“Yat qızım”
( Qəmər  )

Daha “amin” sözünü çıxardım lüğətimdən,
Daha ovuclarıma dualarım da sığmır.
Ölü arzularımı bürümüşəm kəfənə,
Gözlərimin şərqindən daha Günəş də çıxmır.

Daha ürəyimin də qapısın kilidlədim,
O uca boy oğlan da çəkildi yolum üstən.
Mən özüm öz qəlbimi dəfn elədim təkliyə,
Sevgi də ummamışdım doğma bildiyim kəstən.

Indi fərqim də yoxdur qapqara daş bütlərdən,
Itmişəm həyatımın milyon il öncəsində.
Mən o vaxtı var idim,indi yoxam,ölmüşəm,
Çırpınıram əzabın,yalanın pəncəsində.

Bu ömür də arxamca ilan kimi sürünüb,
Elə bil ki,zəhərin töküb ümidlərimə.
Dilim ağzım içində dilim-dilim doğranıb,
Nə gərəkdir özümün yersiz öyüdlərimə?!

Indi ümidlərimin solğun qürub vaxtıdır,
Sönür bütün inamım gözlərimin içində.
Qəfil Tanrı ovcuma qoydu Ayı,Günəşi,
Ümidimi oxşadı,işıq yandı içimdə.

Sonra səpib başıma ovucla ulduzları,
Saçlarıma ulduzdan işıqlı çələng hördü.
Axıdıb gözlərimə bulaq kimi yuxumu,
“Yat qızım,yeni günə ümidlə oyan”- dedi.

Daha “evcik” oynamıram…

Çəhrayı xəyallarımın,
Üzü çoxdandı bozarıb.
Daha “evcik”oynamıram,
Mənim oynadığım evin,
İçini çoxdan toz alıb.

“Qızım”a-gəlinciyimə,
Lay-lay oxuya bilmirəm,
Dilim ağzımda quruyur.
Elə bil ki, qucağım da,
Ölüm döşəyinə dönüb,
İndi”qızım”- gəlinciyim,
Özünü məndən qoruyur.

Sən də bitir bu inadı,
Yolumu,izimi itir.
Burax daha əllərimi,
Mənim ölüm çiçəklərim,
Gəlib düz əlimdə bitir.

Görərsən quş lələyində,
Qalxdım Allahın yanına.
Ruhumu da gizlədəcək,
Buludlar öz ətəyində,
Gəlməyəsən ha,yanıma!

Nə qədər ki,gec olmayıb,
Qayıt gəldiyin yol ilə,
Silinmədən ayaq izin.
Bağlıdır yolumuz bizim,
Yollar içimdə dolaşıb,
Sürünmə də dizin-dizin.

Hələ ki,yaşayıb ölək,
Gələn günə bir də baxaq.
Bu günü dünəndə qoyub,
Yenə də dünənki kimi,
Yenə də ürəyimizə,
“Olmaz”dan dəbilqə taxaq!

Müstəqil.Az

80 baxılıb