Ölümsüzlük   zəncirinin   həlqəsındə…

Ərtoğrul  Cavid – 100

İstedad  elə bir  ucalıqdır  ki, hansı  istiqamətdən  baxsan  da, neçə  sinələr  sonra öyrənsən də, onun  parıltısı  könlündə  məşələ  çevriləcəkdir, çarəsizlikdən qovrulsan da,  sadəcə  heyif  deyə,  köks  ötürəcəksən…

 

 Heyif  dedim Şəhidimə, şairimə,

Öz  yurdunu  göz  dolusu seyr etməyən hər  igidə…

Heyif  dedim, itirdiyim hər  qarışa,

O  yerlərdə  saxtalaşan  yazılara…

Heyif dedim, zamanında qovulana-

Düşüncəsin  zəncirlərlə  qorxutmayan el  oğluna…

Xalqımın mübarizələrlə dolu yaddaş kitabında ölümsüzlük zənciri var. Onun neçə həlqəsi var,  ölçüsü necədir heç sormayın. Çün, sonsuzluq nişanəsidir,  qəlbi sevgi ilə çırpınan övladlarının sırası… Mən hansının adını deyim, inciməsin digərləri. Yox, zamanla xatıtlayaq, hər birini yad salaq, biz kimik , hardan gəldik, söyləyəcək bax  o  yollar, o  yollarda  can  qoyanlar…

Nəfəsimizdə bir od var. Heç fikir verdinizmi? Bu oddan yaranmışdır yurdumdakı ölümsüzlər…Torpağımın, suyumun, bu yurdumun hər qarışında doğulur istedadlar,  zaman-zaman,  bəzən onlar bir tufanın, qara yelin qurbanıdır, bəzən  isə  parıltısı  uzaqlardan  “tor  qurmağa”  yollar  açmış.

 

Xatırlamaq, yada salmaq. Nə qədər zənginsən, Vətən. Sənin zənginliyindir tarixinin qara buludu, qara yazısı, qan harayı…Aradıqca, duyduqca biz, könül qəmli  layla  çalar, sızıldayar  sızım-sızım, ağlayır  qəmli  ud  kimi…

 

Hər döndükcə bu zəncirin halqasına yanır bağrım için-için…Yenə döndüm. Bir də  baxdım, çox uzaq  yox, tam  100 ilin aynasına…onu  gördüm…24-ün  tamam  etməyən  sərvətimi, bu  yurdumun  bir  parıltı  qülləsini…

 

Necə bilmiş  yüksəkliyin qayəsini, yüksək adın ucalıqdan gur səsini. Vermiş ata övladına, türk soyunu xatırlatmış hər sorana…Qəribədir…Bilməzmi heç? O tarixin təlatümlü dənizidir, milyon sevən könüllərin  sərvəridir.

100 il öncə ocağında Günəş doğdu. Ümidinin nizamında çiçək bitdi. Qonçələdi  zamanla  o…Sanki,  bütün  gözəlliyi, o  bənzərsiz  bir ətiri toplamışdı ləçəyinə…Sevmədi payız onları. Bəlkə, payız elə sevdi, tutuldu Günəş qabağı. Xəbər tutdu təlatümdən, səssiz  gələn tor – düyündən… Sanki, payız ağlayırdı, bu ailəyə verdiklərin göz yaşıyla  qopacağını deyirdi öncədən. Beləcə, payız günlərinin bir çiskinli səhərində, 1919-cu ilin oktyabr ayının 22- də doğuldu Ərtoğrul Cavid (Rəsizadə)

 

Çox əziz böyümüşdü. Qəlbinin istəkləri sonsuz idi. Hey qanad açmışdı ənginliklərə…Orta təhsilini başa vuraraq ali təhsil üçün qəbul olundu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) filologiya fakultəsinə. Əla qiymətlərlə də başa vurdu. 1941-ci ildə ali təhsilini başa vuraraq yenidən Konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil oldu.

Elə tələbəlik illərində də ilk əsəri kimi tanınan “Ailə və məktəb” əsərini  yazdı  Ərtoğrul.

Könlündə bir möhtəşəm saraydı  vətən sevgisi. Dayanmadan vəsf etmək ruhunun nəğməsi idi. Eləcə də, böyük sevgilə Ərtoğrul bir-birinin ardınca “Kürd qızı”, “Dağlarda çiçək”, “Uca dağlar”, “ Sona bülbllər” , “Ceyran bala” və s. xalq mahnılarını nota köçürmüşdü, daha  uzunömürlü olsun deyə.

 

Əsərləri sırasında öz müəllimi Üzeyir bəyə həsr etdiyi “Doqquz variasiya”əsəri həcmcə daha geniş idi. Bir-birinin ardınca  Skripka ilə  fortepiano üçün poema, böyük Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, N. Rəfibəlinin “Eşq olsun”, Türkmən şairi Kəminənin “Leylanın vəsfi” , Tahir Rəsizadənin “Səninlə olaydım” və s. şeirlərinə romans və mahnılar bəstələmişdir. Ədəbi  yaradıcılıqda da  qələmini sınayan  Ərtoğrul  “Eqoistin taleyi” adlı pyes də  yazmışdır. Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri vardır.

 

Böyük Vətən müharibəsi başlayanda  “Cəbhədən məktub” simfonik balladasını yazmış, həmçinin marşlar da işləmişdir. Bir gəncin ruhunun aynası nə qədər parlaq olarmış ki, bu qədər sevgi ilə köklənə bilsin. Bu ocaq hərarəti, bu layla, qan səsiydi. Ululardan keçib gələn yaddaşının gur səsiydi, nəğməsiydi… Dayanmadan yazırdı o… “Şeyx Sənan”, “Məhsəti” operaları, “Babəkin andı” simfonik poeması  və bir çox vokal, instrumental, kamera üçün  əsərlər  yazmağı  planlaşdırarkən, daha doğrusu işlədiyi  bir   zmandı əsdi qara yellər, üfürdü ocoğın külün…

 

Müharibənin ən qaynar zamanında cəbhəyə çağrıldı Ərtoğrul. 1942- ci ilin Fevral ayının 22-də. Lakin onu çağırışçılardan fərqləndirərək, məhz “xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Tiflisdəki  fəhlə  batalyonuna işləməyə göndərdilər. Dözülməz şərait onun az vaxtda ömrnə qənim kəsildi. Ağır ciyər xəstəliyinə düçar olan gənc istedad  o  zman atasının tanışı olan Əziz Şərifin dəstəyi ilə Naxçıvana gətirilmiş, 1943- cü il 14 noyabr tarixində burada vəfat etmişdir. Nakam oğulun yasına nə ana, nə bacı gələ bilməmişdi. Dövrün  zalım sınaqları, qanlı  qadağaları Mişkinaz  xanıma Bakıdan kənara çıxmaq icazəsini  yasaq etmişdi.

 

Ərtoğrul Cavidin məzarı 53 ildən sonra  ümummilli lider Heydər Əliyevin dəstəyi ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülmüşdür. Əziz valideynləri ilə birlikdə Ərtoğrulun məzarı qədirbilən xalqımız tərəfindən sevilir, daima yad edilir, əbədi olaraq sevgi işığında yad ediləcəkdir.

Ruhun şad olsun, nakam oğul, Vətən torpağında 100 il öncə doğulan işığın əbədi  ölümsüzlük  zəncirinin böyük eşqlə yad edilən həlqəsidir.

Bu  həlqələri  birləşdirən  Vətən  sevdası  onların  heç  zaman qırılmasına  izn  verməyəcəkdir.

Bədirə  Rza  Həsənqızı

 

 

 

Share: