Səbinə XOSİYEVA: Nə yaxşı səninlə gəldi bu payız, Kaş bütün fəsillər payıza dönsə

Səbinə XOSİYEVA: Nə yaxşı səninlə gəldi bu payız, Kaş bütün fəsillər payıza dönsə

 Müstəqil.AZ gənc şair Səbinə Xosiyevanın yeni şeirlərini təqdim edir

Üzüldüm.

Ay sevgilim, səma üzlüm, dənizim,
Heç üzülmə solub deyə bənizim.
Öz doğmaca atam məni, əzizim
Bir yad kimi unudanda üzüldüm.

Ömrüm keçdi öz-özümlə küsərək,
Neçə şeir yandırmışam, əsərək.
Hər gün bir az ümidimi kəsərək,
Göz yaşımı qurudanda üzüldüm.

Yandır, Allah, oda qala sən məni,
Yıxılmışam, sanma qala sən məni!
Öz sevdiyim qala-qala sən məni,
Başqasından yarıdanda üzüldüm.

Məni atan atamı da bilirəm,
O vəfasız adamı da bilirəm,
Gün yazmayan “xudam”ı da bilirəm,
Məni qəmlə qarıdanda üzüldüm.

 “Darıxsın”

Necə qıydın həsrətindən qol açıb qucaq darıxsın?
Söz üçün dodaq sıxılsın, səs üçün qulaq darıxsın.

Günəşə könül verərkən elə bir məsafə tut ki,
Nə yaxın durub kül etsin, nə qalıb uzaq darıxsın.

Zamanında yağsa yağmur, qurumaz çiçək budaqda,
Nə bulud xəsislik etsin, nə yaşıl budaq darıxsın.

Məni qəlbinin içində bu qədər buraxma yalqız,
Kimə xoş olar evində sıxılıb qonaq darıxsın.

Darayardın əllərinlə saçımı, gəl indi qoyma,
Nə saçım daraqsız olsun, nə də ki daraq darıxsın.

Kəs ümidi at kökündən, qoparıb kənara qoy ki ,
Nə ürək hərarət umsun, nə sönən ocaq darıxsın.

Qapımı nə yaxşı qonşum döyərək, çağırdı, getdim,
Elə istəyirdi sənsiz ürəyim bayaq darıxsın .

Sona çatsın ayrılıqlar qovuşa bütün sevənlər,
Gedilən nə yol üzülsün, nə də ki, ayaq darıxsın.

Unudar ,Səbinə,hər kəs ,elə bil heç olmayıbsan,
Bu ömürdən öz xoşuyla nə dadıb damaq darıxsın ?

 Bir payız günü 

Bir payız günüydü, bir payız günü,
Adamın dəlitək darıxan vaxtı.
O vaxt yadımdadır, arzumun üstdən
Göydən bir balaca ulduz da axdı.

Üç payız ötürdü mənim ulduzum,
Bilmirəm, gəzirdi hayanda səni.
Öpdüm o ulduzun sönən telindən,
Qəlbimin üstünə qoyanda səni.

Mən payızcanlıydım, əvvəldən elə,
Ölürdüm yağışda islanmaq üçün,
Təpədən-dırnağa darıxıb, susub,
Bir adam çiyninə yaslanmaq üçün.

Yağış necə yağır, narın, hüzurla,
Əlvida söyləyir yorğun illərə.
Mən necə sevməyim bu son baharı,
Qovuşub əllərim günəş əllərə.

Ən son uşaq idim belə güləndə,
Deyirdim: kaş yenə o qıza dönsəm.
Nə yaxşı səninlə gəldi bu payız,
Kaş bütün fəsillər payıza dönsə.

Bircə əllərini çəkmə əlimdən,
Getmə, qurban olum, atam deyilsən.
Tərk etmək insanın pis vərdişidi,
Şükür ki, payızsan, adam deyilsən…

*****

Həzin-həzin yağ yağış ,
Dayanma səhərəcən.
Bölüşəcəm səninlə ,
Sevincə ,qəhərəcən.

Qarışsın göz yaşlarım,
Sənin damcılarınla .
Bəlkə eyni rəngdədir,
Acım acılarınla ?

Sən buludun ağrısı,
Elə mən də bu yerin .
Başqadır,tamam başqa
Sənin məndəki yerin.

İslat,ruhumu islat,
Aç dilimin pasını,
Bəlkə birgə saxlayaq ,
Bu dünyanın yasını ?

İkimiz də ağlayaq,
Xəzəl olan yarpağa.
Tapşıraraq hər birin ,
Gecə-gecə torpağa.

Bir də yolun düşəndə,
Saçlarımdan sal küçə .
Könlümə sığal düşən,
Görüşərik bir gecə .

Sarılarıq yenə də ,
Göydən yerə əyilsən.
Bitməz sənə inamım,
Çünki insan deyilsən.

Daha qəlbim eşitmir,
Bircə kəlmə “bağışla”
Bu gündən ölənəcən,
Dostam təkcə yağışla…

*****

Bir az gecikmişdik bu sevdaya biz,
Bir az da tələsdik ayrılmaq üçün.
Arada hayqıran səssizliyimiz,
Bəhanə gəzirdi sarılmaq üçün.

Həsrətin səddini aşmışdıq o gün ,
Bəlkə də bir qədər, çaşmışıdıq o gün,
Dəniztək çağlayıb, coşmuşduq o gün,
Sonradan sular tək durulmaq üçün.

Daşlaşdı dodaqda şirin sözümüz,
Tuş gəldi kədərə gülən üzümüz ,
Yəqin darıxırmış nəmli gözümüz ,
Təzədən yollarda yorulmaq üçün .

Tufanlar qopardın sevgi bağımda,
Bir yarpaq qalmadı qol-budağımda,
Mən axı sevmədim cavan çağımda,
Hicranın odunda qovrulmaq üçün .

Qoşuldum payızda tənha quşlara ,
Sığındım dumanlı,çənli qışlara ,
Mən cığır açmadım aldanışlara,
Bir məna gəzmədim vurulmaq üçün .

Köçdü durnaları o boz çöllərin,
Qurudu çeşməsi dərin göllərin ,
Uçdu imarəti həmin illərin ,
Ayrılıq elində qurulmaq üçün.

Qorxmurdum heç nədən o vaxt yadında ?
Deyirdin nə gəzir hünər qadında ?
Bəlkə də onunçün hicran odunda ,
Yandırdın bağrımı yarılmaq üçün.

Son damla nektarı süz ,içəcəklər.
Soldunmu ,yanından düz keçəcəklər.
Bəlkə də yaranıb zərif çiçəklər,
Ən incə yerindən qırılmaq üçün…
*****

Daha yorulmuşam, deyə bilmirəm –
“Keçəcək, səbr elə, bu da keçəcək. ”
Don biçə bilməsəm bu ağrılara,
Ağrılar ömrümə bir “son” biçəcək.

Deyirəm ,bu ömrü asım tavandan,
Bir addım ötədi “bərzəx yuxusu”.
Bütün ümidlərim torpaq olandan,
Burnuma xoş gəlir torpaq qoxusu.

İlahi ,halımı görmədinmi heç ?
Hələ uşaqlığım ayaqyalındı…
Bu mənim sığalsız saçlarım, bu da
Qələm çəkmədiyin həmin alındı .

Hardasan, ilahi,axı hardasan?
O körpə balamın gözündəsənmi?
Məni ölümlərin əlindən alan,
-“Anacan” “anacan” -sözündəsənmi?

Əgər ordasansa bağışla ,Allah
Balamın gözünə bağışla məni.
Asdım o tavandan uşaqlığımı,
Sən “ana”sözünə bağışla məni…

Yenə qayıdıram ən başa ,yenə
Bəlkə də gözlərim suda keçəcək.
O körpə gözlərə, xırda əllərə ,
And olsun keçəcək, bu da keçəcək.

Share: