“İndi mart baxışlı, yanvar saçlıyam…”- Əsmər Hüseyn Xan…

Bir də baxışına ehtiyaclıyam…
(Əsmər Hüseyn Xan)
Mən ömrü yağışlı, çətirsiz qadın,
İslanırdı kipriklərim, tellərim…
Gəlişin bağçama bahar gətirdi,
Gedişinlə xəzan oldu güllərim.
 
Ən son ümidimi, son yarpaq kimi,
Yağış yudu, dolu döydü, üzüldü…
Gizlətdim özümü gün işığından,
Göz yaşlarım pəncərəmdən süzüldü…
 
Hansı fəsildəyik? İtib yaddaşım,
İndi mart baxışlı, yanvar saçlıyam.
Payız nəfəsinə, xəzəl səsinə,
Bir də baxışına ehtiyaclıyam…
Bəzən…
Bəzən birinin ölümündən sonra
Yoxluğunda,
Bir zamanlar var olduğunu sübut edən
Ya gərək şəkil ola,
Ya da şahidlər…
 
Bəzən ağ günlərdən
O ən qara gün üçün saxlamaq lazımdı.
O ağ günün də, bir qaradan sonra gəldiyini sübut edən
Ya gərək şəkil ola,
Ya da şahidlər…
 
Bəzən qocalıqda,
         nə vaxtsa cavan olduğna inanmaz insan.
Və ən pisi –
Onda nə şəkildəki özü düşər yada,
Nə şahidləri qalmış olar dünyada…
Gedirəm…
Külək işıq dirəkləriylə saçyolduya çıxır,
Qəribə rahatlıq var bu uğultuda.
Mənsə…
Mənsə bu küləyi,
bu işığı,
bu dirəyi,
bir də, bir də səni tərk edirəm.
Yorğun bədənimdən geridə qalan sürünən kölgəmlə
Gedirəm…
Heç olmasa
Son dəfə,
Son dəfə baxım sənə..
Əllərini havada yellə…
Sənin əllərində çarmıxın izi,
Sənin ruhunda məryəm saflığı,
Sənin dilində Allahın sözü.
Mənim qəlbimdə şeytan xofluğu,
Gedənlərin olmur dönmək arzusu.
Arxamca atdığın bir ovuc saf su,
Buxar oldu…
Yağış oldu,
Yox oldu.
Gedirəm…
Bu yarıya çatmış ömrüm
harda bitər, bilmirəm…
Müstəqil.AZ
Share: