“Anadoludan- Xəzərə” adlı yazıçı- oxucu görüşünün açılış tədbiri Beynəlxalq Maarif məktəbində keçirildi

“Anadoludan- Xəzərə” adlı yazıçı- oxucu görüşünün açılış tədbiri Beynəlxalq Maarif məktəbində keçirildi

Türkiyə Cümhuriyyətinin “Anadolu Məktəbi” tərəfindən təşkil olunan “Azərbaycan və Türk Ədəbiyyatı Oxumaları”nın açılış tədbiri  4-7 oktyabr tarixlərində Azərbaycanda,   Beynəlxalq Maarif Məktəbləri Gənclik Mərkəzində keçirildi.

“Dildə, Fikirdə, İşdə Birlik” şüarı ilə təşkil edilən proqram çərçivəsində Türk və Azərbaycan ədəbiyyatının zəngin irsi, mənəvi dəyərləri və ədəbiyyat dünyasına töhfə vermiş görkəmli şəxsiyyətləri müzakirə olunmuşdur.

“Anadoludan Xəzərə” adlı yazıçı- oxucu görüşündə Türkiyədən gələn bir qrup tələbələr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən C.Məmmədquluzadə, Çəmənzəminli, B. Vahabzadə, Anar, Elçin, Sabir Rüstəmxanlı, Varis Yolçuyevin oxuduqları əsərlərinin izi ilə gəldiklərindən bəhs edib əsərlər haqqında öz fikirlərini bildirmişlər.

Tədbir rəsmi açılış nitqləri ilə başlamışdır: qonaqlardan Türkiyənin Azərbaycandakı səfiri, Cənab Birol Akgün, Maarif Məktəbinin təmsilçiləri, Yunus Əmrə universitetinin rəhbəri Gökhan Seyhan, yazıçı- tərcüməçı, Türk Ədəbiyyatı Jurnalının baş redaktoru İmdat Avşar və digər təşkilatçılar iki qardaş ölkə arasında ədəbi və mədəni əlaqələrin möhkəmləndirilməsinin vacibliyini xüsusi vurğulamışlar. Xalq şairi  Sabir Rüstəmxanlı tədbirdə çıxış edərək gənclərin bu cür ədəbi oxumalar vasitəsilə mənəvi irsimizə yiyələnmələrinin böyük əhəmiyyət daşıdığını qeyd etmiş, layihənin təşkilini yüksək qiymətləndirərək gənclərə dəyərli tövsiyələrini vermişdir. Sabir Rüstəmxanlı gənclərə imzalı kitablarını hədiyyə etmişdir.
Xəzər universitetinin tələbəsi Gülçöhrə Abbasovanın moderatorluğu ilə keçirilən açılış panelində Masal Özhekim, Sevde Orhan, Fatih Emre Oğur və Tülay Balıtatlı kimi gənc panelistlər  Azərbaycan ədəbiyyatı ilə bağlı  ədəbi təhlillər etmiş, məruzələrlə çıxış etmişlər.
Proqram şagirdlərin musiqi tövhələri, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş təntənəli bağlanışla yekunlaşmışdır.
Bu kimi əlamətdar tədbirlər gənc nəsillərin köklü ədəbi irsimizi tanımasına, mədəni körpülərin güclənməsinə və iki ölkə arasındakı qardaşlıq münasibətlərinin ədəbiyyat vasitəsilə daha da dərinləşməsinə xidmət edəcəkdir.

Share: