“Vətən üçün iki əsgər yetişdirirəm”
 
“Orduda xidmət etməyən heç kəs cəmiyyətdə hörmət qazana bilməz” – kapitan Abdullayevin qeyd dəftərini vərəqləyərkən ilk səhifənin yuxarı sol küncündə yazılmış bu cümlə diqqətimi cəlb etdi. Hər bir sözün üstündə bir neçə saniyə dayanmaqla cümləni təkrar-təkrar oxudum. Hər cür pafosdan, mübaliğədən uzaq olan bu cümlədə nə qədər vətən məhəbbəti, xalq sevgisi var idi. Bu cümlənin təsiri altında Əhmədin Türkiyədə təhsil aldığı hərbi məktəbdən xatirə qalmış kitabı əlimə alıram. Əhməd haqqında hamının müsbət rəy yazdığının şahidi oluram. Bu məqamda gözümə bir şeir dəyir:
“Kurtuluş, ey nazlı, sevimli peri,
Gönüldən vurğundur sana Azeri.
Dişimle kırarım, bir gün gelirde
Bağrına saplanan kanlı hanceri.
Yaşa, ey hasretle doğan İstiklal!
Yaşa ey Türk, yaşa ey güzel Hilal!”
Gözümün önündə böyük Turan eli canlanır: Türk ərənləri düşmənləri məğlub edib ana torpağı yağılardan xilas ediblər. İki qardaşın əbədi varlığının sübutu olan al və üçrəngli bayraq Turan səmalarında əzəmətlə dalğalanır. “Çırpınırdı Kara deniz” şərqisinin altında iki yenilməz türk bayrağının məğrur görünüşünü seyr edirəm…
“Əhməd vətənini, torpağını çox sevirdi. Bu şeiri də o yazıb” – Ulduz xanımın səsi məni daldığım xəyaldan ayırır. Firuzə ananın danışığını dinlədikcə Əhmədin uşaqlıq illərinə səyahət edirəm…
1976-cı il iyul ayının 30-da Cəlilabad rayonunda anadan olmuşdu Əhməd. Orta məktəbi bitirib sənədlərini hərbi liseyə verdi. Torpaqlarımızın düşmən tapdağı altında qalmasına göz yuma bilməyən igid vətən oğlu hər an düşmənlə üz-üzə gəlib ona layiqli cavab verməyə səbirsizlənirdi. Liseyi bitirdikdən sonra dörd il İstanbulda, dörd il Ankarada təhsil alan Əhməd artıq hərbin sirlərinə dərindən yiyələnmişdi. Artıq vətənə dönüb torpağın müdafiəsində dayanmaq vaxtı idi. 2000-ci ildə Azərbaycana qayıdan Əhməd Gəncədə “N” saylı hərbi hissədə çalışmağa başladı. Bir müddət sonra könüllü olaraq Tərtərə göndərildi.
2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Əhmədlə Fərid düşmən səngərinə tərəf yol aldılar. Onlar bu gecəyə çoxdan hazırlaşmışdılar. Fəridlə Əhməd bir qədər irəlidə, bir neçə əsgər isə arxada gəlirdi. Güllə yağışı altında irəliləyən cəsur hərbçilərin ürəyində vətən sevgisi, dilində “Vətən sağ olsun” cümləsi var idi. Atılan güllələrə fikir vermədən irəli sürünərkən düşmən gülləsi Əhmədi yaraladı. Lakin o buna rəğmən Fəridin ardınca gəlmək istəyirdi. Fərid Əhmədi yaralı əsgərləri geri aparmağa razı sala bildi, özü isə düşmən səngərinə atıldı. Əhməd əsgərləri geri göndərib yenidən Fəridin ardınca gedərkən növbəti dəfə yaralandı və geri dönməyə məcbur oldu. Bütün yolu sürünə-sürünə gəldiyindən büsbütün toz içində idi. Yaralı halda belə Fəridin düşmən səngərində qaldığına, onu gətirə bilmədiyinə heyifsilənirdi. Əhmədi öz səngərimizə gətirsələr də həyatını xilas etmək mümkün olmadı. Çoxlu qan itirdiyindən igid kapitan həyata vida etdi. Dostunun ona göndərdiyi “Özündən, əsgərlərindən,Vətəndən muğayat ol!” mesajını oxuya bilmədi…
Əhmədin iki əsgəri – oğlanları Hüseyn və Nihad atalarının müqəddəs bir vəzifə uğrunda həlak olub ən uca mərtəbəyə yüksəldiyini bildiklərindən onunla fəxr edir, ataları kimi vətənə, xalqa layiq, sədaqətli vətəndaş olmağa çalışırlar.
Düşmən torpaqlarımıza soxulmasaydı bu gün 43 yaşını qeyd edəcəkdi Əhməd. Lakin 34 yaşında göstəridyi şücaət onu ölümsüzləşdirdi, zirvəyə ucaldıb ən yüksək məqamda bərqarar etdi. Torpaq, millət uğrunda canını fəda edən hər bir vətən oğlu bizim qəlbimizdə əbədi yaşayır! Bu səbəbdən də,Doğum günün qutlu olsun, eloğlu!
“Şəhadət sarayı” kitabı əsasında,
Sevil Gül Nur
99 baxılıb