ol. Mən xəstə olandan sonra… Bu gün evdən sizə görə çıxmışam. Çox vaxt evdə oluram. Hərdən qızımgilə gedirəm, nəvəmi görürəm, yaxud qızım gəlir.

– Sizin bu mövsümdə tearın repertuarında tamaşalarınızı görmürük. Xəstəliyinizlə bağlıdır? Yoxsa başqa səbəbi var?

– Hazırda yaradıcılıq yoxdur. Nə teatr fəaliyyətimdən, nə serialdan danışa bilirəm. Nədən danışım?

– Televiziyalara da çıxmırsınız…

– Yox.

– Daim aktiv, yaradıcı insan olmusunuz. Hazırda evdə oturduğunuzu bildirdiz. Bu, yaradıcı insan üçün nə dərəcədə çətindir?

– Söhbət evdə olmaqdan yox, məcburiyyətdən gedir. Məni maraqlandıran bir obraz olsa, özümü toplayıb işə həsr edəcəm. Aktyorluq sənətinin möcüzələrindən biri də odur ki, xəstə də olsaq, işdən ayrılmırıq, fəaliyyətdəyik. Səhnə səni toparlayır və imkan vermir ki, əldən düşəsən. O dəfə də tamaşaya gələndə xəstə idim. Səhnəyə çıxan kimi başqa adam oluram.

– Teatrın səhnəsində sonuncu dəfə hansı tamaşada oynamısınız?

– Sonuncu tamaşam Qoqolun “Müfəttiş” əsəri olub. Ondan əvvəlki rollarım repertuardan çıxıb.

– Sizi səhnədə görmək istəyənlər çoxdur…

– Mən də özümü səhnədə görmək istəyirəm. Səhnə üçün darıxıram. Səhnə bizim ikinci evimizdir. Vaxt gələcək səhnə bizim üçün darıxacaq. Niyə zamanı qabaqlayırsınız? Niyə vaxtı qabağa çəkirsiniz? İmkan verin, səhnəyə çıxaq. Aktyora rol vermək lazımdır. Bu gününə yaraşan rol vermək lazımdır. Mən həmişə aktyor Alen Delon olmayacam ki… O da Alen Delonluqdan çıxıb.

– Siz sadəcə artıq çəki almısınız. Başqa dəyişiklik yoxdur.

– Kökəlməyimə səbəb oturaq həyat yaşamağımızdır. İş yoxdur, səhnədə məşq edəndə artıq çəki almırsan. Eləcə də ürək əməliyyatı keçirmişəm. Açığını deyim hərdən, o dərəcəyə çatırsan ki, deyirsən, hər şey cəhənnəm olsun.

Sonra adamların arasına çıxırsan. “Biz sizi görmək istəyirik, siz bizə lazımsınız” deyib sevgilərini bildirirlər. Adam fikiləşir ki, hələ özünə qəsd tezdir.

– Rafael müəllim, pessimist danışdınız, bizi qorxudursunuz.

– Sözgəlişi deyirəm. Özünə qəsd düzgün deyil. Dini baxımdan da bu işə yaxşı baxılmır.

– Yaratdığınız obrazlarla çox dəyərlisiniz…

– Bu bina (Akademik Milli Dram Teatrını nəzərədə tutur – red.) incəsənətin Vatikanıdır. Biz də bu Vatikanın kardinalıyıq. Bizsiz bu teatr imicini, simasını itirir. Amma biz də gərək rol oynayaq. Səhnədə tamaşa oynayaq ki, bura tamaşaçı gəlsin. Rejissor rol verməyəndə neyləyəmək olar? Rejissorla dava edəcəksən ki, niyə mənə rol vermədin?

Mənim yaradıcılıq fəaliyyətimdə belə hallar olub. Rolu mənə verməyiblər, sonra müəyyən zamandan mənə qismət olub.

Artıq teatr mövsümü başlayıb. Akademik Milli Dram Teatrının yaranmasının 100 illiyi qeyd ediləcək. Orada iştirak etmək üçün nəsə gözləyirik. Hələ ki, söhbət yalnız müqavilədən gedir. Çünki yaşlı adamlar təqaüd vaxtı işdən azad olmalıdır. 65 yaşından sonra müəyyən imtiyazlarla bir il saxlaya bilərlər. Amma vəziyyət elədir ki, gələn il sənətdə olacaqsan-olmayacqsan bilmirsən… Düzdür, mən inanmıram, elə şey mümkün deyil… Çünki bizi cənab prezidentimiz İlham Əliyev qoruyur. Prezidentimiz imkan verməz ki, yaşlı vaxtında kənarda qalasan.

– Hansı tamaşanızın yenidən teatrın reperturında bərpa edilməsini istəyərsiniz?

– Yaş həddi keçir. Məsələn, teatrın repertuarında M.Vişnyakın “Qoca kloun tələb olunur” əsərində oynayırdım. Adı da imkan verir ki, bu obrazı beş-on ildən sonra da oynaya bilərsən.

Mənim yaşıma hər obraz gedə bilər. Axı indi dəbdədir: yaşlı adamlar gənc qızlara sponsorluq edirlər, əl tuturlar. İlyas Əfəndiyevin “Büllur sarayda” polkovnik obrazını oynayırdım. Bu yaşımda da cavan qızın saqqızını oğurlamaq istəyirəm. Çünki indi bir az öncə qeyd etdiyim kimi belə şeylər dəbdədir. Eləcə də hüquqşünas, hakim və sair obrazları canlandıra bilərəm. Amma rol yoxdur axı, mən neyləyim?

– Əvvəllər serialda oynayırdınız. Daha seriallara da çəkilmirsiniz…

– Seriallardan dəvət var, amma qonorar deyəndə kənara çəkilirlər. Onlar da bilirlər ki, Rəfael Dadaşovu dəvət etsək, bu qədər pul istəyəcək.

– Bu küçədən keçəndə, Akademik Milli Dram Teatrını görəndə ilk düşündüyünüz fikir nə olur?

– Yaxın günlərdə teatrın 100 illiyi qeyd ediləcək. Onun 45 faizi mənim payıma düşür. Ömrümüz burada keçib. 73 yaşım var və ömrümün 45 ili burada keçib. Bu bina mənə doğma və əziz məkandır. Amma məni teatrın qədrini, dəyərini bilməyənlər çox narahat edir. Biz başqa cür yetişmişik. Bu sənətə gəlməyin özü qurbandır. İncəsət Universitetinə daxil olanda artıq qurbana çevrilirlər.

Aktyorluq peşəsi asan deyil. Allah cənab prezidentimiz İlham Əliyevin, vitse-prezident Mehriban Əliyevanın canına dəyməsin. Onlar bu sənətə ulu öndər Heydər Əliyevdən sonra çox böyük diqqət edirlər. Ev, fəxri ad verirlər, aktyorların maaşı qalxıb. Anam Sofiya Hüseynova, nənəm Xədicə xanım, atam Məlik Dadaşov da bu sənətdə fədakarlıq ediblər.

İllər öncə bir mötəbər insana dedim ki, məni işə götür. Üç gündən sonra dedi ki, sizi işə götürə bilmərəm. Adınız özünüzə mane olur. Məni qınayarlar ki, aktyoru teatrdan ayırdınız və firmaya gətirdiniz. Dedim yaxşı yaşamaq istəyirəm. Əvvələr az maaş alırdıq. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs desəydim, tələbələrimə ilk öncə “salam qurbanlar” deyərdim.

– Amma indiki gənclər sizin nəsil kimi fədakar deyillər.

– Mən anam və nənəmdən dərs almışam. Onlar teatr üçün əsirdilər. Amma hərdən elə şərait yaranır ki, məndə müəyyən insanlara ikrah hissi yaranır. Sənətkarın ruhu öləndə yarada bilmir.

– 73 yaşlı Rafael Dadaşov ömrünün hansı illərinə qayıtmaq istəyər?

– Mən həmişə demişəm ki, sevən adam yaradıcı olar. Xalqın sevgisi başqadır. Bu gün məni saxlayan el-obanın sevgisidir. Hərdən yol polislərinin məndən sənətimi soruşması belə xətrimə dəyir. Nə qədər xalqın sevgisi var, biz yaşayacağıq.

– Rafael müəllimə şəxsi həyatda sevgi hissi bəxş edən xanım varmı?

– Mən balalarımı çox sevirəm… Anamı çox sevirdim, o, vəfat edəndə dedim ki, dua edənim getdi. Mənim kiməsə aşiq olan yaşım deyil. Sevgi var, amma bu, böyüklük, ağsaqqalıq sevgisidir.

– Amma xanımların sizə sevgisi yenə də davam edir.

– Bəli, məclislərdə olanda mənə yaxınlaşıb şəkil çəkdirirlər. Hərdən xoşbəxtlik anlamını düzgün təhlil etmirlər. Xoşbəxtlik yoxdur, müəyyən anlar var ki, insan özünü gözəl, sevincli hiss edir. Bax o zaman xoşbəxt olursan.

Mən xoşbəxtəm, balalarım, nəvələrim var. Qızım Səidə Dadaşova müğənnidir və oxuyur. Kiməsə əl tutan zaman o sevinci görəndə özümü xoşbəxt hiss edirəm. Həyatın bir üzü qara, bir üzü ağdır.

– Həyat yoldaşınız Sədaqət Dadaşovadan ayrılmısınız. Maraqlıdır ki, ondan sonra aşiq olacağınız xanıma rast gəldinizmi?

– Bir dəfə aşiq olmuşam, o da həyat yoldaşıma. Bir dəfə sevdim, ailə qurdum.

İndiyə qədər də o sevgi ilə yaşayıram. İnsan bir dəfə aşiq olur. İkinci sevgiyə inanmıram. Bu mənada mən atama oxşamamışam, onun neçə arvadı olub.

– Bəlkə Sədaqət xanımla yenidən bir araya gələsiniz?..

– Həyat ağ və qaradan ibarətdir. Gərək qaranlıqdan çıxa biləsən. Bunu bacarmadıqda ağa qayıtmaq mümkün deyil.

– Neçə ildir yalqız yaşayırsınız?

– Tək yaşamıram, övladlarım yanımdadır. Həyat yoldaşımla da əlaqə saxlayıram, kömək də edirəm. Sadəcə siz düşündüyünüz ailə prototipi yoxdur.

– Rafael müəllim, bilirəm ki, çox şəxsi sual olacaq. İkinci dəfə evlənmək cəmiyyət tərəfindən də qəbul edilir. İkinci evliliyi düşünməməyə səbəb nə idi?

– Görürsünüz, siz də evlənməkdən danışırsız, ikinci dəfə sevməyi soruşmursunuz. Əgər mən ikinci dəfə sevə bilməyəcəyəmsə, niyə ikinci dəfə ailə qurmaq istəyim? Körpə qızlarım var idi. Bu haqda çox düşündüm.

– Bəlkə öz yaşadıqlarınızı övladınıza yaşatmaq istəməmisiniz? Səhv etmirəmsə, Məlik Dadaşov Sofiya xanımdan ayrılıb və başqa xanımla evlənib.

– Məlik Dadaşov özü üçün yaşayıb. Anamdan sonra üç dəfə evlənib. Demirəm ki, sevib, sadəcə evlənib. Mən xaraktercə atama yox, anam və nənəmə oxşamışam. Onlar da bir dəfə aşiq olublar.

– Son olaraq nə demək istəyərsiniz?

– Aktyorlar səhnəyə lazımdırlar və onları teatrdan kənarlaşdırmaq olmaz. Bu, cinayət sayılmasa da, onların ölümünə səbəb ola bilər. Aktyorları yaşatmaq lazımdır. Elə etməyin ki, səhnə bizim üçün darıxsın.

Foto: Pərviz Həşimi

Share: