26 İLDİR TELEFON DİRƏYİNDƏN ASILI QALMIŞ ÜMİDLƏR…- Şəhla Vahid

23 avqust 1993-cü il.

Gecədən başlayan atışma daha da şiddətlənmişdi. Sabaha kimi nənəm Allahın ətəyindən tutmuşdu, mən də nənəmin. Ətraf kəndlərdə yanan evlərdən qalxan alovların, göy üzündə parlayan güllələrin işığından hər tərəf qırmızı  rəngə boyanmışdı. Elə bil hər yan qan gölü içində idi. Yanıq qoxusu ətrafı bürümüşdü. Bu sabah quşların cikkiltisi, xoruzun səsi eşidilmədən açıldı. Günəş yaralı əsgər kimi sürünə-sürünə yuxarıya doğru qalxmağa başlamışdı.

Döyüş gedən rayonlar tərəfdən sabaha qədər gələn insan, heyvan köçünün ardı-arası kəsilmirdi. Nənəm əlini gözünün üstdə qoyub ağlaya-ağlaya gələn insan köçünə baxıb nigaran-nigaran dedi:

-Yox, bu döyüş heç bir döyüşə bənzəmir, deyəsən vəziyyət çox pisdir.

Beləcə həyacan, qorxu, yanıq qoxusu içində axşam düşməyə başlamışdı. Bu dəfə Günəş nigaran ana kimi göy üzündən asılıb qalmışdı, sanki olanları görmək üçün Yer üzünə işıq tutmağa çalışırdı. Axşam saat 10-a işləmiş xəbər yayıldı: “Füzuli rayonunu işğal etdilər, hamı kənddən çıxsın!”

Artıq tankların, topların səsi lap yaxınlıqdan eşidilirdi. Əsgərlər hündürdən qışqırırdılar:

“Kənddə kim qalıbsa çıxsın, artıq hücumun qarşısını ala bilmirik!”

Nənəm həyətdəki telefon dirəyini qucaqlamışdı, mən də nənəmin dizlərini.

“Mən heç yerə getmirəm, qoy, məni evimdə öldürsünlər” – deyən nənəmi dirəkdən qopara bilmirdilər. Atışma səsi daha da yaxınlaşırdı. İnsanların səsi heyvanların səsinə qarışmışdı. Qonşular ağlaşan arvad-uşağı maşınlara doldurur, getdikcə kənd vahiməli bir səsə bürünürdü. Nənəmin başını qatıb qoluna iynə vurdular. Nənəm telefon dirəyindən qopdu,mən də nənəmin dizlərindən. Bizi maşına yığıb güllə yağışı altında kənddən çıxardılar. Uzaqlaşdıqca yanıq qoxusu, tankların-topların səsi, əsgərlərin “Ya Allah” deyən çığırtıları qaranlığa qarışıb itirdi.

Müharibənin, düşmənin, ölümün nə demək olduğunu hələ yaxşı dərk etməyən uşaqlıq yaddaşımı güllələdilər o yurdda o gecə.

Ümidlərimiz, arzularımız, xoş günlərimiz həyətimizdəki telefon dirəyindən asılı qaldı.

 

Mahnılarda oynadıq,

Bayatıda ağladıq,

Ağlamaqdan doymadıq

Biz səni, Vətən!

 

Küçə-küçə itirdik,

Köçə-köçə itirdik,

Keçə-keçə itirdik

Biz səni, Vətən.

Şəhla Vahid

Share: