Yeniyetmələr arasında 1200 abort? – Özümüzə böhtan atırıq

Son aylar Azərbaycanda yetkinlik yaşına çatmayanlar arasında 1200 abort faktı ilə bağlı qeyri-rəsmi statistika müzakirələrə səbəb olub.

Müstəqil.Az bildirir ki, mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Axar.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

– Bu yaxınlarda 15-18 yaşlı yeniyetmələr arasında abort halları ilə bağlı məlumata münasibətiniz böyük maraq doğurdu. Bu yaş aralığında abort olunan 1200 nəfərin müxtəlif kateqoriyalara aid ola biləcəyini qeyd etmişdiniz…

– Əvvəlcə deyim ki, həmin statistika qeyri-rəsmidir və mən onu Sumqayıtdan olan qeyri-hökumət təşkilatının rəhbərinin müsahibəsində görmüşdüm. Hətta o qeyd eləmişdi ki, gizli abortlar da var. Əslində, gizli abort mümkün deyil. Çünki heç bir həkim qanunsuz olaraq azyaşlını abort etməz. Himayədarı olmadan qanun buna icazə vermir. Mənim iradım ondan ibarət idi ki, bu məlumatlar yayılarkən kateqoriyaların olmaması həyəcan yaradır, azyaşlı qızlar haqqında xoşagəlməz fikirlər formalaşır.

Düşünürəm ki, statistikada həmin abortların mənşəyi, erkən nikahdan olub-olmaması və ya qızın sərbəst həyat tərzi sürməsi göstərilməlidir. Bu məlumatlar dəqiq kateqoriyalarla verilsəydi, onda bizim təsəvvürümüz tamamilə başqa olardı. Belə olan halda hansı tərəfdə daha çox problem olduğunu anlaya bilərdik. Ümumi, qeyri-rəsmi rəqəm bizə imkan vermir ki, reallığı görə bilək.

– Bəs, real rəqəm qeyd etdiyiniz qədərdirsə, bunu böyük rəqəm hesab etmək olarmı?

– İstənilən halda bu, faciəvi rəqəm deyil. Başqa ölkələrlə müqayisədə çox kiçik rəqəmdir. Olsun 100, 300 və ya 1200 nəfər. Amma biz bilməliyik ki, bu hansı sosial qrupdan olan uşaqlardır. Hər halda say az da olsa, çox da olsa, səbəbini araşdırıb tapmalıyıq. 18 yaşında abortları hardasa başa düşmək olar. Bu yaşda qızlar ərə verilə bilər, amma 15-16 yaş artıq sual doğurur.

Amma söhbət ondan gedir ki, bu, ümumi emosional informasiyadır və qızlara qarşı yönəlib. Sabah istənilən ailədə təsəvvür formalaşacaq ki, 15-16 yaşlı qızlar abort edir. Bu da ona gətirib çıxaracaq ki, onları evdən bayıra buraxmayacaqlar və ya başqa məhdudiyyətlər qoyacaqlar.

Məsələn, məişət zorakılığında ölüm hallarını götürək. Daxili İşlər Nazirliyinin statistikasında konkret göstərilmir ki, bu, qəsdən adamöldürmədir. Mən hardan bilim ki, burada ailədaxili zorakılıqdır, yoxsa başqa məsələdir. Ona görə də Statistika Komitəsi bunları ayrı-ayrı təqdim etməlidir, kateqoriyalaşdırmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayır ki, 365 min əlil qadın var. Amma əlilliyin də müxtəlif səbəbləri var. Nəzərə almaq lazımdır ki, əlil qadınların içərisində anadangəlmə əlil olanlar, sonradan əlil vəziyyətinə düşənlər, məişət zorakılığı zəminində döyülərək aldığı xəsarətə görə əlillik dərəcəsi alanlar var… Mən tədqiqatçı kimi bunu öyrənmək istəyirəm. Bilmək istəyirəm ki, məişət zorakılığı zəminində əlillik qazanmış şəxslər neçə nəfərdir. Bu baxımdan məsələlərə aydınlıq gətirilməsi və müəyyən olunmuş istiqamətlərdə problemin həlli üçün işlər görülməsi vacibdir. Yetərli statistika olmalıdır ki, harda, necə problem olduğunu müəyyənləşdirək və buna qarşı tədbir alaq.

– Bu rəqəmlər mediada yayıldıqdan sonra sosial şəbəkələrdə çoxsaylı tənqidlər yazırdılar ki, ailə dəyərləri dağılıb və s.

– Əlbəttə 1200 rəqəmi Azərbaycan reallığında. ailə dəyərlərimizə görə mənə də çox göründü. Ona görə qeyd etmişdim ki, bu, emosional, qıcıqlandırıcı informasiyadır. Hətta bu rəqəm doğrudursa belə, biz bilmirik ki, bu abortların neçəsi erkən nikahların payına düşür. Axı, təəssüf ki, bizdə erkən nikahlar var və həmin qızlar aborta gələndə rəsmi nikah kağızı da təqdim edə bilmirlər, nəticədə isə abortları “yetkinlik yaşına çatmayanların” siyahısına düşür.

Həmçinin biz bilmirik, bunun neçəsi nəzarətsiz uşaqların hesabınadır…

– “Nəzarətsiz uşaqlar” deyəndə konkret hansı halları nəzərdə tutursunuz?

– Müasir dövr tələb edir ki, dolanmaq üçün ailənin bir deyil, bir neçə üzvü işləsin. Ona görə də bu gün əksər ata-ana bütün günü işdə olur. Uşağın nəzarət mexanizmi bəzi hallarda düşünülmür. Ya buna imkan olmur, ya ailənin dayə tutmağa maddi imkanı çatmır, ya da yaxın ərazidə uşaqlar üçün mərkəzlər yoxdur ki, orada məşğələlərə getsinlər.

ƏƏSMN belə mərkəzlərin açılmasına təkan verir. QHT vasitəsilə uşaq müəssisələrinin açılması, onların asudə vaxtlarının təşkili və s. həyata keçirilir.

Məsələn, bizim sığınacaqdakı qadınlar işləməyə gedəndə və ya sığınacaqdan çıxıb müstəqil yaşamağa başlayanda ilk növbədə onlardan soruşuram ki, uşaqların nəzarət mexanizmi necə olacaq. Yəni valideyn işini elə qurmalıdır ki, uşaqlar nəzarətsiz qalmasın. Çünki müxtəlif şəxslər uşaqları aldada, onları intim münasibətlərə cəlb edə bilər.

Nəzarət həm də ona görə vacibdir ki, gənclərin dünyagörüşündə müasirlik fərqli qəbul olunur. Bütün bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır.

– Dövlət Statistika Komitəsinin rəsmi hesabatına əsasən, 15-17 yaşlılar arasında 2012-ci ildə 63, 2013-cü ildə 88, 2014-cü ildə 88, 2015-ci ildə 50, 2016-cı ildə 19 abort halı qeydə alınıb. Son 2 ilin statistikası açıqlanmasa da, əvvəlki illərlə müqayisədə ötən il ərzində 1200 abort edilməsi ilə bağlı açıqlanan rəqəm şişirdilmiş görünür. Rəqəmlər arasında bu qədər fərqin olmasına necə baxırsınız?

– Bu məsələ gizlədilsə, QHT-lər və ya mətbuat hüquq-mühafizə orqanlarını, Səhiyyə Nazirliyini faktı gizlətməkdə ittiham edəcək, bunu başqa maraqlar və hallarla əlaqələndirəcək. Bizim qanunvericilikdə əsas məsələlərdən biri şəffaflığın təmin olunmasıdır. O baxımdan onların borcudur ki, tam informasiyanı yaysınlar.

Bəzi hallarda Səhiyyə Nazirliyi ilə Daxili İşlər Nazirliyinin yaydığı məlumatlarda uyğunsuzluq olur. Məsələn, bənzər hadisə ötən il baş vermişdi. Yeni doğulan uşaqlarla bağlı Ədliyyə Nazirliyinin statistikası ilə Səhiyyə Nazirliyinin yaydığı məlumat uyğun gəlmirdi. Çoxları bunu da ajiotaja çevirdi. Amma bir məsələ var ki, sənədsiz doğulan uşaqların qeydiyyatı aparılmır. Belə olan halda rəqəmlərdə fərqlilik yaranır. Yəni bənzər halların təkrarlanması mümkündür.

 

Share: