“Bir də görərsən ki, qəfil ölübsən…”- Aygün Sadiq

MƏNƏ BİR ŞEY OLSA
Aygün Sadiq
 
-Mənə bir şey olsa, ağlayarsanmı?
-Sənə bir şey olmaq? Bu, asan deyil.
Mən ki yanındayam, demək, bu qadın
Daha kədər nədir tanıyan deyil.
 
Mənim suallarım yersiz görünmüş,
Sənin cavabların əmin və qəti
(Subaykən bilməzdim, dəyişilərmiş
Könül sirdaşımın səmimiyyəti!),
 
-Mənə bir şey olsa…
– Dəyiş söhbəti,
Son günlər nə üçün kövrəlib qəlbin?
Kədərin hardadır o cəsarəti
Mənim qadınımın ömrünə girsin?
 
-Mənə bir şey olsa…
-Başlama yenə,
Tamam əsəbimi tarım çəkibsən,
Bu gün işimdə də gedib dərinə
Rəhbərə dedim ki: “Çıxıram işdən”.
 
-Mənə bir şey olsa….
-Allah eşqinə,
İmkan ver, bir dəfə dincəlim axı,
Elə yorğunam ki, bazar gününü
Anbaan gözlədim, gəzməyə çıxım.
 
-Mənə bir şey olsa…
-Nə edim? Söylə,
Hər dəfə eyni şey soruşdun, adam,
Qəsdənmi edirsən, sən bilə-bilə?
Eyni cür sualın bezdirir tamam,
 
Elə eləmə ki, nəhz danışıqdan
Yorulub səninlə ülfəti kəsim,
Qoy təkcə danışaq qazdan-işıqdan,
Mənə qalmayıb ki dərdi heç kəsin.
 
Daha soruşmadım o sualı mən…
Səssizcə döyündü inciyən ürək.
Sən bir taleyə bax, xəstə mən ikən
Ölüm onu aldı qəfil gələrək.
 
Mənə bir şey oldu…
Ağladım az-maz
Üç dənə balamın atası üçün
(Həqiqi yaşları göz əsirgədi
Həyat yoldaşımın öldüyü o gün).
 
Gözlərim qıymadı ağlaya ona,
Dedi: ” Nə verdi ki, kədərdən savay?
Bizi güldürməyən, qaba insana
Yoxsa ağlayaqmı? Bizi məzur say.
 
Gözlər haqlı idi… Bircə dəfə də
Verdiyi diqqəti görmədi ondan,
Ürək də dilləndi o ərəfədə,
Dedi: ” İncidərdi məni də yaman”.
 
Bəli, əzizlərim… Ölüm vaxt demir,
Cavabsız qoymayın siz sualları,
Bir də görərsən ki, qəfil ölübsən,
Səni götürürlər məzara sarı.
Müstəqil.Az
Share: