“Məni düzənlikdə tək-tənha qoyan, Bilmirmi zirvədə qarım qalıbdı…”Lilpar Cəmşidqızı

Müstəqil.Az şair Lilpar Cəmşidqızının yeni şeirlərini təqdim edir:

Yarım qalıbdı

Bir sönən ocağın közüyəm, indi,
Yerimdə işaran, qorum qalıbdı.
Saralmış xatirə dəftərim kimi,
Sevgi dastanım var, yarım qalıbdı.

Yorur düşüncələr, xəyallar məni,
Silinmir ömürdən, unudum qəmi.
Bülbül tərk eyləyib gülü, çəməni,
Bağçamda oxuyan, sarım qalıbdı.

Qazancım ayrılıq, həsrət olubdu,
Qəlbimə sevgi yox, nifrət dolubdu.
Məni yar eyləyən qürbət olubdu,
Vətəndə dövlətim, varım qalıbdı.

Kamanam, inlərəm qəm notlarında,
Nisgil var qəlbimin hər qatlarında.
Acısı incidən eşq çatlarında,
İsməti qoruyan, arım qalıbdı.

Bir xəyal incidir qəlbi hər zaman,
İtibdi simsarım olmayır, həyan.
Məni düzənlikdə tək-tənha qoyan,
Bilmirmi zirvədə, qarım qalıbdı.

Lilparam, qürbəti vətən eylədim,
Bağrımın başını dərdlə, teylədim.
İllərdi yuxuda xəyal söylədim
Məni məndən alan, yarım qalıbdı.

Yandırıb yaxır

İlk baharda gəlmədin, son baharda gəl, barı,
Qoy ərisin həsrətin bu soyuğu, bu qarı.
Bu sızlayan könlümün, sən ol dövləti, varı.
Ümidlərə arzular sanki, bir çələng taxır,
Hər baxışın könlümü burda yandırıb yaxır.

Biz ki, belə dünyaya yaşamağa gəlmişik,
Ömrümüzü kül edib, gözlərini dəlmişik.
Bir ürəyik, bir bədən, bir də qoşa əlmişik.
Göydə buludlarda bax, sanki oynayır, çaxır,
Hər baxışın könlümü burda yandırıb yaxır.

Ay ümidim, pənahım, yaşamağım yalandı,
Sənsiz olan taleyim dağılıbdı, talandı.
Qönçə təkin yaranan, son baharda solandı.
Solan ümidlərimiz yuxulardan hey baxır,
Hər baxışın könlümü burda yandırıb yaxır.

Həsrətini çəkəndən, bilmirəm nə tərzdəyəm,
Yox təbibim, loğmanım, gör necə bir xəstəyəm.
Görmədinmi sənsizəm,kimsəsizəm, nəsdəyəm.
Söylə mənə fikrini, söylə ki, bilim axır,
Hər baxışın könlümü, burda yandırıb yaxır.

Bu Lilparı salmısan məhəbbətin oduna,
Yetməmisən bircə kəs, harayına, dadına.
Sən ki onu satmısan, özgə gülə, qadına,
Xəyanətin neyləsəm, məni öldürür, yıxır,
Hər baxışın könlümü, burda yandırıb, yaxır.

 

 

Qəzəl

Gəldi hicran gecəsi, gözlərimi darə çəkən,
Ovudan gözlərimi, könlümü həm zarə çəkən.

İstədim yari görüm, mən yenə əğyariləyəm,
Gəlmədi bircə kərə, könlümə ol yarə çəkən.

Ömrümü yazdı Xuda, bəxtimi heç yazmadı ki,
Belə bir bəxti mənə yazdı fələk, tarə çəkən.

Bülbülə söylədilər, eyləməsin ahü-fəğan,
Bülbülü olmadı heç, bağ(i)də gülzarə çəkən.

Bir zamanlar məni görməzdi gözün, söylə görüm,
Nə səbəbdir görəsən, qəlbini Lilparə çəkən?

 

Görəndən görənə….

Düşürəm halə necə, yari görəndən görənə,
Necə pərvanə yanır, nari görəndən görənə.

Yenə zülfüm dağılıb haləsi tutqun görünür,
Tökürəm göz yaşı ol tari görəndən görənə.

Mənə bir çarə yetir, aşiqə möhtac biriyəm,
Eşidim xoş sözü mən, bari görəndən görənə.

Necə bülbül yaşasın, seyri-çəmənzarə gəlib?
Gülə həsrətdi yaman, xari görəndən görənə.

Tutulub Göy üzü, Göylərdə buludlar dolaşır,
Dəyişir hali də, Lilpari görəndən görənə.

Müstəqil.Az
Share: